RAMİZ MİRZƏYEVİN PARLAQ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQDIR 
 

    Dostumuz Ramiz Mirzəyev vaxtsız vəfat etdi. Bizdə olan məlumata görə, R.Mirzəyev uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. İsraildə müalicə olunan AFFA prezidenti oktyabrın 29-da Bakıya qayıtmış və oktyabrın 31-də səhər saatlarında dünyasını dəyişmiş- dir. Mərhum öz vəsiyyətinə görə, ata yurdunda - Tovuz rayonunun Dondar Quşçu kəndində torpağa tapşırılmışdır 
 

  -----------------------                                                                                                                                ------------------

    Mirzəyev Ramiz Şəmşəd oğlu 1954-cü il oktyabrın 27-də Azərbaycan Respublikasının Tovuz rayonunda anadan olmuşdur.

    1972-ci ildə Tovuz şəhər orta məktəbini bitirmiş və həmin il Azərbaycan Politexnik İnstitutunun "Radiomexanika və radiorabitə" fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1977-ci ildə institutu bitirərək radio rabitəsi və radio verilişi üzrə mühəndis ixtisası almışdır.

    1977-ci ilin sentyabr ayından 1980-ci ilin yanvar ayınadək Respublika Rabitə Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır. 

    1980-ci ilin yanvar ayından 1986-cı ilin aprel ayına qədər SSRİ Qaz Sənayesi Nazirliyinin "Azqaznəql" istehsalat birliyində böyük mühəndis, böyük mühəndis-qrup rəhbəri, mənzil-məişət və kadrlar şöbəsinin rəisi vəzifələrində, 1986-cı ilin aprel ayından 1988-ci ilin may ayına kimi Azərbaycan SSR Dövlət Qazlaşdırma Komitəsi "Azqaztəmirtikinti" ixtisaslaşdırılmış təmir-tikinti trestinin "istehsal- texnoloji komplektləşdirmə" idarəsində baş mühəndis, rəis vəzifələrində, 1988-ci ilin may ayından 1997-ci ilin iyun ayına qədər Azərbaycan Dövlət Qazlaşdırma Komitəsində, 2 yanvar 1989-cu il tarixindən Azərbaycan SSR Dövlət Yanacaq Komitəsində, 3 sentyabr 1992-ci il tarixindən "Azəriqaz" Dövlət Şirkəti maye qazın istehsalı və ixracı üzrə istehsalat birliyində rəis müavini, rəis, 5 may 1995-ci il tarixindən isə maye qaz üzrə istehsalat birliyinin baş direktoru vəzifələrində işləmişdir.

    1997-ci ilin iyun ayından etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərneftyağ" istehsalat birliyinin baş direktoru, 31 mart 2003-cü il tarixindən 26 avqust 2006-cı il tarixinə qədər "Azərineftyağ" neft emalı zavodunun direktoru vəzifəsində işləmişdir.

    2006-cı ilin avqust ayından etibarən Azər- baycan Respublikası Sənaye və Energetika Nazirliyində nazir müavini vəzifəsində çalışmışdır.

    29 dekabr 2003-cü ildə Azərbaycan Futbol Federasiyasının prezidenti seçilmişdir.

    1993-cü il fevralın 23-dən Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, YAP-ın Xətai rayon təşkilatının sədri idi.

    1997-ci ildə Azərbaycan Universitetinin "hüquq" fakültəsinin qiyabi şöbəsinə daxil olmuş və 2000-ci ildə universiteti bitirərək hüquqşünas ixtisasına yiyələnmişdir.

    1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının "Biznesin İdarə Olunması"  istiqaməti üzrə ixtisaslaşdırmaya daxil olmuş və 2001-ci ildə ümumi təyinatlı biznesin idarə olunması ixtisaslaşması üzrə magistr dərəcəsi almışdır.

