Noyabrın 22-si həmyerlimiz mərhum Rasim Ocaqovun anadan olmasının 70-ci ildönümüdür. Bu münasibətlə mərhumun qızına məktub yazan Rüstəm İbrahimbəyov,  həmin gün Bakıda olacağını bildirir...


 

    Əzizim Cəmilə, artıq iki ildən çoxdur ki, atan və mənə qəlbən yəqin ki, ən yaxın dostum aramızda deyil. O sağ olanda, tənha bir yerdə görüşmək və onunla həyat, zaman, yaşam problemləri haqda təəssüratlarımızı bölüşmək imkanı var idi. Mənə elə gəlir ki, bizim görüşlərimiz onun üçün vacib idi.İnsan yaxınlarını itirməyə məhkumdur; zamanla tənhalığa doğru bu hərəkət sürətlənir. Amma səni başa düşə biləcək həmsöhbətə ehtiyac əvvəlki kimi qalır. Görünür, sənə bu məktubu yazmağa məni elə bu vadar edib.

    Biz səninlə az ünsiyyətdə olmuşuq, Cəmilə, amma sənin nəşrlərin məndə hər şeyin kommersiya müstəvisinə keçməsini qəbul etməməkdə bizim oxşarlığımız olduğu hissi yaradır. Və bizi ayıran yaş fərqinə baxmayaraq, sənin məndəki coşqunluğu anlayacağına ümid verir.

    Biz tez-tez mənasını heç də həmişə dəqiq ifadə edə bilmədiyimiz sözlərdən istifadə edirik, hətta onu kifayət qədər yaxşı duyduqda belə.

    Elita. Sanki aydın, geniş istifadə olunan anlayışdır. Elitar klub, elitar şirkət, elitar təhsil müəssisələri, elitar fahişələr, siyasi elita, müxtəlif peşələrin elitası, cinayət aləminin elitası… Bu siyahını davam etdirmək olar, amma aydındır ki, elitarlıq seçilmişlik, insan fəaliyyətinin bu və ya digər sahəsində müəyyən «yüksək təbəqəyə» aidlik deməkdir. < xml="true" ns="urn:schemas-microsoft-com:office:office" prefix="o" namespace="">

    Cəmilə, atan Azərbaycan kinematoqrafiya elitasının ən parlaq nümayəndəsi idi. Şəkidə anadan olmuş əyalət uşağı məktəbi bitirdikdən dərhal sonra Moskvaya getdi, ölkənin ən elitar ali məktəblərindən birini müvəffəqiyyətlə bitirdi və Bakıya qayıdıb, 70-80-ci illər Azərbaycan kinosuna daxili bütövlük bəxş edən «Ocaqov kinemotoqrafı»nı yaratdı. Ocaqovun filmləri olmasa bu dövrün kinematoqrafı müxtəlif dəyərli, gövdədən məhrum edilmiş ağac budaqları kimi dağınıq kino lentləri siyahısına parçalanır.

    Sənətimizdə elitar səviyyəyə çatmış həyatdan köçmüş və hazırda yaşayan daha bir sıra kinematoqrafçıların adını çəkmək olar. Vaxt və peşəkar ictimai rəy digər fəaliyyət sahələrinin də elit nümayəndələrinin adlarını müəyyən edib.

    Amma peşəkar elitanın hər bir nümayəndəsi xalqın gözündə növbəti və son dərəcəyə yüksələ bilər – milli elita səviyyəsinə; bunun üçün o, daha yüksək vətənaş keyfiyyətləri və mənəvi keyfiyyətlərə malik olmalıdır.

    Cəmilə, atan bu keyfiyyətlərə malik idi. O, heç vaxt yüksək vəzifəli insanların razılığını əldə etmək üçün onların uşaqlarını filmə çəkmirdi, ona dövlət mükafatları almağa kömək edə biləcək ssenarilərindən yapışmırdı, nə sovet vaxtında, nə sonrakı dövrlərdə hakimiyyəti mədh etmək üçün tribunaya çıxmırdı. O, təvazökar zəhmətkeş, tarladakı kəndli və ya mədəndəki fəhlə kimi hər gün əlləşib-vuruşurdu, xalqının həyatı, ənənələri, problemləri, sevinc və kədərləri haqda gerçəkləri danışırdı. Məhz öz əməyinə qarşı bu vicdanlı münasibət atanı – istənilən şəkildə özünüreklamdan qaçan qeyri-ictimai insanı xalqın ən yüksək səviyyədə qəbul və hörmət etdiyi insana çevirdi.

