9 AYA YEKUN VURULDU

 

ŞƏKİLİLƏR CARİ İLİN ÖTƏN AYLARINDA UĞURLU NƏTİCƏLƏR ƏLDƏ ETMİŞLƏR

 

Şəki Şəhər İcra Hakimiyyətində cari ilin 9 ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclası keçirilmişdir.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov hesabat məruzəsi ilə çıxış etmişdir. Natiq dövlət başçısı İlham Əliyevin sədrliyi ilə oktyabrın 22-də Prezident Sarayında keçirilmiş Nazirlər Kabinetinin 2007-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasındak nitqindən irəli gələn vəzifələrdən geniş söhbət açmışdır.  

Məruzə ətrafında başlanan müzakirələrdə Şəki Şəhər Maliyyə Şöbəsinin müdiri Arif Mustafayev, Şəki Sosial-Müdafiə Mərkəzinin direktoru Məhəmməd Nəsibov, şəhər polis şöbəsinin rəisi Fətulla Hacıyev çıxış etmişlər.

Şura iclasının işində Prezidentin İcra Aparatının məsul işçisi Məhərrəm Quliyev iştirak etmişdir.  

 

ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI NAZİM İBRAHİMOVUN "ŞƏKİNİN  2007-Cİ İLİN DOQQUZ AYININ SOSİAL-İQTİSADİ YEKUNLARINA VƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ DAİR"  MƏRUZƏSİ

 

Hörmətli yığıncaq iştirakçıları!

Dəyərli qonaqlar!

Xanımlar və cənablar! 

Prezident İlham Əliyevin sədrliyi ilə oktyabr ayının 22-də Prezident Sarayında Nazirlər Kabinetinin 2007-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının ilk olaraq sosial məsələlərə toxunması göstərir ki, Azərbaycan hakimiyyətinin başlıca vəzifəsi insanların sosial müdafiəsini gücləndirmək, ölkənin sosial rifahını təmin etməkdir. İnkişaf dinamikasına diqqət yetirən dövlət başçısı xüsusi vurğulamışdır ki, Azərbaycanda makroiqtisadi göstəricilər ən yüksək səviyyədədir. Keçən 9 ay ərzində iqtisadi artım 27%, sənaye istehsalının həcmi də bir o qədər artmışdır. İnsanların real gəlirlərinin 22 faizə çatması Azərbaycan xalqının maddi rifah halının daha da yaxşılaşmasından xəbər verir. Keçən müddət ərzində valyuta ehtiyatları artaraq 6,3 milyard dollara çatmışdır ki, bu artım da imkan yaradır ki, ölkədə aparılan iqtisadi islahatlar daha da genişləndirilsin, Azərbaycanı dünyada baş verə biləcək hər hansı böhrandan və ya xoşagəlməz vəziyyətdən xilas etsin.

Gələn il dövlət büdcəsinin xərcləri 10 milyard dollar, icmal büdcə isə 12 milyard dollar təşkil edəcək. Nəzərə alsaq ki, 2003-cü ildə dövlət büdcəsi təxminən 1,5 milyard dollar idi, onda büdcənin on dəfə artmasını fərəhli hal kimi vurğulamalıyıq. Təsəvvür edək ki, dövlət büdcəsinin 4 ildə on dəfə artması dünyanın heç bir ölkəsində qeydə alınmayıb. Əlbəttə, bu uğur neft strategiyasının, aparılan iqtisadi islahatların bəhrəsi, güclənən maliyyə intizamının nəticəsidir. Adambaşına düşən büdcə xərclərinə görə Azərbaycan dünyanın aparıcı dövlətləri sırasındadır. 2007-ci ilin sonuna qədər adambaşına düşən ümumi daxili məhsul 3,5 min dollara çatacaq.

