Hadi Rəcəblii-60
Q I S A A R A Y I Ş :
Hadi Musa oğlu Rəcəbli 1947-ci ildə Lənkəranda anadan olmuşdur. ilk ali təhsilini Moskvada almışdır. İxtisasca mühəndis-texnoloqdur. Daha sonralar isə həm də ali-siyasi təhsilə yiyələnmiş və siyasi elmlər üzrə respublikada ilk dəfə namizədlik dissertasiyası müdafiə etmişdir. Dövlətçilik əhəmiyyəti daşıyan altı elmi kitabın, 200-dən çox məqalənin müəllifidir. H. M. Rəcəbli hələ gənc yaşlarından doğulub boya-başa çatdığı Lənkəranda komsomol və partiya işlərində işləmiş "Bakinski raboçi" qəzetinin bölgə müxbiri kimi fəaliyyət göstərmişdir. 1981-82-ci illərdə Azərbaycan KP MK-da inspektor işləmiş, 1983-cü ildən 1987-ci ilə qədər Şəki Şəhər Partiya Komitəsinin birinci katibi olmuşdur. 1989-95-ci illərdə Nazirlər Kabinetində Beynəlxalq İqtisadi Əlaqələr üzrə məsul şəxs vəzifəsini aparmış, qaçqın və məcburi köçkünlərin işləri üzrə şöbənin müdiri olmuşdur. Milli Məclisə keçirilən son üç seçkidə millət vəkili mandatını qazanmışdır. Hazırda Milli Məclisdə Sosial-Siyasət daimi komissiyasının sədridir. Dünyanın 50 ölkəsində olmuşdur. Evlidir, dörd övladı var.
Əziz qardaşımız, hörmətli dostumuz Hadi Rəcəbli!
Oktyabrın 25-də anadan olmağınızın 60 illik yubileyiniz günündə Sizi Şəki-Zaqatala bölgəsinin sakinlərinə, o cümlədən "Şəkinin səsi" qəzetinin çoxsaylı oxucularına xüsusi təqdim etməyə ehtiyac duymuruq. Onsuz da Sizi bütün ölkə, bütün xalq yaxşı tanıyır. Başlıcası, Sizi ulu öndərimiz Heydər Əliyevin ən sədaqəti silahdaşları ilə bir sırada görmək bizim üçün çox xoşdur. Onu da bildiririk ki, Siz ölkə rəhbərliyinin etimadını qazanıbsınız: onunla bir cəbhədə dayanmağınız, möhtərəm Prezidentimiz İlham Əliyevin yeritdiyi müdrik daxili və xarici siyasətini daim dəstəkləməyiniz, müdafiə etməyiniz hamımız üçün böyük şərəfdir.
Biz onu da yaxşı bilirik ki, vətəndaşlıq pasportu daşıdığımız gündən xalqımıza və millətimizə məxsus olan həyatınızın mənasını el üçün yanmaqda görübsünüz. Doğulub boya-başa çatdığınız Lənkəran adlı bərəkətli torpağın, yurdun başını həmişə uca tutubsunuz. Sizin adi fəhləlikdən keçib gəldiyiniz inkişaf yolunuz həqiqətən qibtə olunacaq qədər çox dəyərli və əlamətdardır. Tərcümeyi-halınız çox mənalı və zəngindir. Lənkəranda - öz ata yurdumuzda gənclərin təlim-tərbiyəsində, onların ölkənin əsl vətənpərvər insanlar kimi yetişməsində çox zəhmət çəkmiş, çox faydalı işlər görübsünüz. Azərbaycan KP MK-da fəaliyyət göstərdiyiniz dövrdə bacarıqlı, təşkilatçı bir rəhbər kimi yetişdiyinizi tam sübuta yetirə bilibsiniz. Bundan sonra beş il Şəkinin birinci şəxsi kimi səmərəli fəaliyyət göstərmiş, bu qədim diyarı yenidən qurub-tikmiş, onun keçmiş şöhrətini, əzəmətini özünə qaytarıbsınız. Sizin Nazirlər Kabinetində işlədiyiniz illər də uğurlu olmuş, Sizə bol-bol el məhəbbəti və xalq sevgisi bəxş etmişdir.
