"Şəkinin səsi"

Hadı Rəcəbli - 60 


      Mili Məclisin iş prinsiplərindən biri də budur ki, qrafik əsasında deputatlarından hər gün biri şikayətçiləri qəbul etməlidir. Bu qayda, Milli Məclisin Sosial-siyasət daimi komissiyasının sədri - Hadı Rəcəbli üçün də istisna deyil. Hadı müəllim Lənkərandan deputat seçilmişdir. Lakin maraqlıdır ki, onunla görüşmək üçün əvvəlcədən qəbula yazılmış şəxslərin çoxu şəkililərdir! Bəs Şəki əhalisinin Hadı Rəcəblinin yanına üz tutnasının səbəbi nədir?

   Hadı müəllim, vaxtilə - 1983-cü ilin sonlarından 1988-ci ilin axırlarına qədər Şəki rayonuna rəhbərlik etmişdir; başqa sözlə, 5 il Azərbaycan Kommunist Partiyası Şəki şəhər komitəsinin 1-ci katibi olmuşdur. Üstündən 20 il ötsə də, Şəki camaatı onu minnətdarlıq hissi ilə xatırlayır.

   Hadı müəllimin özünün sözlərindən isə onun  Şəkiyə və şəkililərə xüsusi simpatiyası açıq-aşkar hiss olunur. O, deyir: "şəkililər bacariqlı və işgüzar adamlardırlar"; "mənim bir tərəfim şəkilidir, çünki bir oğlum Şəkidə anadan olmuşdur, oğlumun pasportunda Şəkidə anadan olması göstərilir". Bəs Hadı Rəcəbli həyatının Şəki dövrü, yaxud Şəkinin Hadı Rəcəbov dövrü necə olmuşdur?

   Hadı müəllim Şəkiyə gələndə mən hələ 10-cu sinifdə oxuyurdum. 1 il sonra orta məktəbi bitirib orduya getdim. 2 illik hərbi xidmətdən sonra isə  təhsilimi Bakıda davam etdirdim. Göründüyü kimi, Şəkinin Hadı Rəcəbov dövrünün çox hissəsidə mən Şəkidə olmamışam. Lakin elə mənim yadımda da az şey qalmayıb və mən də Hadı müəllimi minnətdarıq hissi ilə qarşılayanlardan biriyəm.

  Hadı Rəcəbov Şəkiyə 1-ci katib təyin olunan kimi, Şəkidə abadlıq-quruculuq işləri geniş vüsət aldı. Xatırlayiram ki ilk öncə Fizuli adına parkın abadlaşdırılmasına başlanıldı. Şəhərin bütün məsul şəxsləri bu işə cəlb olunmuşdu. 3-cü katib - Sevil İsmayilova isə parkin bir başında, çətir altında oturmuşdu. Sonra mən xatırlayıram ki, mərkəzi prospektdəki bir yeni binadan belə bir şüar asdılar: "Şəki şəhərində mənzil probleminin 3 il ərzində həll edək!". Əslində bu şüar, Hadı Rəcəbovun öz arzusu idi. Belə ki kimsə başqa bir şəhərdə  bu cür şüara təsadüf etməmiş və etmədi də! O vaxtlara qədər Şəkidə mənzil almaq üçün azı 10 il gözləmək lazım idi. 3 -il ərzində mənzil almaq imkanı isə sadəcə möcüzə hesab oluna bilərdi. Amma bu möcüzə həqiqətən baş verdi! Bəs necə? 

  Mən, hər il rəsmi qəzetlər vasitəsi ilə Azərbaycan SSR-nın  büdcəsində Şəki üçün nə qədər pul nəzərdə tutulduğunu izləyirdim. Şəki şəhərinə həmişə Mingəçevir və Əli-Bayramlı kimi respublika tabeliyində olan şəhərlərdən az vəsait ayrılırdı. Amma Hadı müəllimin gəlişi ilə bu "ənənə" aradan qalxdı...  

