Azərbaycanlıların indiki Ermənistan ərazisindən son deportasiyasının 20-ci ili tamam oldu; düz 20 ildir ki Azərbaycan dövlət səviyyəsində bu dəhşətli cinayəti, qətli-amı ört-basdır etməkdədir!!!


 

Diqqqət!

2."Şəkinin səsi"nin Haqq uğrunda təkbaşına mübarizəsi, deyəsən, öz bəhrəsini verməkdədir; belə ki dünən - 2 dekabr 2008-ci il tarixdə, Milli Məclisdə keçirilən müzakirələrdə Millət vəkili Əli Əhmədov İndki Ermənistan Respublikası ərazisindən azərbaycanlıların son deportasiyasının 20-ci ildönümü münasibəti ilə bu məsələnin beynəlxalq təşkilatlar qarşısında qaldırılması təşəbbüsü ilə

çıxış edib.

 

 

Tatdıq Fərhadoğlu

 Azərbaycanlıların Ermənistandan tam deportasiyasının iyirminci ili tamam olur. Son deportasiya əməliyyatı ilə Ermənistan dövləti 8 min kvadrat kilometr ərazidə (172 yaşayış məntəqəsi) yaşayan azərbaycanlı sakinlərini tarixi torpaqlarından qovaraq, acı məhrumiyyətlərə məruz qoyub. Əslində Ermənistanda yaşayan azərbaycanlıların son deportasiya əməliyyatı 1987-ci il aprelin 24-də ermənilərin Yerevan yaxınlığında yerləşən Masis rayonu ərazisində azərbaycanlıların qəbirstanlığına basqını ilə başlayıb. Bu hadisədən sonra azərbaycanlılara qarşı Ermənistanın bütün rayonlarında hakimiyyət orqanları tərəfindən təzyiq və təhqirlər başlayıb.


Son deportasiya

  Beləliklə, 1988-ci ilin soyuq dekabrının birinci ongünlüyündə Ermənistan ərazisində yaşayan 182.000 azərbaycanlı (rəqəm BMT-nin Qaçqınlar üzrə Ali komissarlığınındır), 18.000 kürd və min nəfər rus (rəqəmlər Azərbaycan Respublikası keçmiş Ali Sovetinin Qaçqınlar üzrə komissiyasınındır) zorla daimi yaşayış yerlərindən deportasiyaya məruz qalıb. Keçmiş SSRİ Daxili İşlər Nazirliyinin yarımçıq qalmış istintaq materiallarından göründüyü kimi, Ermənistan hökuməti tərəfindən həyata keçirilən deportasiya əməliyyatı zamanı

 

216 azərbaycanlı qətlə yetirilib; o cümlədən 2 nəfərin diri-diri başı kəsilib, 11 nəfər diri halda, 2 nəfər isə öldürüldükdən sonra yandırılıb, 1 nəfər asılıb, 3 nəfər doğranıb, 29 nəfər maşın təkərləri altında qoyulub, 41 nəfər döyülərək öldürülüb, 49 nəfər dağlarda donub, 1 nəfər elektrik cərəyanına qoşularaq öldürülüb, 1 nəfər özünü öldürüb, 10 nəfər infarktdan ölüb, 8 nəfər itgin düşüb. Öldürülənlərin 57-si qadın, 23-ü uşaqdır.


 

 

Qaçqınlıq tarixi

      Ümumilikdə, indiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların qaçqınlıq tarixi 1820-1988-ci illik bir dövrü əhatə edir. Azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından qaçqınlıq məhrumiyyətləri nəinki Azərbaycanda, eləcə də Ermənistanın özündə və başqa ölkələrdə çap olunmuş nəşrlərdə də kifayət qədər öz əksini tapıb.