Müzakirələrdə nəzərə alınıb ki, gələn ilin dövlət büdcəsi çərçivəsində qoyulacaq investisiyaların həcmi 3 milyard dollardan çox olsun. Bu pulla Azərbaycan istənilən sənaye, iqtisadi, infrastruktur layihəsini icra edə biləcək. Yenə də sosial məsələlər ön planda saxlanacaq, baxmayaraq ki, bu sahədə böyük işlər görülübdür. Hazırda Azərbaycanda orta aylıq əmək haqqı 230 dollardır ki, bu da MDB məkanında ən yaxşı göstəricidir. Müsbət dinamika ona nail olmağa imkan yaradır ki, pensiyalar ildən-ilə artsın. İndiyədək 294 min insana ünvanlı sosial yardım verilmişdir.

Azərbaycan iqtisadiyyatının sürətli və dinamik inkişafı yaxın dövrlərdə vətəndaşların sosial-rifahının daha da güclənəcəyi, bütövlükdə ölkəmizin sosial sferada çox mühüm uğurlar əldə edəcəyi barədə nikbin proqnozlar irəli sürməyə əsas verir. Çünki ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi sosial siyasətin daha səmərəli şəkildə həyata keçirilməsinə geniş imkanlar açır.      

Hörmətli yığıncaq iştirakçıları!

Ölkə başçımızın rəhbərliyi ilə həyata keçirilən quruculuq prosesində şəkililərin də öz payı vardır. Hesabat dövründə rayonumuzda faktiki qiymətlərlə 111 milyon 374,9 min manatlıq məhsul buraxılmışdır. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,6 % artıqdır. Faktiki qiymətlərlə məhsul buraxılışı sənayedə 13 milyon 167,7 min manat, kənd təsərrüfatında 53 milyon 198 min manat, tikintidə 14 milyon 172,8 min manat təşkil etmişdir. Buraxılmış məhsulun 16,8%-i dövlət, 83,2%-i isə qeyri-dövlət bölməsinin payına düşür. Adambaşına faktiki qiymətlərlə 661 manatlıq, yaxud 2006-cı ilin 9 ayı ilə müqayisədə 63,6% çox məhsul buraxılmışdır. Əmtəə dövriyyəsi 91 milyon 605,1 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 18 milyon 020,6 min manat olmuşdur. Rayon üzrə orta aylıq əmək haqqı 99,1 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,9 manat çoxdur.   

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və digər tədbirlərin müvəffəqiyyətlə icrası nəticəsində hesabat dövründə 4345 yeni iş yeri açılmışdır ki, bunun da 993-ü daimidir. 3352 nəfər mövsümü və müvəqqəti işlərə cəlb edilmişdir. Ümumiyyətlə, 2003-cü il oktyabrın 1-dən 2007-ci il oktyabr ayının 1-dək Şəkidə 16139 yeni iş yeri açılmışdır ki, onun da 5787-si və ya 35,8 faizini daimi iş yerləri təşkil edir.

2007-ci ilin 9 ayında Şəki şəhər büdcəsinin gəlirləri 110,9% artımla yerinə yetirilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4 milyon 122 min 322 manat çox olmuşdur. Şəki şəhərinin yerli gəlirləri isə 164% yerinə yetirilməklə, xəzinəyə 1 milyon 385 min 272 manat çox vəsait daxil olmuşdur.

ümumilikdə müəyyən olunmuş proqnoz göstəricilərinə artıqlaması ilə əməl olunsa da, təəssüflər olsun ki, hələ də uçotdan yayınan, gizli sahibkarlıq fəaliyyəti ilə məşğul olan, gəlirləri və işçilərin sayı haqqında düzgün məlumat verməyən, gəlirlərini və işçilərinə ödənilən faktiki əmək haqqı məbləğini gizlədənlərə rast gəlinir ki, bu da dövlət büdcəsinə külli miqdarda ödəməmələrlə nəticələnir. 11 saylı ərazi vergilər idarəsi bu sahədə nəzarətini gücləndirməli, qanunamüvafiq tədbirləri həyata keçirməlidir.

Şəkinin sənayesi əsasən toxuculuq, tütün emalı, qida məhsulları istehsalı, elektrik enerjisinin istehsalı və bölüşdürülməsi, eləcə də təbii qazın bölüşdürülməsi və suyun yığılması, təmizlənməsi və paylanması kimi sahələrlə təmsil olunur.