   Şəhərdə yeni yollar çəkilməyə başladı.  Bütün qəbristanlıqların ətrafi hasarlandı. Bu Şəki əhalisinin Hadı Rəcəbova qarşı xüsusi rəğbətinə səbəb olu. "Xan məscidi"ndə təmir işləri aparıldı, onun yanındakı Şəki xanlarına aid qəbristanlıq abadlaşdırıldı. Hadı müəllim bu barədə belə deyir: "Mən Partiya Komitəsinin 1-ci katibi idim. Bu işlər əks reaksiya verə bilərdi. Deyə bilərdilər ki, Hadı Rəcəbov möhvümatçıdır! O vaxtlar məscid təmir etdirmək çətin iş idi. Amma mən heç nədən çəkinmədim. Amma nə etmək olardı, Şəkidə rəsmən yalnız 1 məscıdin fəaliyyət göstərməsinə cazə vardı. "Xan məscidi"ni mən "Ziyalılar evi" adı ilə təmir etdirmişdim".

  Şəhərin başqa bir mərkəzi küçəsində isə belə bir şüar asılmışdı: "İpək Şəkisini gül-çiçək Şəkisinə çevirək!". Bu da, sözsüz ki, Hadı Rəcəbovun Şəkidə öz qarşısına qoyduğu məqsədlərdən biri idi. Yeri gəlmişkən, mən 2002-cü ildə, Milli Məclisdə Hadı Rəcəbli ilə görüşərkən, həmin şüarı onun yadına salıb təəssüflə əlavə etdim ki: "Hadı müəllim,  Respublikanın hər yerində parklar salındığı bir vaxtda, siz gedəndən sonra Şəkidə bir ağac belə əkilməmişdir!  Necə bilirdiniz, doğrudanmı Şəkidə ağac əkilməsinə, park salınmasına ehtiyac yoxdur?!" Və mənim bu müsahibəm, sabiq, məhrum preziden Heydər Əliyevin Şəkiyə gəlişi ərəfəsində, "Şəkinin səsi" qəzetində dərc olundu...

 

   

  Bu səhifə qismən hazırdır. Siz Hadi Rəcəblinin 60 illik yubileyi ilə bağlı 23 oktyabr tarixli "Şəkinin səsi" qəzetindəki materialla  da tanış ola bilersiniz; Bax:http://shekininsesi.googlepages.com/41132

 

   İndi isə "Media forumda" ona Şəki ilə bağlı  verilən suala H. Rəcəblinin necə cavablandırdığına baxaq:

 

1) Hamıya bəllidir ki, siz Şəkinin birinci katibi olmusunuz. Bu şəhərdə isə hər bir kəsin ləqəbi – ayaması olur. Şəkililərin sizə verdiyi «Ağbaş katib» ayamasından xəbəriniz var idimi? Ümumiyyətlə, bu şəhər sizin xatirinizdə necə qalıb?

Cavab: Birincisi, çox şadam ki, Şəki camaatı mənə başqa ayama yox, «ağbaş katib» deyib. Bu, müdrikliyin, həm də insanların mənə olan yaxşı münasibətinin göstəricisidir. Mən şəkililəri bu gün də doğma insanlarım kimi sevirəm. Bunu zaman da göstərdi. Uzun illər keçməsinə baxmayaraq, Milli Məclisə şikayətə gələnlərin əgər 30 faizi Lənkərandandırsa, 70 faizi Şəkidəndir.

Oktaybrın 25-də 60 yaşım tamam olacaq. «Şəkinin səsi» qəzeti indidən mənim ad günümü təbrik edib. Bu mənim üçün çox sevindirici faktdır, xəbəri eşidəndə hətta kövrəldim. Bildiyiniz kimi, o vaxt bizim adımızın üstündə Kommunist Partiyasının üzvü kimi bir ləkə vardı. Amma Şəki camaatı, bu qəzet məni unutmayıb. Ona görə onlara minnətdaram.

Mən indi fəxrlə deyə bilərəm ki, ömrümün 5 ilini, ən yaxşı dövrünü Şəkiyə həsr etmişəm. İnanın ki, mən orada fanatikcəsinə işləmişəm - gecə-gündüz tikimişəm, qurmuşam. Mən katib kimi kasıb-küsuba əl tutmuşam, yetim-yesirə yiyə durmuşam, əzilənə kömək olmuşam. «Ağbaş katib» ayaması da bu işlərimə görə ortaya çıxıb. Mən kommunist dövründə Şəkidə məscid tikdirmişəm, milli-mənəvi dəyərlərimizə hörmət etmişəm, karvansaranı bərpa etdirmişəm. Bunlar hamısı xalqa bağlılıqdan irəli gəlir. O vaxt ilk dəfə olaraq Şəkidə şadlıq evi, doğum evi kompleksi, diş poliklinikası tikdim. Ona görə mən həyatımın, taleyimin Şəki dövründən razıyam.

