RÖVZƏT DƏMİRÇİZADƏNİN YENİ KİTABI
Həmyerlimiz şair Rövzət Dəmirçizadənin “Dünyaya və özümə bir baxış” adlı, 380 səhifəli yeni şeirlər kitabı işıq üzü görmüşdür.Bu kitab müəllifin oxucularla səkkizinci görüşüdür.“Təbib “nəşriyyatı tərəfindən nəfis tərtibatla buraxılmış topluya müəllifin əvvəlki kitablarında çap edilməyən, ancaq müxtəlif illərdə yazdığı şeirləri bir neçə başlıq altında daxıl edilmişdir. Rövzər müasirlərini düşündürən problemlərə toxunur, insan mənəviyyatında baş verən dəyişiklikləri oxucularla bölüşür. Son illərdə yaşadığımız ağrı-acılar,vətən,yurd həsrəti, kökcünlük dərdi,şəhidlərin müqəddəs ruhuna hörmət hissi bir çox şeirlərin ana xəttini təşkil edir.Şeirlərdə onun həyata,gerçəkliyə öz nəzər-nöqtəsini, duyma bucağını hiss etmək olur; insanın taleyi,daxili yaşantıları,dərd və sevgisindən söhbət açılır.Kitabdakı təmsillər,uşaqlar üçün yazılmış şeirlər və “Qısa sətirlər” də maraqla oxunur. Kitabın korrektoru S.Rəsulova, redaktoru C.Məmmədzadədir. Tanınmış jurnalist, şair Vahid Hüseyn “Taleyinin yazarı” adlı müqəddiməsiylə kitabı oxuculara təqdim etmişdir.
BÖYÜKLÜK
Ulu öndərimiz Heydər Əliyevə
Allah qismətinə böyüklük verdi,
Müqəddəs niyyətlər keçdi başından.
Xalqının arzusu, qayğısı, dərdi
Gündüzlü – gecəli durdu qarşında.
Qarışıq zamanda, qorxulu gündə
Qorxub çəkinmədən qabağa çıxdın.
Hünərli işinlə, müdrik sözünlə
Millətin başını bir yerə yığdın.
Xalqı uçuruma aparanlara
Dərs verib köməyə ilk çatan oldun.
Əlçatmaz xəyala qapılanlara
Əsil həqiqəti anladan oldun.
Əl çəkə bilməyib davalarından
Pislik edənlərə yaxşılıq etdin.
Keçib suçlarından, günahlarından
Sən neçə namərdə mərdlik öyrətdin.
Hər səpilən toxum göyərmir deyə
Əvvəldən axırı fikirləşirsən.
Sabahı bu gündən qoyub çəkiyə
Ağlın işığıyla yolu seçirsən.
Gündəlik işində dərin düşüncə,
Məramın həmişə ali məramdır.
Ən böyük istedad sahibi ,məncə
Böyüklük eləyə bilən adamdır.
Böyüklük eləmək istəyən kəslər
Demirəm xəyali göylərdən ensin.
Böyüklük eləmək istəyən kəslər
Baxıb, böyüklüyü səndən öyrənsin.
Böyüklük eşqinə düşənlər qəti
Bilsin ki, istəklə, həvəslə olmur.
Böyüklük eləmək qabiliyyəti
Allah vergisidir, hər kəsdə olmur.
Xalqın sevincində, dərdi-sərində
Xalqdan yüksəlmisən, xalqa enmisən.
Vətəni ucaldan əməllərinlə
Yaşaya-yaşaya ucalmısan sən.
Qaranlıq məqama gur işıq saldın
Yanmayanların da yandın yerinə.
Sən uca, əlçatmaz bir zirvə oldun,
Qarışdın dünyanın zirvələrinə.
1994
SÖZÜN İŞIĞI
Əməkdar jurnalist
Salis Məmmədova
İllər gəlib keçdi əsən yel kimi,
Ömrümün hər sətrin, sözün işığı.
Başın qarışdıqca yazı-pozuya
Hopdu sətirlərə saç qaralığın.
Sən baxdın dünyaya ağlın gözüylə,
Daim öncül oldun söz yarışında.
Hələ Sovet vaxtı çoxu susanda
Bir addım dönmədin haqq savaşından.
Sözlərin torunda kütlə, oxucu
Axtarır könlünə yatan yazını.
Sən duydun qəlbinin həssaslığıyla
Dəyişkən zamanın ab-havasını.
Məramsız fikirdə böyüklük olmaz,
Gah nala, gah mıxa vuran yoruldu.
Durdun inamınla öncül sırada,
Məramın dövləti qorumaq oldu.