 

Məhəmməd Nəsibov,

Şəki Şəhər sosial-müdafiə mərkəzinin direktoru

 

Şəki rayonunun sənayesinin emal bölməsinin mühüm sahəsi olan toxuculuq məhsulları istehsalı sahəsində ilin əvvəlindən 4 milyon 022,5 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövründə istehsal olunmuş məhsuldan 2,9 dəfə artıqdır. "Şəki-İpək" ASC tərəfindən 2007-ci ilin 9 ayı ərzində rayon üzrə 30,4 ton xam ipək, 5,8 ton burulmuş ipək sap, 120,6 min kvadratmetr ipək parça, 399,5 min kvadratmetr pambıq parça, 97 kvadratmetr ipək xalça istehsal olunmuşdur.

Müəssisədə əsaslı və cari təmir işləri aparılmış, istehsal gücü 1700 ton pambıq sap istehsalına malik olan yeni pambıq əyirən sex quraşdırılmışdır. Noyabr ayında fəaliyyətə başlayacaq bu sexdə 120 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Hesabat dövründə "Kainat" MMC-də gündəlik 5 ton istehsal gücü olan yeni kolbasa sexi fəaliyyətə başlamışdır.

Cari ilin 9 ayı ərzində rayonun sənaye sahəsində çalışan işçilərin orta sayı 2022 nəfər olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 178 nəfər və ya 9 faiz artmışdır.

 

 

 

 

 

 

 

Fətulla Hacıyev,

Şəki Şəhər Polis şöbəsinin  rəisi

  

Hesabat dövründə Şəki üzrə 48 sahibkarlıq subyekti tərəfindən 7,1 milyon manat məbləğində kredit alınması ilə bağlı Sahibkarlığa Kömək Milli Fonduna müraciət daxil olmuş, 38 layihə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4,1 milyon manat məbləğində vəsait alınması üçün müsbət rəy almış, 4 sahibkarlıq subyektinə 905 min manat həcmində kredit verilmişdir ki, bu da olduqca azdır. Sahibkarlar öz layihələrini həyata keçirmək üçün digər kredit təşkilatlarından da bəhrələnmək üçün səylərini artırmalıdırlar.

Hesabat dövründə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində də zəruri tədbirlər həyata keçirilməsi davam etdirilmiş, may ayının 10-da İqtisadi İnkişaf Nazirliyinin İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin Şəki-Zaqatala regional sektoru yaradılmışdır.

Şəkinin iqtisadiyyatında aqrar sahə aparıcı yerlərdən birini tutur. Son illər bu sahəyə dövlət qayğısının artması və Şəki Şəhər İcra Hakimiyyətinin daim diqqət mərkəzində olması səbəbli rayonda kənd təsərrüfatının dinamik inkişafı təmin edilir.

 

Arif Mustafayev,

Şəki Şəhər Maliyyə Şöbəsinin müdiri

 

2007-ci ildə rayon ərazisində fiziki və hüquqi şəxslərə məxsus 47 min 865 hektar payızlıq taxıl sahələri biçilmiş və 111 min 320 ton taxıl məhsulu istehsal olunmuşdur ki, bu da 2006-cı ilə nisbətən 11 min ton çoxdur. Keçən ilə nisbətən payızlıq taxıl sahələri 5 min hektar az olmasına baxmayaraq, düzgün aparılan aqrotexniki qulluq nəticəsində rayonda hər hektardan orta məhsuldarlıq 4 sentner artaraq 23,3 sentner təşkil etmişdir. Rayonda taxılın məhsuldarlığının artmasında dövlətimizin istehsalçılara qayğısı olaraq güzəştli şərtlərlə gübrə verilməsi xüsusi rol oynamışdır.