Bu gün millət vəkili, sosial siyasət komissiyasının sədri kimi Sizə etibar edilən vəzifənin də öhdəsindən bacarıqla gəlirsiniz. Bunun nə qədər ağır, nə qədər çətin bir iş olduğunu bilirik. Çiyninizə götürdüyünüz bu "el yükü"nün ağırlığını bütün qəlbinizlə duyursunuz. Lakin Sizi qanadlandıran, ilhamlandıran, yeni arzulara, böyük işlərə, xoş əməllərə ruhlandıran və səsləyən də elə xalqın sizə olan inamı, xalqın nəfəsidir. Siz həmişə bu xalqa arxalanmış, nə iş görübsünüzsə, həyatda nə iz qoyubsunuzsa-bu xalqla birlikdə edibsiniz.
Sizin bir deputat, görkəmli alim, pedaqoq, ali məktəb müəllimi kimi çoxsahəli səmərəli fəaliyyətiniz heç vaxt Azərbaycan ictimaiyyətinin diqqətindən yayınmır. Bütün bunlar sinəsində böyük çətinliklərə tab gətirən, Vətən qeyrəti çəkən, ərən ürəyə malik olan Sizin öz xalqınıza bəxş etdiyiniz ən qiymətli töhfələrinizdir.
Əziz dostumuz, qardaşımız Hadi müəllim! Siz Allahın ən xoşbəxt bəndələrindənsiniz ki, ulu öndərimiz və möhtərəm Prezidentimiz Əliyevlərin böyük sevgisini qazanmaq şərəfinə nail olubsunuz. Sizin həyatın sərt sınaqlarında bərkiyən - mətin və iradəli bir adam olduğunuzu da bilirik. Deməli, 60 yaşın zirvəsində dayanmağa, ötən illərə qürurla, ürək dolusu sevgi ilə baxmağa mənəvi haqqınız vardır.
Bu illərdən Sizə çox şey qalıb: bitib-tükənməyən el məhəbbəti, Lənkəranda, Şəkidə qurub yaratdıqlarınız, dosta, yoldaşa sədaqət, prinsipiallıq və qətiyyət! Buraya onu da əlavə edək ki, 60 il tarix üçün kiçik rəqəmdir.
Siz bu 60 ildə həyatın hər üzünü görübsünüz. Bu gün də Sizin sinənizdə Vətənə məhəbbət dolu bir ürək döyünür. Arzu edirik ki, bu ürəyin eşqi, hərarəti, həvəsi və arzuları heç vaxt tükənməsin!
"ŞƏKİNİN SƏSİ" QƏZETİ REDAKSİYA HEYƏTİ ÜZVLƏRİ VƏ OXUCULARI ADINDAN:
Abid Şərifov, Nazim İbrahimov, Vilayət Zahirov, Məhərrəm Quliyev, Asif Əsgərov, Nəsib Məhəməliyev, Əhməd Əhmədzadə, Qafar Əliyev, Asif Məmmədov, Abbas Göyüşov, Nurəddin Mustafayev, Adil Məmmədov, Nizami Ələkbərov, Kamil Rəhimov, Marat Əkbərov, Ramiz Mirzəyev, Aslan Aslanov, Gülnaz Salamova, Elmira Hacıyeva, Bəşarət Paşayev, Fikrət Cəfərov, Ramazan Burcayev, Rahib Seyidov, Mehman Nuriyev, Azər Məmmədyarov, Natiq Yaqubov, Məmməd Məmmədov, Zərinə Cavadova, Həsən Həsənov, Firqət Məmmədov, Rafael Mənəfov, Cavanşir Feyziyev, Şahin Babayev, Sehran Məmmədov, Sevil İsmayılova, Firədun İbrahimov, Cavanşir Qurbanov, Arif Şükürov, Natiq və Şahin Şirinzadələr, Arzu Abdulhəmidov, Kazım Məmmədov, Məhəmməd Əhmədov, Salis və Aydın Məmmədovlar, Nəsib Növbərov, Dursun Hümmətov, Rafiq Şükürov, Mahir Rəcəbli, Elşad Alxasov, İmran Vahadov, Zülfiqar Mahmudov, Fərahim Qarayev, Ramazan Həmidov, Töhrab Hüseynov, Cuma Mustafayev, Vüqar Məmmədov.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------
HADİ RƏCƏBLİ ÖZ PREZİDENTİNƏ, XALQINA VƏ SEÇİCİLƏRİNƏ SADİQ ADAMDIR!