     Bununla yanaşı, Rasim Ocaqov göz önündə olan həqiqəti əsaslı şəkildə təsdiq edərək, ən parlaq bakılılardan biri oldu – Bakı sevimli paytaxt kimi də əyalətlərdən daimi insan axını olmadan böyüyə və inkişaf edə bilməz. Və «Bakı elitası»nın bir çox nümayəndələri – Azərbaycanın müxtəlif guşələrindən gəlmələrdir. Amma bu o demək deyil ki, Bakıya gələn, ali təhsil alan və yüksək vəzifə tutan hər kəs mükəmməl şəhərliyə çevrilib. Təəssüf, bu, kədərli həqiqətdir: nə vəzifə, nə təhsil insanı ziyalı etmir.

    Ziyalılıq – mənəvi dəyərlərin maddi dəyərlərdən üstün olduğu dünyagörüşüdür, idealları (siyasi, mənəvi, mədəni) olmaq və onlara yalnız sözlərdə deyil, hər cür xidmət etmək bacarığıdır.

    Ziyalını əsas məqsədi maddi rifahını artırmaq olan meşşandan (bəzən tamamilə təhsilli) fərqləndirən bir çox başqa keyfiyyətləri saymaq olar. Fəhlə, kəndli, həkim, mühəndis, yazıçı, musiqiçi, parlamentin deputatı, nazir ziyalı ola bilər. Amma rüşvət alan nazir və mövcud tariflə haqq ödəyib «xalq nümayəndələri» sırasına çıxan deputat ziyalı ola bilməz.

    Milli Məclisin parlamentimizin peşəkar səviyyəsinin aşağı olduğuna dəlalət edən reaksiyasına səbəb olmuş müsahibəmdə həyatımızın bütün sahələrində elitanı formalaşdıran karyera mexanizmində pozuntular olduğundan şikayətlənmişəm. Bu iddiamda israr edərək, qeyd etməliyəm ki, bu pozuntular müxtəlif xüsusiyyətlər səbəbindən baş verir. Məsələn, kinematoqrafda peşəkar elitanın sayının az olmasına səbəb gənc kinematoqrafçıların keyfiyyətli hazırlanmasında 12 illik fasilədir. Əgər 70-80-ci illərdə biz müntəzəm olaraq VQİK və digər nüfuzlu kinematoqrafiya təhsil müəssisələrinə respublikamızın nümayəndələrini göndərirdiksə, bu gün kinematoqraf mükəmməl təhsilli mütəxəssislərlə stabil olaraq təmin edilməkdən məhrumdur. Peşədə elitar yüksəkliyə isə, nadir müstəsnalarla, yaxşı təhsil olmadan nail olmaq olmaz.

    Məhz bu səbəbdən Azərbaycan prezidenti vəziyyəti yaxşılaşdırmaq ümidi verən fərmanlar verib, bu fərmanlarda Bakıda beynəlxalq kino məktəbinin yaradılması, dünya kinosunun böyük ustadlarının tədrisə cəlb edilməi, tələbələrin təhsil almaq üçün aparıcı kinematoqrafiyya ölkələrinə göndərilməsi, «Azərbaycanfilmin», Dövlət Film Fondunun texniki təchizatının yenilənməsi və s. nəzərdə tutulub.

    Amma prezidentin konkret reallaşma müddətləri göstərilən fərmanlarının dərc edilməsindən sonra bir ildən çox vaxt keçib, amma, təəssüf ki, təşkilati-maliyyə qərarlarının qəbulu uzanır. Nəticədə, milli kononun peşəkar elita ilə tamamlanmasında 12 illik fasilə daha 1-2 illik uzanır və kinomuzda bir neçə ildən sonra səviyyəcə Rasim Ocaqov sənətinə yaxın rejissor peyda olacağı ehtimalı əvvəlki kimi, çox kiçikdir.