Rayonun heyvandarlığında da dinamik inkişaf təmin edilir. Belə ki, keçən ilin müvafiq dövrünə nisbətən iri buynuzlu mal-qaranın sayı 7 min 597 baş artırılaraq 80 min 455 başa, xırda buynuzlu heyvanların sayı isə 53 min 213 baş artırılaraq 295 min 460 başa çatdırılmışdır. Müddət ərzində rayonda 138 kənd təsərrüfatı müəssisəsi fəaliyyət göstərmişdir ki, onun da 17-si dövlət, 119 özəl, 2-si isə bələdiyyə mülkiyyətinə aiddir.

Rayon ərazisindəki çaylarda sel sularının maneəsiz axıdılması üçün 255 min m3 həcmində mexanizmlə təmizləmə işləri, suvarma şəbəkələrində 154 min m3 həcmində lildən təmizləmə işləri həyata keçirilmişdir.

Şəki rayonu üzrə hesabat dövründə 3 milyon 034,6 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. istifadəyə verilmiş əsas fondların 1 milyon 708,1 min manatı istehsal təyinatlıdır. Hesabat dövründə bütün maliyyə mənbələri hesabına cəmi 16 milyon 207,9 min manat dəyərində əsas kapitala investisiyalar qoyulmuşdur. 2007-ci ildə rayonun iqtisadiyyatının inkişafına yönəldilmiş investisiyanın 10 milyon 239,9 min manatı mərkəzləşdirilmiş, 5 milyon 968 min manatı isə rayon təşkilatları və əhali üzrədir.

Hesabat dövründə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 24 mənzilli yaşayış evinin, Əlican çayından su kanalının çəkilişi, "Kainat" ASC-də yenidənqurma işləri, südçülük kompleksinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Əhalinin Dövlət Sosial Müdafiə Fondunun Şəki şöbələri üçün yeni inzibati binaların, Axundov prospektində yerli telestudiya üçün binanın, Azərbaycan Respublikası Vergilər Nazirliyinin kompüter terminlərinin, "Yeni Şəki Mənzil Tikinti Kooperativ" tərəfindən Bağbanlar küçəsi 12 ünvanda 9 mərtəbəli 37 mənzilli, "Kapiğal" Mənzil Tikinti Kooperativi tərəfindən şəhər stadionu ərazisində 6 mərtəbəli müasir yaşayış evlərinin, "İpəkçi inşaat" MTK tərəfindən Heydər Əliyev prospektində 6 mərtəbəli binanın digər obyektlərin inşaası davam etdirilmiş, şəhər stadionu yaxınlığında daha bir yaşayış binasının özülü qoyulmuş, MTN Şəki şəhər şöbəsi S.Mümtaz küçəsində yerləşən yeni binasına köçürülmüşdür. Şəhərin M.Rəsulzadə prospektində "Kaspi-S" dəftərxana ləvazimatları mağazası, M.F.Axundov prospektində "Beta-Tea" şirkətinin inzibati binası, "Baksell" şirkətinin yeni binası, "Bank of Baku"nun Şəki filialının və Beynəlxalq Sığorta Şirkətinin yeni təmir olunmuş ofisi, Baş Layısqı kəndində və şəhərin S.Rəhman küçəsində müasir üslubda şadlıq evləri, F.Abdurahmanov küçəsində "Ailəvi" restoran və s. ticarət və xidmət obyektləri artıq istifadəyə verilmişdir. Həmçinin 2 nəfər Qarabağ müharibəsi əlili - Daşüz və Baş Göynük kəndlərində yeni inşa olunmuş 3 otaqlı fərji yaşayış evləri ilə təmin olunmuşdur. 114 saylı seçki dairəsi üçün Aşağı Göynük kəndində yeni bina tikilmiş, 113 və 115 saylı seçki dairələrinin yerləşdiyi binalar isə əsaslı təmir edilmişdir. Aşağı Göynük kəndində yerli parket emalı sexi tikilib istifadəyə verilmişdir. Hazırda Aşağı Layısqı kəndində Qarabağ müharibəsi əlilləri üçün fərdi yaşayış binası tikilir və şəhərin S.Mümtaz küçəsində Şəki Olimpiya Kompleksinin qarşısındakı ərazidə yerləşən "Heydər Əliyev" parkının genişləndirilməsi istiqamətində işlər davam etdirilir və parkda müasir standartlara cavab verən atraksion avadanlıqları kompleksinin quraşdırılması nəzərdə tutulur.

