Möhtərəm Prezidentimiz İlham Əliyev biz hakimlərin vəzifələrindən danışarkən, xatırlatmışdır ki, hər bir hakim dövlət qulluqçusudur. O, dövlət qulluğu haqqında qaydaları mükəmməl bilməli və buna ciddi əməl etməlidir. Məhkəmə sədrləri isə eyni zamanda idarə rəhbəri adlandırılırlar. Deməli, tabeçiliyində məhkəmə aparatı olan hər bir sədr, öz peşəsi ilə yanaşı, idarəetmə biliklərinə və bacarığına da malik olmalıdır ki, məhkəmənin işini qanunauyğun şəkildə idarə edə bilsin.

Hər bir məhkəmə sədrindən, onun aparatında çalışan hər bir hakimdən tələb olunan bir də budur ki, onlar insanlarla işlədiyi üçün psixologiya elminə də dərindən bələd olmalıdır. Başqa cür ola da bilməz. Elə götürək Şəki Rayon Məhkəməsini. Bizə müxtəlif xarakterli insanlar müraciət edirlər. Onlar bizə müraciət edənə qədər müxtəlif haqsızlıqlarla üzləşir, öz əsəblərini cilovlaya bilmirlər. Hətta, adi etika normalarından kənara çıxırlar. Əlbəttə, belə qeyri-norma hərəkətlər bizim əhvalımıza, əsəblərimizə mənfi təsir göstərir. Lakin hörmətli Ədliyyə nazirimiz Fikrət Məmmədov öz zəngin dünyagörüşünə və təcrübəsinə əsaslanaraq bizə belə məsləhət görülür ki, yaranmış gərgin psixoloji şərait ən adi işə düzgün baxılmasına, işin hüquqi hallarına obyektiv qiymət verilməsinə təsir göstərməməlidir. Biz də bu göstərişi daim rəhbər tuturuq. Belə hallarda məhkəmə baxışını dayandırır, işə baxılmasını tərəflərin və məhkəmə tərkibinin əsəbləri sakitləşənə qədər təxirə salırıq. Məhz bu kimi cəhdlər gözlənildiyi üçün işlərin baxılma keyfiyyətini xeyli yüksəldə bilmişik. İndi hər bir məhkəmə sədrindən, hər bir hakimdən tələb olunur ki, onlar ədəbi dili mükəmməl bilməli, qəbul etdiyi məhkəmə aktını "öz dili"ndə tərtib etməlidir. Bu isə o deməkdir ki, tərtib etdiyimiz məhkəmə aktları, xüsusilə çıxardığımız qətnamə və hökmlər bizim, necə deyərlər, "yaradıcılıq əsərimiz" olmalıdır. Çünki savadlı, elmi və hüquqi cəhətdən yazılan hökm və qətnamələrimiz hamıda xoş təəssürat yaratdığı kimi, savadsız, bəsit tərtib edilən sənədlər də ikrah hissi doğurur. Unutmamalıyıq ki, məhkəmə aktları (qətnamə, hökm, qərardad) hüquqi sənədlərdir. Buna görə də biz belə sənədləri tərtib edərkən qanunvericilikdə müəyyən olunmuş tələblərə tam əməl olunmasına, bu sənədlərin ardıcıl olmasına ciddi diqqət yetiririk.

Bizdən çox şey tələb olunur. Azərbaycan Prezidenti İlham Əliyevin obrazlı sözləri ilə desək: "hər bir hakim yüksək mədəniyyətə malik olmalıdır. Bu mədəniyyət onun həm məhkəmədə, həm də məhkəmədən kənar fəaliyyətində özünü göstərməlidir". Çox dəyərli məsləhətdir. Doğrudan da, biz bir insan kimi, çoxlarının diqqətini cəlb etməyə bilərik. Lakin hakim kimi istər-istəməz hamının diqqət mərkəzində olmalıyıq. Öz danışığımız, davranışımız, geyimimiz, ümumiyyətlə, bütün hərəkətlərimizlə hamıya nümunə olmalıyıq.

