411/4

Məhkəmə Hüquq Şurasının (MHŞ) iclası keçirilmişdir. Şuranın mətbuat xidmətindən aldığımız  məlumata görə, iclasda təşkilati məsələlərə baxılmışdır. MHŞ sədrinin səlahiyyət müddətinin bitməsi ilə bağlı yeni sədrin seçkisi keçirilmişdir. Ədliyyə naziri Fikrət Məmmədov yenidən şuranın sədri seçilmişdir.

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə məqsədyönlü tədbirlərin görüldüyü iclasda qeyd olunmuşdur. Hakimliyə namizədlərlə şifahi imtahanların nəticələrinə dair Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilmiş və bildirilmişdir ki, test üsulu ilə və yazılı imtahanları müvəffəqiyyətlə verən 188 hakimliyə namizədlə açıq şəkildə, 50-dən çox yerli və beynəlxalq təşkilatın təmsilçilərinin iştirakı ilə keçirilən imtahanlarının nəticələri üzrə uğur qazanan 102 nəfər növbəti mərhələyə – ilkin uzunmüddətli tədris kursuna buraxılmışdır.

Qeyd olunub ki, imtahanı izləyən müşahidəçilər prosesin açıq və şəffaf keçirildiyini, namizədlərin biliyinin obyektiv müəyyən edilməsi üçün lazımi şərait yaradıldığını vurğulayıblar.

Şuranın iclasında hakimliyə namizədlərlə keçiriləcək tədris kursunun proqramı müzakirə olunmuş, onun Avropa Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların ekspertlərinin iştirakı ilə hazırlandığı, namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirildiyi bildirilmişdir.

Diqqətə çatdırılmışdır ki, 6 ay ərzində keçiriləcək kursun proqramına ən aktual, o cümlədən insan haqları, korrupsiya, məhkəmə etikası və digər məsələlərə dair mövzular daxil edilmiş, habelə nüfuzlu xarici müəssisələrin mühazirələri nəzərdə tutulmuşdur. İclasda ölkədə aparılan məhkəmə-hüquq islahatının mütərəqqi mahiyyəti və insan haqlarının müdafiəsi ilə bağlı hüquqi maarifləndirmənin əhəmiyyəti də qeyd edilmişdir.

<<< Ana səhifə