Erməni müəllifi Zaren Karkadyan "Sovet Ermənistanının əhalisi 1831-1931-ci illərdə" kitabında yazır: "1820-ci ilədək indiki Ermənistan ərazisində olan 2300 yaşayış məntəqəsindən 2000-də azərbaycanlılar yaşayıb. "Belə ki, Azərbaycanın parçalanması ilə nəticələnən 1828-ci il İran və Rusiya arasında bağlanmış Gülüstan müqaviləsindən sonra indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar vaxtaşırı kütləvi deportasiyalara məruz qalıb. 1986-cı ildə Yerevanda dərc olunmuş "Ermənistan və ətraf rayonların toponimləri lüğəti" adlı kitabda yazıldığı kimi, "indiki Ermənistan ərazisində yaşayanların 70 faizi 1828-1930-cu illərdə Türkiyə və İrandan gəlmiş mühacirlərdir".
Və ya 1911-ci ildə Peterburqda nəşr olunmuş Y.Şavrovun "Zaqafqaziyada rus işinə təhlükə" kitabından oxuyuruq: "1928-1930-cu illərdə Zaqafqaziyaya İrandan 40 000, Türkiyədən isə 84.600 erməni köçürülərək erməni millətinin cüzi olduğu İrəvan quberniyasının ən yaxşı torpaqlarında yerləşdirilib". Həmçinin, ABŞ professoru Castin Makkarti "Genosid olmuşdurmu?" kitabında qeyd edir: "1820-1920-ci illərdə 600 min erməni Rusiya ərazisinə köçürülüb, iki milyon müsəlman isə bu ərazini tərk edib."

XX əsr deportasiyası

XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı - 1905, 1918-1920, 1948-1956, 1987-1988-ci illər adlı - dörd mərhələyə bölünür. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib. Ad dəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib.

Soyqırım

     XIX-cu əsrdə olduğu kimi, XX əsrdə də Ermənistanda yaşamış azərbaycanlılar dəfələrlə soyqırıma məruz qalıb. Azərbaycan tarixçisi Sabir Əsədov "Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası” kitabında yazır ki, təkcə XX əsrdə soyqırımlar nəticəsində beş yüz mindən çox azərbaycanlı qətlə yetirilib.
Bu fakt digər nəşrlərdə dərc edilən yazılarda da təsdiqini tapır. Belə ki,
Tbilisidə nəşr edilən "Revolyussionnıy Vostok" jurnalı 1923-cü il aprel sayında yazırdı: "Daşnak hökuməti öz hakimiyyəti dövründə Ermənistandakı azərbaycanlıların 60 faizini qırıb". Yenə həmin jurnal 1936-cı ildə yazırdı: "Təkcə 1914-1918-ci illərdə İrəvan quberniyasında 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 131.970 kişi öldürülüb". Və ya Gürcüstanda nəşr olunan "Qruziya" qəzetinin 1918-ci il noyabr tarixli nömrəsindən oxuyuruq: "1918-ci ilin noyabrınadək Sisyan rayonunun 15 azərbaycanlı kəndində 625 nəfər ermənilər tərəfindən öldürülüb və bu kəndlərə 51.390.000 manat ziyan dəyib".
Bu faciələrin canlı şahidləri də qalır. Keçmiş Basarkeçər rayonunun Qaraqoyunlu kəndinin sakini Aşıq Cahad hazırda Şəmkir rayonunun Çənlibel kəndində yaşayır. O deyir: “Aşıq Ələsgərin şəyirdi aşıq Nəcəfi erməni daşnaklar yüzlərlə insanın gözü qarşısında kürəyinə bağladığı samavarı qaynadaraq qətlə yetirdi. Aşıq Nəcəfin son nəfəsdə daşnak xisləti və erməni “gözəli” barədə dediyi şer isə indi də aşıqların dil əzbəridir”.

Qarabağ fəryadı və nəticələr

    Ermənistan hökumətinin azərbaycanlılara qarşı qeyri-insani hərəkətləri indi də davam etməkdədir. Belə ki, Ermənistan Azərbaycanın suverenliyində olan Yuxarı Qarabağ və yeddi rayonu işğal edib. Bir milyondan çox azərbaycanlı didərginlik həyatının acı tarixini yaşamaqdadır.
Bunlara baxmayaraq, tarixi torpaqlarından zaman-zaman tam miqrasiyaya uğradılmış azərbaycanlı əhalinin BMT nizamnaməsi və Beynəlxadq insan hüquqları bəyannaməsi çərçivəsində hüquqi müdafiəsi hələ də həyata keçiriliməyib. ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan 16 illik danışıqların sonu görünmür. İndiki Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiya edilmiş insanların siyasi, iqtisadi və sosial hüquqlarının bu ərazidə bərpası haqqında isə düşünən belə yoxdur.

 

TAPDIQ FƏRHADOĞLU

   

ARUZ:

AYIL, EY QÜDRƏTLi MiLLƏTiM

Qəflət yuxusunda yatırsan hələ.
Yetər, ayıl ey qüdrətli millətim!
Yetmiş illik röyalardan ayılıb,
Yenə yatmaqdırmı sənin niyyətin?!