    2000-ci ildə Azərbaycan Universitetinin hüquqşünaslıq istiqaməti üzrə ixtisaslaşdırmaya daxil olmuş və 2002-ci ildə beynəlxalq hüquq ixtisaslaşması üzrə magistr dərəcəsi almışdır.

    Beynəlxalq Ekoenerji Akademiyasının 7 may 1999-cu il tarixli qərarı ilə Akademiyanın elmlər doktoru, 11 fevral 2000-ci il tarixli qərarı ilə akademiki, Azərbaycan Respublikası Ali Attestasiya komissiyasının 14 fevral 2003-cü il tarixli qərarı ilə texnika elmləri namizədi alimlik dərəcələrini almışdır.

    Nyu-York Elmlər Akademiyasının 2003-cü ilin sentyabr ayında qəbul edilmiş qərarı ilə akademiyanın fəal üzvü seçilmişdir.    

    Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyasının 30 iyun 2006-cı il tarixli qərarı ilə texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.

    50-dən artıq elmi əsərin müəllifi və "Şəkinin səsi" qəzeti redaksiya heyətinin üzvüdür.

    Azərbaycan "Bilik" Maarifçilik Cəmiyyətinin 29 dekabr 1999-cu il tarixli qərarına əsasən Yusif Məmmədəliyev adına mükafat və medalla, 22 dekabr 2003-cü ildə "Milli sənaye üçün həvəsləndirmə cəmiyyəti" tərəfindən "Napaleon" medalı ilə, 11 aprel 2004-cü ildə "Qızıl Fonduna" Beynəlxalq Akademik Reytinqi tərəfindən IV dərəcəli "Şərəf, Şöhrət, Əmək" Georgiyev medalı ilə, 18 noyabr 2005-ci ildə "Azərbaycan Həmkarlar İttifaqının 100 illiyi" yubiley medalı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 18 sentyabr 2002-ci il və 15 sentyabr 2004-cü il tarixli qərarları ilə ARDNŞ-nın fəxri fərmanları və Azərbaycan Həmkarlar İttifaqı Konfede- rasiyasının 18 sentyabr 2003-cü il tarixli qərarı ilə AHİK-in fəxri fərmanı ilə təltif edilmişdir.

    Ölkənin ictimai-siyasi həyatında xüsusi fəallıq göstərmişdir.

    Ailəli idi. İki övladı var.

    Ramiz Mirzəyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

    ALLAH RƏHMƏT ELƏSİN.  

    "ŞƏKİNİN SƏSİ" QƏZETİ REDAKSİYA HEYƏTİNİN ÜZVLƏRİ VƏ OXUCULARI ADINDAN:

    Nazim İbrahimov, Asif Əsgərov, Vilayət Zahirov, Asif Məmmədov, Natiq Qasımov, Qafar Əliyev, Aslan Aslanov, Yaqub Mahmudov, Rəfael Mənəfov, Marat Əkbərov, Əhməd Əhmədzadə, Hadi Rəcəbli, Kamil Rəhimov, Abbas Göyüşov, Zərinə Cavadova, Əhməd İsayev, Salis Məmmədov, Firədun İbrahimov, Şahin Babayev, Gülnaz Salamova, Fikrət Cəfərov, Arzu Abdulhəmidov, Kazım Məmmədov, Firqət Məmmədov, Həsən Həsənov, Arif Şükürov, Cavanşir Feyziyev, Sabir Əfəndiyev, Rafiq Şükürov, Cavanşir Qurbanov, Cuma Mustafayev, Töhrab Hüseynov, Məhəmməd Əhmədov, Natiq və Şahin Şirinzadələr, Məhəmməd Nəsibov, Mahir Rəcəbli, Şahin Hüseynov, İmran Bahadov, Elmira Məmmədova, İlham Hacıyev,  Nəsib Növbərov, Zülfiqar Mahmudov, Ramazan Həmidov, Vüqar Məmmədov.   