Bu gün məhkəmə sisteminin beynəlxalq standartlar çərçivəsində yeniləşməsi, cinayət, mülki, inzibati və digər hüquq sahələrində qanunların daha da təkmilləşdirilməsi və ölkədə aparılan hüquq islahatlarında zəruri addımların atılması, ilk növbədə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin misilsiz zəhməti, dərin zəkası və olduqca səbirli, təmkinli, müdrik baxışlarının, gərgin əməyinin bəhrəsidir. Mən tərəddüd etmədən deyə bilərəm ki, müstəqil Azərbaycan dövlətinin ədalət mühakiməsini ləyaqətlə həyata keçirə bilən məhkəmə hakimiyyəti, onun fəaliyyətini düzgün istiqamətləndirən qanunvericilik bazası artıq fəaliyyət göstərir. hakimlər korpusunun yeni üsulla formalaşdırılması prosesinin yüksək şəffaflıq, ciddi tələbkarlıq və nəzarət altında keçirilməsi əhalinin şüurunda məhkəmə hakimiyyətinə inam hissini daha da yüksəltmişdir.

İndi də bir neçə kəlmə Şəki Rayon Məhkəməsinin 2007-ci ilin 9 ayında gördüyü işlərə dair məlumat vermək istəyirəm.

Şəki Rayon Məhkəməsinə 2007-ci ilin 9 ayında - 2006-cı ildən olan qalıqla birlikdə 80 nəfər haqqında 68 cinayət işi, 2 nəfər haqqında 2 məhkəməyədək sadələşdirilmiş icraat materialı və 89 xüsusi ittiham qaydasında şikayət materialları daxil olmuşdur.

Qeyd olunan müddət ərzində məhkəmə tərəfindən baxılmış 56 iş üzrə ittiham hökmü çıxarılmış, 64 nəfər şəxs müxtəlif növ cəzalara məhkum edilmişdir. 8 nəfər barəsində bəraət verici əsaslar olmadan-zərərçəkmiş şəxslərlə barışmaları ilə bağlı 5 cinayət işinin icraatına xitam verilmişdir. 10 nəfər haqqında 9 cinayət işi 2007-ci ilin dördüncü rübünə saxlanılmışdır.

Eyni zamanda məhkəməyə daxil olmuş 89 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir.

2007-ci ilin 9 ayında məhkum edilmiş 64 nəfərdən 24 nəfərə (37,5 faiz) azadlıqdan məhrum etmə, 2 nəfərə (3,2 faiz) azadlığın məhdudlaşdırılması, 10 nəfərə (15,5 faiz) islah işləri, 5 nəfərə (7,8 faiz) ictimai işlər, 17 nəfərə (26,6 faiz) cərimə cəzası və 6 nəfərə (9,4 faiz)  şərti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.

Məhkum olunmuş 64 nəfərdən 12 nəfəri əvvəllər məhkum edilmişlərdir. Onlardan 6 nəfəri qadın, 45 nəfəri ilk dəfə məhkum edilməklə - heç bir yerdə işləməyən şəxslərdir. Həmin şəxslərin 16 nəfəri sağlamlıq əleyhinə olan cinayətlərinə, 20 nəfəri mülkiyyət əleyhinə olan cinayətlərinə, 6 nəfəri narkotik vasitələrin və psixotop maddələrin qanunsuz dövriyyəsinə, 4 nəfəri nəqliyyat təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozduğu cinayətlərinə, 3 nəfəri dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi və yerli özünüidarə orqanlarında qulluq mənafelərindən sui-istifadə etdiklərinə və 3 nəfəri idarəetmə qaydası əleyhinə olan cinayətlər törətdiklərinə görə məhkum edilmişlər.