Şəkililəri mənə həmişə xatırladan bir oğlum var. Turalın sənədində Şəkidə anadan olduğu yazılıb. Ona niyə Tural adı qoymuşuq? Şəki camaatı mənə həmişə deyirdi ki, «Hadı müəllim, sizi Tur dağına dönəsiniz». Anam da bunu eşitmişdi, ona görə oğlum dünyaya gələndə dedi ki, adını Tural qoyaq.

İnsidentə gəlincə, əlbəttə, bu da çox qəribə bir hadisədir. Xatırlayırsınızsa, 1988-ci ilin noyabr ayında Azərbaycanda milli hərəkat başlamışdı. Həmin hərəkatın başında duranlardan biri Şəkidə doğulan Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov və başqaları idi. O zaman bütün regionlarda mitinqlər keçirilirdi. Şəkidə isə sakitlik idi. Müxalifət nümayəndələri yanıma gəlib deyirdilər ki, Hadı müəllim, bəlkə biz də yalandan bir tədbir keçirək?

O vaxt Yevlaxda bir aksiya keçiriləndən sonra Şəkiyə gələn avtobusun arxasına şəkililiər barəsində xoşagəlməz sözlər yazmışdılar. Yəni niyə tərpənmirsiniz? Mən dönə-dönə bu adamları başa salmaq istəyirdim ki, kütlə buna hazır deyil, ona görə küçələrə çıxmağın xeyirindən çox ziyanı ola bilər. Amma nəhayət, şəkililəri provakasiyaya çəkə bildilər, camaatın bir hissəsi də onlara qoşuldu. Bu addımları atan adamlar özləri də bilmədən camaatı fəlakətə sürüklədilər. Həmin vaxt camaat milis şöbəsinə hücum edib oranı dağıtdı. Rus OMON-çularının açdığı atəş nəticəsində bir nəfər öldü, bundan qəzəblənən şəkililər prokurorluğa hücum çəkib binanı yandırdılar.

Amma inanırsınız ki, mənə olan münasibətlərinə görə raykomun binasına hücum etmədilər. Halbuki raykomla milisin binaları arasında 100-150 metr məsafə vardı. Ailəm raykomun binasının lap yaxınlığında yaşayırdı. Yerli, Bakıdan gələn və SSRİ «KQB»sindən olan xüsusi adamlar camaatı qızışdırırdılar. Amma ailəm orada qalırdı. Mən camaatdan qorxsaydım, gərək ilk növbədə ailəmi qaçırdaydım.

Bir gün Polyaniçko (ötən əsrin 80-90-cı illərində Azərbaycan KP MK-nın ikinci katibi - «Media forum») zəng edib təcili Bakıya gəlməyimi istədi. Mən soruşdum ki, niyə Bakıya gəlməliym? O, regionlarda gərginlik olduğunu, bu səbəbdən bir neçə rayonun birinci katibinin də Bakıya çağırıldığını bildirdi. Elə həmin gün axşam Mərkəzi Komitənin tapşırığı ilə ailəmi Şəkidən Qaxa apardılar, özüm isə səhərə qədər camaatla birgə qaldım. Adlarını sadalamaq istəmirəm, o adamlar bu gün də sağdılar, küçədəcə vəzifə bölgüsü aparırdılar.

Səhəri günü tanıdığım adamlar yanıma gəlib meydanda mitinq keçirmək istədiklərini, ancaq mənim ora gəlməyimə ehtiyac olmadığını bildirdilər. Razılaşmadım, dedim, hansı günahı etmişəm ki, camaatın arasına çıxmayım? Beləliklə, mən də meydana getdim. Təsəvvür edin ki, emosional adamları içirdib yığmışdılar meydana, onlar da hökumət, partiya əleyhinə müxtəlif ittihamlar səsləndirirdilər.

Bəxtiyar Vahabzadə və Mərkəzi Komitədən anası erməni olan Məcid adlı birisi də meydana gəldilər. Belə bir vəziyyətdə mən tribunada durmaqdan belə çəkinmədim. Bəxtiyar müəllim çıxış etdi, adamları sakitləşdirmək üçün müraciət edənlər də oldu. Amma bu çağırışlardan sonra meydana yığışanlar sakitləşmək əvəzinə bir qədər də qızışdılar. Sonra tribunadakıların hamısı dağılışıb getdi, 20 minə yaxın adamın qarşısında tək qaldım. Maşına minmək üçün camaatın arasından keçib getməliydim. Allaha meydandan sag-salamat çıxmagım üçün dua etdim. Bu məqamda tanımadığım bir nəfər qolumdan tutub dedi ki, Hadı müəllim, qorxma, mən ölməmişəm sizə kimsə xəsarət yetirsin. Sonradan bildim ki, Əfqanıstan veteranıdır.