   -----------------------                                                                                                                                   -----------------------

    XATİRƏLƏR YADA  DÜŞÜR 

    RAMİZ MİRZƏYEVİN ƏMƏKDAR  DUNRALİST SALİS MƏMMƏDOVLA BAĞLI ÜRƏK SÖZLƏRİ 

    “Şəkinin səsi” - “İpəkçi”nin 1 yanvar 2007-ci il  tarixli  sayını nəzərdən keçirərəkən... 

    RAMİZ MİRZƏYEV: – Bizim istər indiki rəsmi qəzetlərimiz olsun, istərsə də Milli Televiziyamız 1990-92-ci illərdə siravi deputat- təqaüdçü Heydər Əliyevi  “it arısı”  kimi sancanda  – belə bir ağır vaxtda “İpəkçi” qəzeti bu müdrik insanın “harayı”na çatdı, ona arxa oldu, dayaq durdu... 

    ÖN SÖZ:

    Ötən ilin dekabr ayının 10-da YAP Şəki Şəhər təşkilatının VI konfransı keçirilmişdir. Konfransın işində YAP İdarə Heyətinin üzvü - respublika Sənaye və Energetika nazirinin müavini, AFFA-nın prezidenti Ramiz Mirzəyev də iştirak etmişdir.

    Hörmətli Ramiz müəllim çıxışının bir anında fədakar, mətin, yorulmaz insan - "Şəkinin səsi"  və "İpəkçi" qəzetlərinin baş redaktoru, respublikanın əməkdar jurnalisti Salis Məmmədov haqqında da ürək sözlərini bildirməyi özünə borc bilmişdir. Ramiz müəllimin bu ürək sözlərini qələmə almış konfrans nümayəndəsi Arzu Abdulhəmidovun qeydlərini oxucularımıza təqdim edirik. 
 

Şəkildə: Ramiz Mirzəyev (sağdan ikinci)  YAP Şəki təşkilatının VI konfransı iştirakçıları ilə birlikdə 
 
    RAMİZ MİRZƏYEV: -Mən 1993- cü ildən başlayaraq Salis müəllimin qəzetlərini mütəmadi olaraq alıram. Bu iki qəzetin birləşmiş hər sayını oxuduqca bu fədakar insanın öz peşəsinin nə qədər vurğunu olduğunu aydın hiss edirəm. Salis müəllimlə mənim şəxsi tanışlığım olmamışdır. Onu mən şəxsən bu günlərdə tanımışam. Amma bilirdim ki, o, milli jurnalistikamızın inkişafında öz xüsusi dəsti-xətti ilə fərqlənmiş, onun tərəqqisinə, azad və müstəqil mətbua- tımızın formalaşmasına özünün ən dəyərli töhfələrini vermişdir. Salis müəllimin elmi biliyi, fundamental araşdırmaları, ölkədə və beynəlxalq aləmdə baş verən proseslərə obyektiv münasibəti onun uzaqgörənliyini bir daha təsdiq etmiş, daim milli mənafeləri üstün tutması çoxsaylı oxucularına düzgün yol göstərmişdir. Təsadüfi deyildir ki, ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə ölkə rəhbəri seçildikdən sonra "İpəkçi"nin 60 illik yubileyinə bir-birinin ardınca iki dəfə təbrik göndərmişdir. Bu təbriklərin hər sətrində Heydər müəllimin qəzetin baş redaktoruna, onun yaradıcı  

    Şəkildə: Ramiz Mirzəyev (sağdan birinci) şəhərin rəhbərləri və millət vəkilləri ilə birlikdə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərkən...  Fotolar Salisindir. 