Şəhərin müxtəlif hissələrində səki və meydanların, su arxlarının təmiri, küçələrin yeni işıqlanma sisteminin qurulması istiqamətində şəhər icra hakimiyyəti tərəfindən 754,7 min manatlıq, şəhər bələdiyyəsi tərəfindən isə 557 min manatlıq işlər görülmüşdür.            

Hörmətli yığıncaq iştirakçıları!

Müşavirədəki nitqində qanunsuz tikililər və onlara qarşı mübarizənin aparılması ilə bağlı məsələyə yenidən toxunan ölkə başçısı demişdir: "Tikinti sektoruna dövlət nəzarətinin gücləndirilməsi prosesi dha da sürətlə getməlidir. Bu sahədə çoxlu çatışmazlıq var. bizi qane etməyən məqamlar kifayət qədər çoxdur. O faciəli hadisədən sonra bu məsələ araşdırılır və görürük ki, bu sahədə çoxlu pozuntular var. Qanunsuz binalar tikilir. Qanunsuz binanı tikən qanunu pozur. Qanunu pozursa, cinayət məsuliyyətinə clb olunmalıdır. Qanunsuz binaların tikilməsinə göz yuman da cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu sahəyə biz çox böyük diqqət göstərməliyik, özbaşınalıqların hamısını aradan qaldırmalıyıq. Burada qayda-qanun yaratmaq lazımdır".

Təəssüf ki, belə hallar Şəkimizdə də mövcuddur. Bu işə məsul olan vəzifəlir şəxslər öncə Şəkimizin memarlıq üslubuna xələl gətirən tikinti və bərpa işlərinin, qanunsuz tikinti və torpaq zəbt etmə hallarının qarşısının alınması istiqamətində təxirəsalınmaz, qəti tədbirlər həyata keçirilməli, qısa müddət ərzində belə tikililər sökülməlidir.

Müddət ərzində şəhər və kəndlərdə öz istismar müddətini başa vurmuş elektrik daşıyıcı avadanlığın yeniləri ilə əvəz edilməsi, elektrik veriliş xətlərinin çəkilməsi, elektrik dirəklərinin dəyişdirilməsi, transformatorlarının yeniləri ilə əvəz edilməsi və təmiri ilə bağlı xeyli iş görülmüşdür. Belə ki, 10 Kvt-luq Cəfərabad yarımstansiyası yenidən qurularaq istifadəyə verilmişdir. Şəki Su-Elektrik stansiyasının (3,2 MVt) bərpası istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, yeni güc avadanlıqları gətirilmiş, yenidənqurma işləri aparılır. ümummilikdə 30 (ondan 21-i kənd və qəsəbələrdə olmaqla) müxtəlif gücə malik transformator yarımstansiyaları yenisi ilə əvəz olunmuşdur…

Müşavirədə son dövrlər energetika sahəsində islahatların aparıldığını və bu sahədə inkişafın sevindirici olduğunu xüsusi olaraq vurğulayan cənab Prezident artıq sayğaclaşma prosesinin uğurla başa çatdığını və enerji haqlarının yığımının 80-90 faiz səviyəsində olduğunu qeyd etmişdir.

Bu sahə Şəki Şəhər İcra Hakimiyyətinin də daim diqqət mərkəzində olmuşdur. Şəki Paylayıcı Elektrik Şəbəkəsinin rəhbərliyinin səyləri, şəhər icra hakimiyyəti, yerli bələdiyyələr və icra nümayəndələri, digər aidiyyəti dövlət strukturları, özəl qurumlarla əməkdaşlığı sayəsində, həmçinin əhali ilə aparılan geniş maarifləndirmə işlərinin nəticəsi olaraq istehlak olunmuş elektrik enerjisinin dəyərinin ödənişində müsbət irəliləyiş əldə edilmişdir. Belə ki, əhali qrupu üzrə iyun ayında 80,4 %, (ümumi 88,8%), iyul ayında 84%, avqust ayında 83,6%, sentyabr ayında əhali 85%, ümumi 92,2 faiz olmuşdur.

