OXUCULARIN YARADICILIĞI
(Ölməz vətən oğlu,
qeyrətli telejurnalist,
Milli Qəhrəmanımız, həmyerlimiz
Çingiz Fuad oğlu Mustafayevin
unudulmaz xatirəsinə həsr edirəm)
ÇİNGİZ
Yaşadı ömrünün hər bir anıyla,
Sevdi millətini əziz canıyla.
Fuad vüqarıyla, Naxış qanıyla,
Böyüdü, ucaldı, boy atdı Çingiz.
"Marxal" ucalığı, Şah dağımızdır,
Şəki zirvəsində bayrağımızdır.
Hacı Çələbidi, Muştağımızdır,
Taledi, qismətdi, muraddı Çingiz.
"Yallı" da oynadı kiçik yaşında,
"215"-in durdu başında.
90-cı ilin haqq savaşında,
Vətən bayrağını ucaltdı Çingiz.
Dağladı düşməni söz ölümüylə,
Mərdlik, qəhrəmanlıq, düz ölümüylə.
Düşdü tarixlərə öz ölümüylə,
Ölməz qəhrəmanlıq yaratdı Çingiz.
Tele verilişiylə bizi "mat" etdi,
Döyüş meydanında ömr, həyat etdi.
Tele kameranı avtomat etdi,
Düşmənin bağrını qanatdı Çingiz.
Başımız üstündə hər zaman gəzər,
Qəlbi Azərbaycan, sinəsi Xəzər.
Qafqaz göylərində qartala bənzər,
Vahidlə cüt “uçan” qanaddı Çingiz.
Yazığı gəlmədi gənc həyatına,
Girdi Xocalıda güllə altına.
Səs saldı dünyanın yeddi qatına
Ölməyən bir əsər yaratdı Çingiz.
Gəzib bir-bir o Qarabağı çəkdi,
Millətə vurulan o dağı çəkdi.
Ağlaya-ağlaya uşağı çəkdi,
Yatan Xocalını oyatdı Çingiz.
Ağdamda od idi onun dörd yanı,
32 yaşda töküldü qanı.
Doğma Qarabağı, Azərbaycanı-
Adıyla əbədi yaşatdı Çingiz.
İgid tək qələbə çaldı qorxuya,
Verdi varlığını haqqa, doğruya.
Bənzəyən Mehdiyə, qoç Koroğluya-
Milli Qəhrəmantək bir addı Çingiz.
Qurtuluş, Çingizim haqq nişanıdır,
Vətən torpağının asimanıdır.
Dünyanın birinci qəhrəmanıdır-
Ölməyən tarixdi, həyatdı Çingiz.
--------------------------------------------------------------------------------
KƏRİM MÜƏLLİMİN,…
Zəhmətkeş, tələbkar bir insan idi,
Çətin iş onun üçün çox asan idi.
"Şəki" kitabını ilk yazan idi,
Vardı şan-şöhrəti Kərim müəllimin.
İki kitab yazdı, yadigar əsər,
Onu unutmasın bizim nəsillər.
Ötsə də zamanlar, keçsə də illər,
İtmədi hörməti Kərim müəllimin…
Şəkinin ziyalı ehtiyacıdı,
İki oğlu, bir qızı başın tacıydı.
Onun ilk sevgisi Rəna bacıydı,
Nurlu məhəbbəti Kərim müəllimin…
Əli dayı, Həsən dayı sözüydü,
Əziz bacıları görən gözüydü.
Xəlil, Rəsul, dayısının özüydü,
Yox idi qiyməti Kərim müəllimin…
Yaxşı mədəniyyət rəhbəri idi,
Şəxsiyyəti dillər əzbəri idi,
Şəki ana yurdu, şəhəri idi,
Vardı ləyaqəti Kərim müəllimin…
Nitqi təmiz idi, sözü mənalı,
Nurlu müəllim idi, özü mənalı.
Olardı hər zaman düzü mənalı,
Haqq sözü, söhbəti Kərim müəllimin…
Bir zaman çoxaldı dərdi-səri də,
Yazıldı ömrünə öz qədəri də.
Var idi sevinci, həm kədəri də,
Beləymiş qisməti Kərim müəllimin…
O Vətən oğludur, qoy ayan olsun,
Əməli nur kimi parlayan olsun.
Onun sevgisi ilə yaşayan olsun,
Şəki mədəniyyəti Kərim müəllimin…
Bütün insanlara əziz olardı,
Qəlbi Xəzər boyda dəniz olardı.
Məsləki, arzusu təmiz olardı,
Haqqı, ədaləti Kərim müəllimin…
Qurtuluş, o insan həmişə sağdır,
Başımız üstündə sönməz mayakdır.
Bizim qəlbimizdə yaşayacaqdır,
Nurlu şəxsiyyəti Kərim müəllimin
--------------------------------------------------------------------------------
"ATLARIN ƏHƏDİ KƏSİLİR" YAMAN
("Atların əhədi kəsilir" adlı publisist yazının müəllifi, həmyerlimiz,
ölməz dilçi alim Aydın Məmmədovun əziz xatirəsinə)
Allah da məəttəl qalır dünyaya,
Fələk qəm havası çalır dünyaya.
Zorlular qiyamət salır dünyaya,
İnsan tapdalanır, əzilir yaman,
Atların əhədi kəsilir yaman.
Yem baha, göylərin yeddi qatında,
Çörəyi azalır camaatın da.
Taqəti qalmayır yazıq atın da,
Canı xəstələnir, üzülür yaman,
Atların əhədi kəsilir yaman.
Arıq boğazları kəməndən düşür,
Halsızdır, nə dağdan, nə bənddər düşür,
İnsan da at kimi əhəddən düşür,
Daş olub yan-yana düzülür yaman,
Atların əhədi kəsilir yaman.
Eşşək yemin tapır, dağa dırmaşır,
Ayılar fil kimi lap ağırlaşır.
At əhəddən düşür, nəsli cırlaşır,
Sıxılır, qıc olur, büzülür yaman,
Atların əhədi kəsilir yaman.
Bir vaxt atlar idi heyvanlar şahı,
İndi ərşə çıxır amanı, ahı.
Artıq yazıqların yoxdu pənahı,
Qəlbindən göz yaşı süzülür yaman,
Atların əhədi kəsilir yaman.
Qurtuluş, əhədsiz can yaşayanmaz,
Aydın yazdığını tarix də danmaz.
Əhədsiz qalanın bəxti oyanmaz,
Neyləyək, bu dərdə dözülür yaman,
"Atların əhədi kəsilir" yaman
_____________________________________________________________________________
BİZİM OLSUN
Gözəldir Vətənimin qışı da, baharı da,
Aranda çəməni, dağda qarı da.
Vaxtsız qırılmasın ömür yarıda,
Dünya mənim olsun, mən də dünyanın.
Gəlmişik dünyaya ömür sürməyə,
Namusla işləyib, deyib-gülməyə.
Sevinci, kədəri dostla bölməyə-
Dünya bizim olsun, biz də dünyanın.
İlahi adətlər dəyişməz olur,
Dünya canlılarla boşalıb, dolur.
Yazda güllər açır, payızda solur,
Dönməz qanunudur qoca dünyanın.
Allah buyurubdur: "Səndən hərəkət,
Mən də verəcəyəm sənə bərəkət".
Bu müdrik kəlamla edək hərəkət,
Öyrənək sirrini ulu dünyanın.
Bilinmir neçədir dünyanın yaşı,
Məmməd yaş yetirdi, olmadı naşı.
O, əziz tutubdur dostu-yoldaşı,
Yaxşını, pisini görüb dünyanın.