    kollektivinə sonsuz məhəbbəti hiss olunmuşdur. Çünki uzun illər respublikaya rəhbərlik edərkən, sonralar Moskvada-Kremldə işləyərkən onun baş redaktor olduğu qəzetin nüfuzuna, şöhrətinə, yaxından bələd olan ümummilli liderimiz haqlı olaraq qeyd etmişdir ki, Salis müəllimin "İpəkçi" qəzeti 60 illik yaradıcılıq yolunu şərəflə keçmiş, respublikamızın ictimai-siyasi həyatını dolğun əks etdirməklə öz oxucularının dərin rəğbətini qazanmışdır." Əslində, ümummilli liderimiz bu sözləri ilə Salis müəllimin illərdən bəri sadiq qaldığı baş mövzusunu, əsas qayəsini, məqsədini bir daha öz dəst-xətti ilə yada salmış, ona bundan sonra da haqqın, ədalətin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə etmişdir. Məhz Salis müəllim bu cəhətdən - yəni ulu öndərə olan sonsuz sədaqəti, ehtiramına görə bir şəxsiyyət kimi xalq arasında xüsusi hörmət qazanmışdır. Salis müəllimin ümummilli lider Heydər Əliyevin ən çətin məqamlarında belə ona mənəvi dayaq durması, öz qəzetində açdığı: "Gəlin Heydər Əliyevi" qoruyaq, o, bundan sonra da bizə hava və su qədər çox lazım olacaqdır" rubrikası altında verdiyi kəskin materiallar öz dövrünə görə "nadir" hadisə idi. O vaxt rəsmi qəzetlərin hamısı öz orqanı olduqları "yuxarı" təşkilatların "sifariş"lərini yerinə yetirirdilər. Təzəcə fəaliyyətə başlayan müstəqil qəzetlər isə Xalq Cəbhəsinin mövqeyindən çıxış edirdilər. Heydər Əliyev isə xalqdan, seçicilərdən aldığı mandat ilə sıravi deputat kimi Ali Sovetin sessiya iclaslarında iştirak edərkən, yüksək tribunadan xalqa həqiqəti deyərkən, əvvəlcədən hazırlanan, muzdla tutulmuş deputatlar Əliyevə qarşı böhtanlar, ittihamlar yağdırırdılar. Vaxtilə Əliyevin kölgəsini görəndə yerişlərini belə itirən bu yalançı "pəhləvan"lar günəşi göydə danmaqdan, "ağa-qara" deməkdən belə utanmırdılar.

    Belə bir ağır vaxtda Salis müəllim Heydər Əliyevə arxa oldu, dayaq durdu. Milli Televiziyadan, "Xalq qəzeti"ndən, "Azərbaycan"dan fərqli olaraq öz qəti sözünü dedi. Ali Sovetin adı çəkilən sessiya iclaslarını "rüsvayçı ittihamlar" məkanı kimi "qamçı"ladı. O vaxt bu cür hərəkət etmək hər oğulun işi deyildi.

    Bir sözlə, Salis Məmmədov mərhum prezidentimiz, milli liderimiz Heydər Əliyevin yaxın dostu olmuşdur. Şəxsən mən belə bir görkəmli jurnalistimizlə tanışlığımdan qürur duyur və onun tərəfindən dost kimi qəbul ediləcəyim halda, özümü dünyanın ən xoşbəxt adamı hesab edərdim.

    Bu gün Salis müəllimin daha bir operativliyinin də şahidi olduq. O, konfransın gedişini öz fotoaparatının obyekti ilə lentə köçürdü. Onun bir an içində çəkdiyi fotoşəkillərə baxanda elə başa düşmək olar ki, bu  şəkilləri peşəkar fotoqraf çəkmişdir. Mən də öz növbəmdə söz verirəm ki, Salis müəllimin qarşıdan gələn 75 illik yubileyi üçün ən müasir bir fotoaparat alıb ona hədiyyə verəcəyəm. (Alqışlar).

    Doğrudan da, bu insanı tanıyanlar, onun min bir çətinliklə hazırladığı qəzetini oxuyanda fikirləşirsən ki, hamı öz peşəsinə, sənətinə onun kimi ürək yanğısı ilə yanaşsaydı, görün, nələr etmək, nələr yaratmaq mümkün olardı.

    Hörmətli Salis müəllim! Sizi qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.  