Hazırda şəhərin bir hissəsinə SİP kael çəkiliş, yararsız vəziyyətə düşən elektrik dirəkləri yeniləri ilə əvəz olunmuşdur. Bu proses tam başa çatdırıldıqdan sonra itkilər minimuma endiriləcəkdir.

Müddət ərzində əhalinin təbii qazla təminatı sahəsində bir sıra işlər görülmüş, bütün abonentlər sayğacla təmin olunmuşdur. Sayğaclaşma prosesinin tam başa çatması əslində ödəmələrin artması ilə nəticələnməli idi. Lakin istehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi vəziyyəti hələ də qənaətbəxş deyildir. Şəki Qaz İstismar İdarəsinin rəhbərliyi bu istiqamətdə səylərini artırmalıdır.

Hesabat dövründə 1936-cı ildən fəaliyyət göstərən Şəki Su-Elektrik Stansiyasının rekonstruksiyası layihəsi çərçivəsində baş su hövzəsində su qəbuledici və su çökdürücü qurğuların tikintisinə başlanmış, turbinlərin sugətirici kanalında (polad boru kəmərində) 3 ədəd temperatur kompensatorunun təmiri və basqılı su axının enerjisini söndürən qurğunun rekonstruksiyası üzrə işlər aparılmışdır. Artıq stansiyada yeni güc avadanlıqları quraşdırılmışdır. Quraşdırma işləri Almaniyanın KWV şirkətinin nümayəndəsinin nəzarəti altında həyata keçirilmişdir. İstismarda olduğu uzun müddət ərzində stansiyada ilk dəfədir ki, belə iri miqyaslı təmir işləri aparılmışdır. Bu günədək stansiyaya investor "General Constaction" MMC tərəfindən 2 milyon manat sərmayə qoyulmuşdur. Görülən işlərin nəticəsində stansiyanın elektrik enerjisi istehsalı gücü 3 dəfə artaraq, şəhərin su ilə daha etibarlı şəkildə təminatına şərait yaratmışdır.

Şəki şəhərinin su təchizatı və çirkab su sistemlərinin bərpası üçün Almaniya və Azərbaycan Respublikası arasında maliyyə əməkdaşlığı çərçivəsində texniki-iqtisadi əsaslandırmalar layihəsi hazırlanmışdır. Layihədə əsasən su istehsalının reablitasiyası, səmərəliliyinin artırılması və genişləndirilməsi məqsədilə Şəki şəhərində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulmuşdur.

Bir məsələni anlamaq gərəkdir ki, möhtərəm Prezidentimiz bütün kommunal xidmətlərin haqqının tamamilə ödənilməsi işinin təşkilini aidiyyəti strukturlar qarşısında bir vəzifə olaraq qoymuşdur. Şəki Paylayıcı Elektrik Şəbəkəsinin, Şəki Qaz İstismar İdarəsinin və digər kommunal xidmət təşkilatlarının rəhbərləri ölkə başçısının tapşırığının icrasını tam təmin etməyə borcludurlar.

Müddət ərzində ilk dəfə olaraq rayonda simsiz telefon şəbəkəsi – SDMA istismara verilmişdir. Bu şəbəkə vasitəsilə həm şəhər, həm də şəhər ətrafı kəndlərin 1000 nəfər əhalisi bu xidmət növündən istifadə etmək imkanı əldə etmişdir. Abunəçilər mövcud stasionar elektron şəbəkədə olduğu kimi, həm servis, həm də internet xidmətlərindən istifadə etmək imkanına malikdirlər. İlin əvvəlindən geniş zolaqlı rabitə xidmətlərindən istifajə edən abunəçilərin tələbatları nəzərə alınaraq ADSL avadanlıqlarının tutumu genişləndirilmişdir. Nəticədə abunəçilər eyni vaxtda həm sürətli internetdən, həm də telefon rabitəsindən istifadə edirlər. İnternet xidmətinə əhalinin artan marağı nəzərə alınaraq klub sayı 15-ə çatdırılmışdır. Şəki Telekommunikasiya Qovşağının daxili imkanları hesabına ümumi uzunluğu 35 km. olan rabitə xətt şəbəkəsi yenidən işlənmişdir.