    Əziz Cəmilə, noyabrın 22-də atanın 70 yaşı olacaqdı. Mən mütləq həmin gün ailənizlə birgə olmaq üçün Bakıya gələcəyəm.

    Amma bu gün sənə demək istəyirəm ki (və məktubumu ixtisarsız dərc etməyi xahiş edirəm), sən Rasim Ocaqovun mətnlərində həm jurnalistlik istedadı, həm vətənpərvərlik qeyrəti, həm vicdanlılığı birləşdirən layiqli qızısan. Bu, seçdiyin sənətdə elit yüksəkliklərə nail olmaq üçün zəruri keyfiyyətlərdir. Və bu, məni çox sevindirir, çünki bugünki jurnalistikamızın səviyyəsi daha yaxşısını arzu etməkdən başqa bir şey qoymur.

    Bununla əlaqədar olaraq, televiziya haqda da xatırlamağa məcburam – bir neçə verilişə baxmaq kifayətdir ki, xalqımızın həyatının çox aşağı keyfiyyətli, süni güllərdən olan çərçivə ilə primitiv, kəndistan zövqü ilə bəzədilmiş güzgüdə əks olunduğundan əmin olasan.

     Parlamentarilərimiz ölkənin siyasi elitası kimi qəbul edilmək istəyirlərsə, buna diqqət yetirməlidirlər.

     Mən ümumilikdə Milli Məclisi nəzərdə tuturam. Adbaad tərkibə gəlincə isə, Milli Məclisin üzvləri arasında ziyalı, istedadlı, vicdanlı insanlar da var və onların hər biri istənilən ölkənin parlamentini zinətləndirə bilər.

     Yeri gəlmişkən, gözəl jurnalistlərimiz, alimlərimiz də var, dahi yazıçılarımız da var, məşhur rəssamlarımız da var, dünya şöhrətli musiqiçilərimiz, əməkdar mühəndislərimiz də var və bu siyahı çox uzundur. Və bu insanların hər biri, şübhəsiz, tamamilə ziyalıdır. Amma təəssüf ki, onlar, yəni biz hamımız ümumilikdə Azərbaycan ziyalıları adlı birlik yaratmırıq. Biz ölkəmizin həyatına, vətənimizin həyat keyfiyyətini müəyyən edən hadisələrin gedişatına təsir edən ictimai güc kimi mövcud deyilik. Xüsusi mühakimələrimiz və fikirlərimiz vahid İctimai Rəydə yığılmır, bunsuz heç bir demokratik ölkənin normal mövcudluğu mümkün deyil. Və hər şey ona görədir ki, biz vətəndaş mövqeyimizi ifadə etməkdə çox qorxağıq.

     Mən heç də müxalifət xarakterli olmayan fəallığa çağırıram. Bu, hakimiyyət uğrunda mübarizə aparan peşəkar siyasətçilərin işidir (yeri gəlmişkən, onların arasında da elitar səviyyəli insanlar o qədər də çox deyil).

    Bu yaxınlarda keçirilən seçkilər göstərdi ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti ölkə prezidentinin fəaliyyətinə dəstək ifadə edib. Mədəniyyət işçiləri, xüsusən kinematoqrfistlər İlham Əliyevin lehinə səs verənlər sırasındadır. (Düşünürəm ki, milli kinonun inkişafı haqda fərmanların ortaya çıxması ilə əlaqədar olaraq, kinematoqrafistlər arasında prezident Əliyevin «lehinə» səs verənlərin faizi ümummilli faizdən çoxdur).

    Ymid edirəm ki, atanın yubileyi onun xatirəsinə layiqli şəkildə qeyd ediləcək. Mən təntənəlilik, şan-şöhrətliliyi nəzərdə tutmuram, - atan ömrü boyu bundan qaçırdı, - amma çox istərdim ki, bu günlərdə Azərbaycan sakinləri Rasim Ocaqov filmlərinin qəhrəmanlaır ilə televiziya ekranları və kinoteatrlarda görüşə bilsin və bu, onlara əsl insanların necə yaşadıqlarını və necə yaşamalı olduqlarını xatırladardı.

Rüstəm İbrahimbəyov

Mənbə:   http://www.contact.com.az/index.php?type=news&lang=az&news_id=8510

<<< Ana səhifə