MÜSAHİBİMİZ MİLLƏT VƏKİLİ, SOSİAL SİYASƏT KOMİSSİYASININ SƏDRİ, 1983-1987-Cİ İLLƏRDƏ ŞƏKİ ŞƏHƏR PARTİYA KOMİTƏSİNİN BİRİNCİ KATİBİ OLMUŞ, "ŞƏKİNİN SƏSİ" QƏZETİ REDAKSİYA HEYƏTİNİN ÜZVÜ HADİ MUSA OĞLU RƏCƏBLİDİR.
Hörmətli Hadi Rəcəbli. Sizin 60 yaşınız tamam olur. İcazə verin, əvvəlcə həyatınızın bu yubileyi ili ilə əlaqədar Sizi "Şəkinin səsi" qəzetinin çoxsaylı oxucuları adından təbrik edim. Zənnimcə, bizim bu təbrikimizə bütün Şəki əhalisi də şərik olacaq. Belə ki, Siz Şəki rayonuna cəmi 5 il rəhbərlik etdiyiniz bundan isə düz 20 il keçdiyi halda hələ də bütün şəkililər Sizə böyük rəğbət bəsləməkdədir. Və sözsüz ki, bu iş daha on illərlə də davam edəcək. Çünki, Siz ömrünüzün həmin 5 ilini şəkililərin təbirincə desək: "Şəkiyə can qoyubsunuz" və Şəki əhalisinin rifahına, rayonun iqtisadiyyatının çiçəklənməsinə, abadlığına və s. sahələrinə sərf edibsiniz.
Hörmətli Hadi müəllim! İcazə versəniz Şəkidən getməyinizdən düz 20 il sonra Sizdən müsahibə götürüm və Şəki əhalisi ilə aranızda bir jurnalist körpüsü yaradım…
– Olar. Amma, mənim işlərim çoxdur. Hər dəqiqəm qızıldı. Bir az qısa olsun. Özü də diktofonsuz nahaq gəlibsiniz. Dediklərimin stenoqrafını yaz…
– Hadi müəllim, Siz ömrünüzün Şəki ilə bağlı 5 ilini necə xatırlayırsınız?
– Əvvəla, mənim ömrümün 5 yox, 7 ili birbaşa Şəki ilə bağlı olmuşdur. Belə ki, mən 1981–1983-cü illərdə Azərbaycan KP MK-nın Şəki-Zaqatala zonası üzrə inspektoru idim və xidməti işimlə əlaqədar tez-tez Şəkiyə gəlirdim.
O ki, qaldı Şəkidə birinci katib olduğum dövrü necə xatırlamağıma, həmin illər mənim 35-40 yaşlarıma təsadüf edirdi. Həm də ömrümün xalqa xidmət etmək imkanlarımın realizə olunduğu, yəni, reallaşdığı ən gözəl dövrü idi. Və belə də xatırlayıram. Məsələn, adam var yaxşı, xeyirxah insandır, enerjilidir. Xalqa xidmət etmək istəyir. Lakin, bu niyyətini həyata keçirmək, realizə etmək üçün şəraiti yoxdur. Mən o vaxt cənab prezidentimiz Heydər Əliyevin Şəkiyə rəhbərlik etməyi mənə həvalə etdiyini, bu gün də minnətdarlıq hissi ilə xatırlayıram. Məhz həmin səbəbdən mənim xalqa xidmət etmək imkanlarım gerçəkləşmişdir.