Yol gedə-gedə gözümün ucu ilə adamların mənə qarşı olan münasibətlərini seyr edirdim. Bu an üzümçülük sovxozundan mitinqə gələnlərdən biri qəflətən ayağıma təpik vurdu. Yaxşı ki, məni müdafiə etməyi boynuna götürən adam həmin anı görmədi, əks halda onun reaksiya verməsi daha ciddi olayla nəticələnə bilərdi. Maşınım da artıq dayandığı yerdə yox idi. «Avtobaza»nın müdiri Qorxmaz Bəkirov onun gətirdiyi maşına oturmağımı məsləhət gördü. Maşına minən kimi arxa şüşəsini vurub çilik-çilik etdilər. Bunun düşünülmüş ssenari olub-olmadığını deyə bilmərəm, amma əgər qəsdən edilmişdisə belə, arzularını axıracan reallaşdıra bilmədilər.

Beləliklə, raykomun binasına gəldim. Bu olaydan sonra Polyaniçko, Vaqif Hüseynov (1980-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri - «Media forum») qalıb işləməyimdə təkid edirdilər. Artıq Şəkidə bir dəqiqə belə qala bilməyimin mümkün olmadığını, məni artıq bəzi qüvvələrin camaatla qarşı-qarşıya qoyduğunu bildirdim. Həmin gecə ailəmi Qaxdan Bakıya apardılar, özüm də Şəkidən çıxdım.

«Gülüş bayramı»nın adını niyə dəyişdirdiyimi də izah edim. O zaman Şəki Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşmış şəhər hesab olunurdu. Amma eyni zamanda Şəki həmişə gülüş obyekti idi, müxtəlif lətifələr danışırdılar. Bir dəfə Sadıq Murtuzayev (keçmiş kommunist funksioneri, o da Şəkidə birinci katib olub - «Media forum») mənə Şəkidən o qədər lətifə danışdı ki, az qaldı onu vurum. Mənim heysiyyətimə toxunurdu ki, şəkililəri nə qədər dolamaq olar?

Mən Şəkiyə katib gələndə də həqiqətən «Gülüş bayramı» keçirilirdi. Amma bu tədbirin mahiyyətində folklordan, şəkililərə hörmət gətirməkdən çox aşağılamaq elementləri vardı. Çox fikirləşəndən sonra folklor bayramı keçirməyi qərar aldıq. Karvansarada «Gül-çiçək» bayramı adı ilə bir mərasim keçirdik. Bu, əslində gül bayramı deyildi, Şəkinin bütün folklor nümunələrni nümayiş etdirilirdi və heç bir lağlağı əlaməti yox idi. Məqsədimiz Şəkinin qədimliyini sübut etmək idi. Mən hörmətli müəlliməyə xatırladıram ki, mənim vaxtımda keçirilən bayram «Şəki bayramı» kimi də tarixdə qalır.

Braziliyada yarıçılpaq qızların iştirakı ilə bir festival keçirilir. Bu cür tədbiri Azərbaycanda təşkil etmək mümkündürmü? Biz milli-mənəvi dəyərlərimizi gülüş üstündə qurmamalıyıq. Gülüş bizim keçirəcəyimmz tədbirin bir elementi ola bilər. Məncə, biz folklorumuzun, adət-ənənələrimizin yaşaması üçün hansısa ümumi tədbir keçirsək daha yaxşı olar. Novruz bayramı artıq beş gün keçirilir. Həmin günlərdə müxtəlif tədbirlər təşkil etmək mümkündür. Bizdə lağlağılığa, təlxəkliyə meyl var. Bizdə indi biabırçı gülüşə daha çox yer ayrılır. Məsələn, Şəki lətifələrinə gülürük, amma onların arasında insanları aşağılayan elementlər də az deyil. Bu cür gülüş umumi millətə başucalığı gətirmir. Bizə lazım olan sağlam gülüş indi çox azdır. Əslində torpaqlarımızın 20 faizi düşmən tapdağında olduğundan şit gülüşə, lağlağıya daha az yer verməliyik.

 

<<< Ana səhifə