                            

   Qələmə aldı:  

    Arzu ABDULHƏMİDOV   Şəki Şəhər Bələdiyyəsinin üzvü.  

  


      -----------------------                                                                                                                                   -----------------------

     

İCRA BAŞÇISI İLƏ GÖRÜŞLƏR 


 

    Bu günlərdə Azərbaycan Res- publikası Milli Məclis Aparatının Dövlət Qulluğu və Kadr Məsələləri Şöbəsinin müdiri, 2-ci dərəcəli dövlət müşaviri İmadəddin Əbdüləzizov və USAİD-in Azərbaycan Parlament Proqramının rəhbəri cənab Petro Morqos Şəkidə olmuş, Milli Məclisin deputat köməkçiləri üçün seminar-treninq keçirmişlər.

    Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov hörmətli qonaqları qəbul etmiş, Milli Məclisin deputat köməkçiləri üçün Şəkidə belə bir tədbirin keçirilməsindən razı qaldığını bildirmişdir.

 

       -----------------------                                                                                                                                   ----------------------
 

    NƏRGİZ  ŞAHMAROVA 

    SƏRHƏDÇİ  QARDAŞ

    TƏBRİK EDİRİK! 

    Bakıdan Şəkinin təhsil işçisi Nərgiz Ramil qızı Şahmarovanın ünvanına xoş xəbər çatdırılmışdır. Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunları Komandanı general-leytenant Elçin Quliyevin imzaladığı III dərəcəli diplom Nərgiz xanıma təqdim edilmişdir.

    N.R.Şahmarova "Vətən sərhədlərinin keşiyində" keçirilmiş bədii ədəbiyyat üzrə müsabiqədə iştirak edərək, 3-cü yeri tutmuş - "Sərhədçi qardaş" hekayəsinə görə 3-cü dərəcəli diplomla və pulla mükafatlandırılmışdır.

    Qəzetimizin oxucuları adından Nərgiz  xanımı təbrik edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

    Aşağıda N. R.Şahmarovanın mükafata layiq görülmüş hekayəsini dərc edirik.                

    Yenə külək əsirdi. Elə bil kiminləsə gizlənpaç oynayırdı: kimi isə axtarır, ağacları əyir, kolların dibini eşir, elə bil istədiyini tapmadıqca hirslənir, "vıyıltı"sını artırırdı. Külək gözlə görünməsə də, hər kəs onun işini seyr edə bilir, onu hiss edirdi. Bu hissetmə qabiliyyəti keçmişdə qadınlarda çox olardı, indi kişilərdə də güclənib. Hər şeyi hiss edirlər, bilirlər, amma, susurlar – ətrafı dinləsək ancaq qadınların səsini eşidirik.

    Elə bu yaxında həyətdən gələn səs də qadın səsi idi. Qonşumuz Suğra xala böyük oğlunu danlayırdı. Deyirlər atası öləndən sonra o yolunu azıb, qoşulub şəhərdəki narkomanlara. İşdən də çıxardıblar onu. Son vaxtlar elə bil ağırlaşıb, kütləşib. Mənasız, etinasız soyuq gülümsəməyi də adamı lap qorxudurdu. İndi də, elə gülümsəyirdi, sanki anasının dedikləri ona heç çatmır, onu eşitmirdi.

    Bu vaxt kiçik qardaşı Adil, əlində zənbil həyətə girdi. Zənbili tez yanına qaçmış anasına verərkən əlüstü onu danlayaraq dedi:

    -Yenə başladın?

