Vaxtilə, mərhum, sabiq Preziden Heydər Əliyev Naxçıvanda olarkən demişdir: "Naxçıvanda geniş abadlıq-qruculuq işləri, inkişaf göz qabağındadır, amma digər regionlarda heç nə hiss olunmur, görünür onlarda təşəbbüskarlıq çatışmır..."
Bu il mart ayının 7-də Milli Məclisin Deputat Korpusunda Sosial Siyasət Daimi Komissiyasının sədri Hadı Rəcəblidən "Şəkinin səsi" üçün müsahibə götürərkən, həm də bir neçə təşəbbs irəli sürdük. Bunlardan biri isə siqaretlə bağlı idi
"Aydın Məmmədov: Digər bir iradım isə siqaret barədədir. Hər yerdə siqaret çəkirlər. Siqaret çəkənlər, siqaret çəkməyənləri də, o cümlədən yeniyetmə uşaqları, qadınları da, özləri qədər zəhərləyirlər. Mən müntəzəm olaraq şəhər ətrafı marşrutdan istifadə edirəm. Mikroavtobusların nəinki, sürücüləri, hətta "kondoktur"ları da avtobusun içində siqaret çəkirlər. Sonra avtobusdan düşüb yeraltı tunellə Əzizbəyov metrosuna gedəndə, siqaret tüstüsündən göz-ğözü görmür. Axı bu tuneldən gündə minlərlə vətəndaş, o cümlədən siqaret çəkməyənlər, uşaqlar, qadınlar istifadə edirlər. Nəyə cörə onların qanlarına, canlarına, ciyərlərinə qorxulu, təhlükəli bir maddə hesab edilən nikotin hopmalıdır?
Hadı Rəcəbli: Tezliklə, ictimai yerlərdə siqareti ləğv edəcəyik."
Mənbə: 29.03.2008-ci il tarixli "Şəkinin səsi" qəzeti və bu qəzetin veb saytı
Riya.az veb saytının məlumatına görə isə dünən,
"Dekabrın 3-də Milli Məclisin Sosial siyasət daimi komissiyasının təşəbbüsü ilə tütün məmulatlarının istehlakının məhdudlaşdırılmasına dair tədbirlər barədə müzakirələr aparılıb.
Milli Məclisin Sosial siyasət komissiyasının sədri Hadi Rəcəbli bildirib ki, müzakirəyə çıxarılan məsələ cəmiyyəti narahat edən problemlərdəndir. Siqaretin sağlamlığa ciddi təsir göstərdiyini deyən H.Rəcəblinin sözlərinə görə, tütün məmulatlarının istehlakının məhdudlaşdırılması istiqamətində işlər aparılır. O, qeyd edib ki, ayrı-ayrı qanunlarda müəyyən məqamlar əksini tapsa da, bunlar problemin həlli üçün yetərli deyil.
"Biz bu qanunlara dəyişikliklər edə və ya yeni qanun layihəsi hazırlaya bilərik. Cərimələr tətbiq edilməsini nəzərdə tuturuqsa, onda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olunmalıdır. Amma bu məsələyə nəzarəti hansısa orqana həvalə etmək lazımdır. Qanunu pozanları polis, məhkəmə yaxud yeni yaradılmalı olan qurum cərimələməlidir. Bu məsələ ilə bağlı komissiyamızda işçi qrupu yaradılb və biz bu yöndə beynəlxalq təcrübəni öyrənirik. Bütün hallarda siqaretdən istifadənin artmasına qarşı mübarizəni gücləndirməliyik. Artıq tütün məmulatları epidemiya xarakteri alıb və bir çox xəstəliklərin kökündə durur", - deyə Rəcəbli bildirib.
Sosial siyasət komissiyasının sədr müavini, İşçi Qrupunun rəhbəri Musa Quliyev bildirib ki, millət vəkillərinin əksəriyyəti əvvəllər siqaretdən istifadəni məhdudlaşdıran qanunun qəbuluna razı olmayıblar. Amma Türkiyədə də belə bir qanunun qəbulundan sonra onların fikri dəyişib. M.Quliyevin sözlərinə görə, yeni qanunun hazırlanmasına ehtiyac yoxdur. Çünki bu yöndə qanunverici aktlar var. Xüsusilə 2001-ci ildə qəbul olunmuş "Tütün və tütün məmulatları haqqında" qanunda müəyyən qadağalar göstərilib. Amma həmin məsələnin icra mexanizmi yoxdur. Millət vəkilinin fikrincə, müvafiq qanunlara dəyişiklik etməklə qadağaları pozanlara qarşı cərimə sanksiyası tətbiq olunmalıdır.
Millət vəkili Qənirə Paşayeva isə bu yöndə yeni qanunun qəbul olunmasını təklif edib. Onun sözlərinə görə, artıq neçə illərdir ki, Türkiyədə, Avropa ölkələrində tütün məmulatlarını məhdudlaşdıran ayrıca qanunlar var. Millət vəkili deyib ki, məhdudlaşdırma Azərbaycanda tütün istehsalını azaltmayacaq. Çünki ölkəmizə bu məhsullar daha çox idxal olunur. Ölkədə siqaret çəkənlərin saynın artmaqda olduğunu deyən Q.Paşayeva bildirib ki, qapalı mühitdə siqaretdən istifadə edənlər özlərindən çox ətrafdakılara ziyan vururlar. "Biz ilkin olaraq çalışmalıyıq ki, qapalı mühitdə siqaretdən istifadəni qadağan edək. Eyni zamanda, insanları tutub cərimələmək də əsas deyil. İnsanları maarifləndirmə yolu ilə bu zərərli vərdişdən uzaqlaşdırmaq lazımdır. Hansısa müəssisədə qadağanın pozulmasına görə vətəndaşı yox, həmin müəssiənin rəhbərini cərimələmək lazımdır”, - deyə Paşayeva vurğulayıb.
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz Əliquliyev tsə probelmdən çıxış yolu kimi tütün məmulatlarının qiymətinin artırılmasını təklif edib. “Siqaretin qiymətinin bahalaşdırılması da tütün məmulatlarından istifadəni azalda bilər”, - ekspert deyib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədr müavini Rövşən Rzayev təklif edib ki, bununla bağlı ayrıca qanun qəbul edilsin. “Bu məsələ ilə bağlı ayrı qanun olmalıdır. Amma komissiyanın mövqeyinə gəlincə, cərimələrlə bağlı İnzibati Xətalar Məcəlləsinnin 7-ci fəslinin 65-ci maddəsinə əlavə bənd daxil edilə bilər. Cərimənin miqdarının isə 100 manatdan 300 manatadək olması mümkündür”, Rzayev bildirib.
Sonda H.Rəcəbli deyib ki, bu məsələ ilə bağlı qanunlar yenidən nəzərdən keçiriləcək. Zərurət olarsa, yeni qanunun hazırlanması ilə bağlı parlament rəhbərliyinə məlumat veriləcək. Rəcəbli 10 gündən sonra məsələnin yenidən müzakirəyə çıxarılacağını bildirib.