409/8

QURTULUŞ SÜLEYMANLI


 

                 VƏTƏNDAŞIN GÖZƏLLİYİ

 

Ən ülvi gözəllik, insanın mənəvi gözəlliyidir

                                                   (Müəllifdən)

 

İlk məhəbbət şəkər, baldı,

Gözəllik ağlımı aldı.

Gəncliyimdə donub qaldı,

İlin, yaşın gözəlliyi.

 

Təmiz sevgi gur işıqdı,

Sevən qəlb yara aşıqdı.

Gözəllərə yaraşıqdı,

Qələm-qaşın gözəlliyi.

Üz sifətin sevincidi,

Yanaq qırmızı incidi.

Gözəllikdə birincidi,

Ağıl-başın gözəlliyi.

 

Təbiət sərv ağacıdır,

Sağlamlığın əlacıdır.

Gözəlliyin şah tacıdır,

Torpaq-daşın gözəlliyi.

 

Qurtuluşam Vətən gülsün,

Hər sifətdən nur tökülsün.İstərdim ki, ölməz olsun,

Vətəndaşın gözəlliyi.

 

 

YANDI

 

Daimi həyat insanın yox, dünyanındır

                                      (Müəllifdən)

 

İsgəndəri fələk vurdu,

Firon suda boğuldu.

Hitler sonda dəli oldu,

Lenin adlı yoldaş yandı.

 

Yelisey Kişdə can verdi,

Nadir çox fərman verdi.   

Çələbi can qurban verdi,

O da yavaş-yavaş yandı.

 

 

Cavid getdi, Müşfiq getdi,

Satqınçılar kama yetdi.

Cəlladlıq tarixi bitdi,

Bağırovtək dikbaş yandı.

 

Qacarlar torpağa doldu,

Səddam Hüseyn yanıb soldu.

Napalyon tarimar oldu,

Zəhərləndi, göz-qaş yandı.

 

Vurğun yandı öz içində,

Qaldı milyon söz içində.

Ölməzləşdi göz içində,

Mir Cəlaltək sirdaş yandı.

 

Leylinin canı söküldü,

Əsliyə odlar töküldü.

Sevillərin bəxti güldü,

Etibarsız Balaş yandı.

 

Ayrı düşdü solum-sağım,

Yandı köküm, həm budağım.

Viran oldu Qarabağım,

Torpaq getdi, dağ-daş yandı.

 

Dünya durar ocaq üstə,

Yaxşı yaşar qucaq üstə.

Pislər yandı saçaq üstə,

Oldu qara lavaş yandı.

 

Öz-özümdən qüvvət aldım,

Halal zəhmətlə ucaldım.

Dörd yaşda anasız qaldım,

Neçə qohum-qardaş yandı.

 

Ay Qurtuluş bu sirrdi?

Yaşayan göy, bir yerdi.

Loğman da bir ömür sürdü,

Ağıl, zəka, o baş yandı.

 

 

                        RƏCƏBALI

 

(unudulmaz el sənətkarı, istedadlı musiqiçi

Məcnunun atasıməşhur zurna çalan Ələfsər

Şəkilinin sənət dostu Rəcəbalı Əliyevin 80 illiyinə)

 

Səninkidir bu el, ocaq,

Şəki, Oğuz, Qozlubucaq.

Tarixlərdə yaşayacaq,

Yadigarsan Rəcəbalı.

 

Taleyində min məna var,

Sevgi, məhəbbət, sevda var.

qədər ki, bu dünya var,

Sən varsan, rəcəbalı.

 

Ana yurdun Azərbaycan,

Torpaq altdan qalxıb oyan.

Unudulmaz, qocalmayan,

İxtiyarsan, Rəcəbalı.

 

"Heyvagülü", "Beşaçılan",

"Daşbulağı" oldu havan.  

Unudulmaz, yadda qalan,

Sənətkarsan, Rəcəbalı.

 

"Koroğlunun qaytarması",

"Qoz ağacı"-xalq havası.

Sənətinin güllü yazı,

İlk baharsan, Rəcəbalı.

 

Anan Saday, üç qardaşın,

Məcnun, Nuruş can sirdaşın.

Ələfsər, Sabir yoldaşın,

Zurna, tarsan Rəcəbalı.

 

Əslin vardır kökdə, soyda,

"Şəki rəqsi" çaldın toyda.

Şəki boyda, Oğuz boyda,

Bir diyarsan, Rəcəbalı.

 

Qurtuluşam, varım sözdə,

Sənətkarsan gözümüzdə.

Tarix boyu qəlbimizdə,

Yaşayarsan, Rəcəbalı.

 

 

"XAN SARAYI" BİZDƏDİR

 

Qədim Qafqaz ölkəsidir Şəkimiz,

Haqdan gələr qüdrətimiz, gücümüz.

"Sadəlikdir budağımız, kökümüz"

Tanrı verən ruzi payı bizdədir.  

 

Hüseyn Müstaqinin şah ehtişamı,

Nakamın, Cumanın dərdi, məramı.

Səbuhinin, Rəşid bəyin kəlamı,

Bəxiyarın şer payı bizdədir.

 

Düşmən varlığını alovlandıran,

"Gəlib-görəsən" məşəl yandıran.

Nadir şaha haqsızlığı qandıran,

Çələbinin haqqı-sayı bizdədir.

Gözəllərdə ilk məhəbbət həyası,

İnsanlıqdan yoğrulubdur mayası.

Şəfiqə səsidir "Gəlin qayası",

Zurna, muğam hay-harayı bizdədir.

 

Qurtuluşam, Şəki qədim vətənim,

Ana yurdum, evim, bağım, çəmənim.

Ələsgərim, Ələfsərim var mənim,

"Xan yaylağı", "Xan sarayı" bizdədir.

 

<<< Ana səhifə