    Ana elə bil böyüyün qarşısında bəraət qazanan uşaq kimi astadan yazıq-yazıq dedi:

    -Mən ona heç nə demirdim, onsuz da xeyri yoxdur – Ana köks ötürüb mətbəxə keçdi. Ananın kiçik oğluna iltifat göstərməsinin, son zamanlar bir sözünün iki etməməsinin səbəbi vardı. Bu da o idi ki, Adil bu günlərdə əsgərə gedəsi idi. Bu səbəbdən də ana onun sevdiyi bütün yemək – şirniyyatları bişirib ona yedirməyə çalışırdı. Adil isə heç vaxt vəziyyətdən bəhrələnib, bəziləri kimi ərköyünlük etməzdi. Əksinə anasına, xüsusi ilə qardaşı Asifə qarşı daha çox diqqətli və nəvazişli olmuşdu. Qardaşına ürəyi yanırdı. Atasını itirməsi, sevdiyi qızın onu atıb varlı bir şəxsə ərə getməsi səbəbindən onun əzildiyini, “sındığı”nı düşünürdü, ancaq bütün varlığı ilə qardaşına dayaq durmağa, onun qəddinin əyilməməsi üçün hər şeyə hazır idi. Onsuz da, bu hadisələrdən - əvvəllərdə nə olubsa-olsun Adil həmişə qardaşının tərəfində idi. Adətən böyük qardaş kiçiyə arxa-dayaq olardı. Ancaq Adilin işi-peşəsi toylarda, məclislərdə düşən mübahisə və davalarda Asifi müdafiə etmək, haqsız olduğunu bilsə belə, el içində arxasını yerə vurmazdı. Ən maraqlısı da bu idi ki, həmişə Adilə görə Asifi bağışlayırdılar. Çünki Adil həmişə sülhsevər olmuş-dava-dalaşla işi olmaz, hələ bir kəsin də qəlbini qırmazdı. Buna necə nail olurdu doğrudan da maraqlı idi. Çox adamların bu çevik, gülərüz oğlana hörməti vardı.

    Elə mən də onun xətrini çox istəyirdim. O, mənə uşaqlığımı, ilk gəncliyimi xatırladırdı. Düzünü desəm məndən də yaxşı idi. Son zamanlar o, elə evdə sülhsevərlik missiyasını yerinə yetirməkyə məcbur olur, anası ilə qardaşı arasındakı münaqişələri yatırıb bir babat sülhü bərpa edir, sonra da qayğıkeşliklə qardaşını süzərdi. İndi də o beləcə isti baxışlarla qardaşına baxırdı.

    Asif başını aşağı əymişdi. Qıvrım saçları daşın üstündə bitmiş otlar kimi yellənirdi. Adil qardaşının qıvrım tellərinə baxıb dilləndi:

    -Saçlarını niyə vurdurmursan?

    -Mən niyə vurdurum? Əsgərə gedən sənsən - deyə gözlənilmədən cavab verdi.

    Adil hər gün sığal çəkdiyi sevimli tellərini sığallayıb tez narahatlıqla soruşdu:

    -Doğrudan, saçlarımı təmiz qırxdıracaqlar?

    -Elə də yox, narahat olma - deyə Asif astadan dilləndi, sonra yenə səsləndi:

    -Deməli sərhəddə xidmət edəcəksən?...

    -Bəli - deyə Adilin gözləri sevinclə parladı. -Bilirsən, necə sevinirəm ki, sərhədçi olacağam...

    Asif yenə laqeydliklə dedi:

    -Nəyə sevinirsən. İndi sərhəddə xidmət etmək həm çətin, həm də qorxuludur.

    Adil onun cavabından təəccüblənərək soruşdu:

    -Sən hardan bilirsən sərhəddə xidmətin çətin olduğunu?

    O, "qorxuludur" sözünə diqqət verməkdən çəkinərək onu demədi nədənsə. Asif özünün gizli dünyasına qapılmışdı və bir az susdu. Sonra özünün sevimli cavabını səsləndirdi:

    -Çox bilsən, tez qocalarsan -deyib söhbətə nöqtə qoydu.

    Adil daha ondan heç nə soruşmadı. Bilirdi ki, qardaşı daha heç nə deyən deyil. Ona görə də susdu.