Şəki Şəhər İşıqlandırma İdarəsinin xidməti əsasən şəhər ərazisində mövcud işıqlanma sisteminə nəzarət və onun cari təmir olunması, yeni işıqlanma sisteminin yaradılması sisteminə nəzarət və onun cari təmir olunması, yeni işıqlanma sisteminin yaradılması işlərindən ibarətdir. Eyni zamanda əhali və təşkilatlarla bağlanmış müqavilə əsasında işıqlanma xidmətlərini də yerinə yetirir. İdarə tərəfindən müddət ərzində təmir-bərpa işləri aparılmışdır.

Hesabat dövründə Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən müəyyən işlər görülmüşdür. Ümumtəhsil məktəblərinin 1891 minif komplektində 29524 nəfər şagird təhsil almış, onların təlim-tərbiyəsi ilə 4495 nəfər müəllim məşğul olmuşdur.

2007-ci ilin sentyabr ayının 15-də şəhərin Yaramallar məhəlləsində Heydər Əliyev Fondunun vəsaiti hesabına 240 yerlik məktəb binasının tikintisi başa çatdırılaraq burada şəhər 6 saylı orta məktəbi təşkil olunmuşdur. Beləliklə şəhərimizdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin sayı 101-ə çatmışdır. Heydər Əliyev Fondu tərəfindən şəhər 1 saylı orta məktəbi üçün inşa olunan 240 yerlik yeni məktəb binasının tikintisi də başa çatdırılmış və yeni dərs ilində şagirdlərin istifadəsinə verilmişdir. Hər iki məktəb yeni, müasir inventar və avadanlıqlarla təchiz olunmuşdur.

Müddət ərzində Şəkidə fəaliyyət göstərən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı, pedaqoji, musiqi texnikumları, tibb məktəbi, Dövlət Texniki Kolleci, 1 və 2 saylı peşə məktəbləri tərəfindən kadr hazırlığı, təlim-tərbiyə işlərinin qurulması istiqamətində işlər davam etdirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzində müxtəlif sahələr üzrə mərkəzin əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat işləri davam etdirilmişdir.

Şəki Şəhər İcra Hakimiyyəti öz fəaliyyətində ideya-siyasi təbliğata, ictimai-siyasi təşkilatlar və dini qurumlarla, milli azlıqlar, etnik qruplar, aztəminatlı ailələr, qaçqın və məcburi köçkünlərlə, kütləvi informasiya vasitələri ilə işə önəmli yer vermişdir.

İctimai birliklərin maarifçilik sahəsində apardıqları iş əsasən yeni yaranan QHT-lərin təcrübə qazanması, gənc sahibkarların qanunvericiliklə tanış etdirilməsi, kiçik və orta biznesə başlamanın yollarını öyrənməsi, qadınların öz hüquqlarını bilmələri, ailə planlaşması və Gender proqramının mahiyyətini dərk etmələri, ölkədə vətəndaş cəmiyyəti quruculuğuna mane olan cəhətlərin aradan qaldırılması üçün görülməli olan tədbirlərin izahı və digər bu kimi məsələləri əhatə edir.

Şəki Şəhər İcra Hakimiyyəti vətəndaş cəmiyyəti quruculuğu prosesinin uğurla davam etməsi üçün ictimai-siyasi proseslərə daha fəal müdaxilə etmək imkanı olan siyasi partiyalarla münasibətləri "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanununa əsasən qurur. Həyata keçirilən ardıcıl tədbirlər bu istiqamətdə müsbət dinamizmin saxlanılmasına, Şəkidə ictimai-siyasi durumun stabilliyinin qorunmasına və demokratiya anlayışının insanların düşüncəsinə təkamül yolu ilə hakim kəsilməsinə imkan yaradır.