Tarix boyu çox qəhraman yetirdik,
Düşmənləri vəlvələyə gətirdik,
Qanla bu torpaqda güllər bitirdik,
Indi erməniyə çatmır qüvvətin?!
Sənə ayıb deyilmi bu millətim?!

O, cəlladlar canıma dağ çəkdilər,
Yurd-yuvamı talan edib sökdülər,
Qız-gəlini əsirliyə çəkdilər,
Tapdalanır azğınlarda qeyrətim.
Yetər, ayıl ey qüdrətli millətim!


Yüzilliklər qonşulara torpağı
Peşkaş etdik, sonra tutduq sorağı.
Rəhbərlərin taxt-tacdırsa marağı,
De, budurmu mərdliyin, dəyanətin?!
Yetər, ayıl ey qüdrətli millətim!

Qara qızıl axır boru, qatarla,
Mədəniyyət satılır göy parayla,
Zəkalılar köç edirlər harayla.
Diyar-diyar səpələnir sərvətim.
Yetər, ayıl ey qüdrətli millətim!

Bayağılıq ruhundadır cavanlar,
Bu həvəsi yayır mavi ekranlar.
Çılpaqlıqla bəzənirsə qadınlar,
Nə cürədir sabahkı aqibətim?!
Yetər, ayıl ey qüdrətli millətim!

Nə şərqi tuturuq, nə qərb deyirik,
Yad sözlərə dili qurban veririk,
Bir əsrdə beş yazı dəyişirik.
Ucuzlaşır zəngin sözüm-söhbətim.
Yetər, ayıl ey qüdrətli millətim!

Yerpərəstlik bu xalqa başağrıdır -
Biri “qərbli”, digəri “şimallıdır”.
Düşmən birsə, amal niyə ayrıdır?
Yumruq olmaq üçün yoxdur vəhdətim.
Yetər, ayıl ey qüdrətli millətim!


Bu nəsil çiyninə ağır yük alıb.
Demə “Dövran keçib, ömür qısalıb”
Demə “Xalqın dərdi mənəmi qalıb?!”
Bizdən pənah gözləyir məmləkətim.
Yetər, ayıl ey qüdrətli millətim!

Çalışmalıyam nə ki var taqətim,
Zənginləşsin tək, müstəqil dövlətim,
Yayılsın dünyaya şanım-şöhrətim
Çün Vətəndir ən müqəddəs nemətim
Yetər, ayıl ey qüdrətli millətim!

28.05.08 Aruz  Mənbə

   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

 Açıq məktub 

 

Aydın Məmmədov

      Cənab Prezident. Məlumunuz olduğu kimi, bu yaxınlarda  sabiq serb lideri Radovan Karaciç də Beynəlxalq Tribunala təslim ediləcək. Bu xəbəri serb millətçiləri hiddətlə, Bosniya müsəlmanları sevinclə, mən isə qısqanclıq hissi ilə qarşılamışam. Belə ki gözümü açandan, xalqıma qarşı haqsızlıqların edildiyini, xalqımın dəfələrlə genosidlərə məruz qaldığını gördüyüm halda, bir dəfə də olsun bu işləri edənlərin ədalət məhkəməsi qarşısında durduğunu görmədim! Məsələn, 1988-ci ildə Ermənistan SSR rəhbərliyi, onların ərazisində yaşayan Azərbaycanlıların qovulması barədə qərar çıxartdı. Qeyri-müharibə şəraitində, 250 mindən artıq həmmillətimiz Ermənistandan qovuldu, minlərlə adam təcavüzə məruz qaldı, işgəncə ilə öldürüldü...

    Cənab Prezident. Siz həm prezidentsiniz, həm də prezidentliyə ən əsas namizəd.  Azərbaycan Respublikasının bir vətəndaşı, bir seçici kimi təkid və bir KİV təmsilçisi kimi sual edirəm: Niyə məlum 1988-ci il hadisələrin təşkilatçıları hələ də azadlıqdadırlar?!

Aydın Məmmədov

27 iyul 2008-ci il

 

 

Baxın:  Açıq məktuba ilk ictimai reaksiya

Ictimai rəy - bu formda fikrinizi bildirin

 

<<< Ana səhifə