    Artıq bu söhbətlərdən çox vaxt keçmişdir. Sərhədçi Adil dostları və sevimli iti ilə sərhəddə idi. Külək yenə "gizlənpaç" oynayırdı. Hər yeri altına-üstünə çevirib axtarırdı. Sərhədçilər də axtarırdılar. Günəşin zəif şüaları qaranlığı düşməyə qoymurdu. İşığın, küləyin, qaranlığın mübarizə apardığı qarışıq bir vaxtda, Adilin də hissləri, fikirləri nədənsə çox narahat olsa da bütün diqqəti sərhədpozanların axtarılmasında və sevimli itində idi. İtin zingildəməsinə, hərəkətlərinə fikir verirdi.

    Birdən o iki nəfər “sərhədçi” gördü:

    - Yəqin köməyə gəliblər, - deyə düşündü. Ancaq solğun günəşin şüaları altında lap yaxındakı sərhədçinin papağının altında yellənən qıvrım telləri gördü, onlar daşın üstündə bitmiş otlar kimi yellənirdi. Adilin sanki ürəyi yerindən sıçradı, bədəni buza döndü, ancaq alnından qaynar tər damcılandı. Ancaq özünü ələ aldı. Ömründə danışmamış lal kimi çətinliklə, zorla sərhədçi yoldaşlarına baxıb dilləndi:

    -Bunlar sərhədçilər deyil.

    Onlar əyilən kimi qarşıdakılar qaçmağa başladılar. Arxadan güllələr açıldı. Adil güllələri vecinə almayaraq irəli qaçdı. İrəlidə sərilmiş sərhədçi geyimli adama özünü çatdırdı. Yerə sərilmiş adam onun qardaşı idi. Ətrafında isə onun kimi minlərlə cavanların gənc həyatlarını məhv etmiş pullar səpələnmiş, torpağın üzərində ağ narkotik maddə ağarırdı. Adil öz sərhədçi çəkmələri ilə pulları və narkotik maddəni əzərək, əyilib qardaşının başını qolları arasına aldı. Qardaşı öz son sözlərini xırıldayaraq deyirdi:

    -Salam, sərhədçi qardaş!

    Sonra o doğrudan da daşa döndü, amma telləri daha yellənmirdi. Vətən torpağından əsən yellər isə öz borcunu yerinə yetirmiş sərhədçi oğlunun başını sığallayır, ona baş sağlığı verir, səbr diləyir, təki Vətənin sərhədləri qorusun – təki Vətən yaşasın deyirdi!.     
 

 -----------------------                                                                                                                                   -----------------------

    MİNNƏTDARLIQ MƏKTUBLARI 

    BU İKİ XANIMIN XEYİRXAH ƏMƏLLƏRİNDƏN SÖZ AÇMAĞA DƏYƏR..... 

    

“ŞƏKİNİN SƏSİ”- “İPƏKÇİ” QƏZETİNİN BAŞ REDAKTORU M.SALİS CƏNABLARINA 
 BAŞ GÖYNÜK KƏND SAKİNİ, TƏQAÜDÇÜ MÜƏLLİM, YAP ÜZVÜ, İKİ ƏLİL ATASI   SAMİT HACIYEV TƏRƏFİNDƏN 

    Hörmətli baş redaktor!

    Sizdən xahiş edirəm ki, mənim bu məqaləmin qəzetinizdə dərc olunmasına yardımçı olasınız. Öz vəzifələrini təmannasız olaraq ləyaqətlə yerinə yetirən xoş məramlı xanımlarımız haqqında yazdığım bu məqaləm, heç şübhəsiz, ictimaiyyətdə əks-səda doğuracağına inanıram.

    Hörmətli redaktor! Çox illər ürəyimdə bu xanımların vicdanlı əməyini gəzdirmişəm və öz-özümə demişəm: “Nə əcəb mən bunların əməyini mətbuat vasitəsilə ictimaiyyətə çatdırmamışam. Qoy, vəzifədə olan digər qadınlarımız da onlardan nümunə götürsünlər...