Məhkəmədə baxılmış işlər üzrə cinayət törətmiş şəxslərin 31 nəfəri Şəki şəhər sakini, 4 nəfəri Baş Göynük kənd sakini, 4 nəfəri Bolludərə kənd sakini, 4 nəfəri Çələbixan qəsəbə sakini, 2 nəfəri Aşağı Göynük kənd sakini, 2 nəfəri Turan qəsəbə sakini, 2 nəfəri Zunud kənd sakini, 6 nəfəri kənar rayonlarda yaşayan,  9 nəfəri isə Vay-vay, Təpəcənnət, Bideyiz, Dərəcənnət, Suçma, Baş Layıskı, Böyük Dəhnə, Oravan, Kiş kəndlərində yaşayanlar olmuşdur.                  

2007-ci ilin 9 ayında Şəki Rayon Məhkəməsinin icraatına 2006-cı ildən olan qalıqla birlikdə 700 mülki iş daxil olmuşdur. bunlardan 450 iş üzrə mübahisə iddialarına baxılmış və həll edilmiş, 19 işin icraatına xitam verilmiş, 45 iş üzrə iddiaya baxılmadan saxlanılmış, 10 iş icraatı qəbul edilmədən qaytarılmış, 4 iş aidiyyəti təşkilatlara göndərilmiş və 172 iş məhkəməyə yeni daxil olmaqla, qalıq kimi qalmışdır.

Məhkəmədə mahiyyəti üzrə baxılıb, qətnamə və hökm çıxarılmış mülki işlər aşağıdakı kateqoriyalara aiddir:

Ailə münasibətləri üzrə mübahisələrə dair - 123 iş: Həmin işlərin 74-ü nikahın pozulması ilə bağlıdır. Pozulmuş nikahlardan 30-u Şəki şəhər sakinlərinin, 6-sı Kiş kənd, 4-ü Oxud kənd, 4-ü Çayqaraqoyunlu kənd, 3-ü Kiçik Dəhnə kənd, 3-ü Baş Göynük kənd, 2-i Qoxmuq kənd, 2-i Qaratorpaq kənd, 2-i Aşağı Göynük kənd, 2-i Orta Zəyzid kənd sakinlərinə məxsusdur.

Qalanları isə rayonun digər kəndlərində yaşayan şəxslərdir. Məhkəmədə əmək mübahisələri üzrə 4 işə, mənzil mübahisələri üzrə 11 işə, mülkiyyət hüququ üzrə 46 işə, torpaq mübahisəsi üzrə isə 3 işə, xüsusi icraat işləri üzrə 49 işə, əmr icraatı üzrə 77 işə və sair kateqoriyalı işlər üzrə 157 işə baxılmışdır.

Bunlardan əlavə, 2007-ci ilin 9 ayında məhkəmədə 103 inzibati materiala, 13 təqdimata və 36 prosessual məcburiyyət tədbirləri barədə təqdimatlara baxılmışdır.

Razılıq hissi ilə bildiririk ki, müstəqil Azərbaycan Dövlətinin yeni qəbul edilən qanunlarının məcəlləşdirilməsi prosesi müvəffəqiyyətlə davam etdirilir. Lakin biz bu məcəlləşdirmənin aparılması prosesinə məsuliyyətlə yanaşmalıyıq. Çünki bu prosesin çox böyük ictimai-siyasi əhəmiyyət kəsb edən incəlikləri vardır. Bunu unutmamalıyıq. Bu, bizdə ruh yüksəkliyi yaratmalıdır. Biz hər bir yeni qəbul edilən qanunların qüvvədə olduğu ilk vaxtlarda onun real həyatımızın tələbindən irəli gəldiyini başa düşməli və onun müsbət inkişafına öz layiqli töhfəmizi verməliyik.

Əminik ki, işimizin daha da təkmilləşdirilməsi və rayonumuzda ədalət mühakiməsinin yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsində Şəki Şəhər İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının yaxından köməyi ilə Şəki Rayon Məhkəməsinin fəaliyyətini günün tələbləri səviyyəsinə qaldıra biləcəkdir.

<<< Ana səhifə