Müddət ərzində Şəki Şəhər İcra Hakimiyyətinə 776-ı respublikanın yuxarı orqanlarından, 1804-ü isə rayon əhalisindən olmaqla 2580 ərizə daxil olmuşdur. yuxarı orqanlardan daxil olmuş ərizələrdən 580-ı Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından, 46-ı Milli Məclisdən, 13-ü Nazirlər Kabinetindən, qalanları isə digər mərkəzi orqanlardan göndərilmişdir. Ərizələrin təhlili göstərir ki, vətəndaşlar əsasən mənzil, ev tələbi, maddi yardım göstərilməsi, tibbi müayinə və müalicə, əlillik məsələləri, evlərin təmiri, torpaq məsələləri, kommunal xidmət məsələləri, təbii fəlakət zamanı dəymiş ziyanın aradan qaldırılması və s. ilə əlaqədar müraciət edirlər. Araşdırma zamanı məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından göndərilmiş ərizələrin təxminən dörddə biri mənzil məsələsi ilə bağlıdır və hazırda şəhər icra hakimiyyətinin mənzil fondunda boş mənzillərin olmaması, hələlik ictimai mənzil tikintisinin aparılmaması onların müraciətlərini müsbət həll etməyə imkan vermir. Daxil olan ərizələrin içərisində vətəndaşların kifayət qədər bilgilərinin olmaması səbəbli müraciətlərin aidiyyəti üzrə birbaşa ünvanlanmaması halları da vardır.

Hörmətli yığıncaq iştirakçıları!

Dəyərli qonaqlar!

Çıxışımda qeyd olunan, görülən işlərlə yanaşı həllini gözləyən problemlərimiz və perspektivdə dayanan planlarımız da vardır. 2008-ci ildə həyata keçirilməsini qarşımıza məqsəd kimi qoyduğumuz məsələlər barədə sizləri qısaca da olsa məlumatlandırmaq istəyirəm.

Şəkidə müstəqil Dövlət Universitetinin açılması, bağlanılmış müqavilələrə uyğun olaraq camışçılıq, quşçuluq, donuzçuluq komplekslərinin yaradılması, Aliminium-Polimer komponentli təbəqə istehsalı, polietilen aşqar qatılmış rəngli metal örtükləri istehsalı üzrə müəssisələrin yaradılması, üzümçülüyün inkişafı istiqamətində Fransa və İtaliya şirkətləri ilə birgə layihələrin həyata keçirilməsi, şərab zavodunun, yun emalı və yun sap əyirən müəssisənin region üçün xüsusi əhəmiyyətə malik, gündəlik emal gücü 250 ton olan şəkər çuğunduru zavodunun, yeni məktəblərin və səhiyyə obyektlərinin tikintisi, turizmin inkişafı məqsədilə Aşağı Karvansara kompleksinin bərpası, şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması, abadlıq və quruculuq işlərinin davam etdirilməsi, on minlərlə kənd əhalisinin maddi rifah halını yüksəltmək və yoxsulluğunu azaltmaq, onların enerjiyə olan tələbatını ödəmək məqsədilə Şin çayı üzərində su elektrik stansiyasının tikintisi, əhaliyə kommunal xidmətin səviyyəsinin yüksəldilməsi və digər bu kimi tədbirlər qarşımızda duran ümdə vəzifələrdəndir.

Möhtərəm Prezidentimizin nitqində qeyd olunan bütün məsələlərin icrası üçün öhdəmizə düşən vəzifələri müəyyən etmək və həyata keçirmək üçün daha səylə çalışmalı, elə etməliyik ki, cari ili yaxşı göstəricilərlə başa vuraq və 2008-ci ilin uğurları olması üçün indidən tutarlı zəmin yaradaq.                                          

Hamınıza uğurlar diləyirəm.