    Sizə təqdim elədiyim xanımlardan birincisi uzun müddət Şəki Rayon Təhsil şöbəsi həmkarlar təşkilatında sədr işləmiş, hal-hazırda  Şəki şəhər bələdyiyəsinin sədri olan Gülnaz xanım Salamovadır. Xanımlardan  ikincisi isə  Şəki Şəhər Təhsil şöbəsi həmkarlar təşkilatının sədri Fəridə xanım Mirzəyevadır.

    İstər Gülnaz xanım, istərsə də Fəridə xanım – hər ikisi müəllimlik fəaliyətində, müəllimlərlə işlədiyi dövrdə hamının hörmətini  qazanmışdılar. Qarabağ müharibəsi döyüşlərində şəhid olanların ata-analarına, əlil atalara, analara böyük qayğı ilə yanaşmış, maddi köməklik göstərmişlər. Onlar şəxsən mənim oğlum Nüsrət Hacıyev “Neftçi”lər xəstəxanasında müalicə aldığı vaxt 5 ay müddətində ona maddi yardım etmişlər. Ehtiyacı olan müəllimləri müalicə-sanatoriyalara pulsuz putyovkalarla yola salmışlar.

    Baş Göynük kənd 1 saylı orta məktəbdən Kərimov Söhraba, hər il müalicəyə ehtiyacı olan Mirzə Məmməd oğluna və başqalarına dəfələrlə yardım etmişlər.

    Bu müəllimə xanımlar indi vəzifə aparırlar. Arzum budur ki, daha da irəli getsinlər.

    Ümummilli lidermiiz H.Əliyev müəllimlərin şəxsiyyəti qarşısında həmişə baş əyərdi. Teymurləng vəsiyyət etmişdi ki, öləndə məni müəlliminin ayağı tərəfində basdırsınlar. Hər iki şəxsiyyətə – Gülnaz xanıma, Fəridə xanıma can sağlığı  və öz nəcib işlərində uğurlar arzulayıram. 

    Samit HACIYEV,

    Baş Göynük kənd sakini, təqaüdçü müəllim.   

        -----------------------                                                                                                                                   -----------------------

    ƏRƏSTUNUNUN SAĞLAMLIĞI BƏRPA EDİLDİ 
 

    YAP-ın Şəki Təşkilatının Aşağı Güncüd kəndindəki səlahiyyətli nümayəndəsi Ərəstun Məmmədov işlə əlaqədar şəhər qərargahına gələrkən ağlına belə gətirməzdi ki,  onun səhətti ilə bağlı nəsə xoşagəlməz bir “hadisə” baş verəcək. Amma, bu qəribə dünyamızda hər şeyi gözləmək mümkün idi. Ərəstununun birdən-birə özünü itirməsi, qan təzyiqinin “fantan” vurması, özünü “idarə” edə bilməməsi qərargah üzvlərini “şok” vəziyyətə saldı. Başda Kamil Məmmədov olmaqla, təbabət elmindən xəbərdar olan bizim xeyirxah  Solmaz bacımız vaxt itirmədən təcili yardım stansiyasına zəng vuraraq kömək istədilər. Beş dəqiqə keçməmiş təcili yardım maşını qərargahın qarşısında göründü. Həkim Qorxmaz İbrahimxəlilov və tibb bacısı Validə Abdullayeva hüşsuz vəziyyətdə divana uzanmış xəstəni müayinədən keçirdilər: “Dava-dərman”ını müəyyən edib, qoluna, böyrünə “iynə”lər yeritdilər. Heç 10-15 dəqiqə keçməmiş Ərəstun özünə gəldi, huşu “bərpa” olundu. Və sağlamlığında yaranmış “problem”ləri aradan qaldıran, onu yenidən həyata qaytaran həkim Qorxmaz İbrahimxəlilova, tibb bacısı Validə xanıma, qərargahın aparıcı əməkdaşlarından biri olan Kamil müəllimə və hörmətli Solmaz xanıma öz hədsiz minnətdarlığını bildirdi.  

    Müzəffər UMAROV

<<< ana səhifə