Şəkidə məlum vəzifəmə başlayan kimi, buranın problemləri ilə diqqətlə tanış olub, onları aradan qaldırmaq üçün yollar aradım. Birinci növbədə baramaçılığın inkişafı üçün tədbirlər gördüm. Çünki Şəkinin iqtisadiyyatı tarixən ipəkçilik, o cümlədən baramaçılıq ilə sırf bağlı olmuşdur. Bu məqsədlə yeni tut bağlarının salınması üçün əlimdən gələni etdim. Baramaçılıq çox gəlirli sahə idi. Zarafat deyil, adi bir kənd müəllimi cəmi 40 gün barama bəsləməklə məşğul olur və o qədər qazanc götürürdü ki, bunun hesabına bütün ili əlini başının altına qoyub yatırdı və maddi ehtiyac baxımından başqa bir əmək fəaliyyəti ilə məşğul olmasına ehtiyac qalmırdı.
Rayonda tütünçülüyün, taxılçılığın inkişafı üçün də əməli tədbirlər həyata keçirdim. Taxıl istehsalı 65 min tondan 118 min tona çatdı. Şəki şəhərində isə "İpək" İstehsal Birliyinin istehsal imkanlarının genişləndirilməsi üçün yeni avadanlıqların həmin müəssisəyə gətirilməsinə, ət-süd, çörək, yerli sənaye malları, yeyinti məhsulları və s. sənaye sahələrində müsbət dəyişikliklərə nail oldum. Yeni çörək zavodu, içki hazırlayan emal müəssisələri və bir sıra yeni sənaye profilli sexlər tikilib istifadəyə verildi. Və bütün bunlar istər Şəkinin kənd, istərsə də şəhər əhalisinin rifahına müsbət təsir göstərdi və onların maddi vəziyyəti yaxşılaşdı. Şəki şəhərinin büdcəsi ilk dəfə olaraq Mingəçevir və Əli Bayramlı kimi respublika tabeliyində olan şəhərlərin büdcəsi qədər, hələ deyəsən bir az da artıq oldu.
Bundan başqa, Şəkinin digər sosial problemləri də kifayət qədər idi. Məsələn, Şəki boyda şəhərin fərli-başlı şadlıq evi, doğum evi, stomatoloji poliklinika, bazarı və s. şeyləri yox idi. Biz bunları da tikib istifadəyə verdik. Bazar neçə illər idi ki, münasib yerdə deyildi. Onun yerini dəyişmək çox çətin bir proses idi. Hər adam belə bir mürəkkəb işlə məşğul olmağa cəsarət etməzdi. Biz isə bu işi gördük və şəkililərə əvvəlkindən fərqli, gözəl, yaraşıqlı, müasir üslubda tikilmiş böyük bir "Təzə bazar" verdik. O cümlədən Şəkidə geniş abadlıq-quruculuq işlərinə başlanıldı. Demək olar ki, qısa bir müddət ərzində mənzil problemi tamamilə həll olundu. Yəni, əvvəllər ev növbəsində on ildən artıq gözləmək lazım idisə, mənim dövrümdə mənzilə ehtiyacı olan adicə fəhlə cəmi bir-iki ilə mənzillə təmin edilirdi.
Mən Şəkidə olan qəbiristanlıqların hamısının hasara alınmasına, məscidlərin əsaslı təmir edilməsinə də nail oldum. Sənin 4 oktyabr tarixli "Elm" qəzetində məqalən var ha, Fətəli xan Xoyskinin bacısının qəbrini tapmısan, o xan qəbiristanlığını da abadlaşdırdım. Yanındakı 1772-ci ildə tikilmiş məscidi də əsaslı şəkildə "Ziyalılar evi" adı ilə təmir etdirdim. O vaxtlar məscid təmir etdirmək, qəbiristanlıq abadlaşdırmaq hakim kommunist ideologiyasına əks idi və buna pis baxırdılar. Adicə məscidə getmək üstündə adamı partiyadan çıxarırdılar. Mənə də təzyiqlər olurdu. Mane olurdular. Yəni, həmin işləri görmək mənim üçün də heç də asan olmamışdır. Lakin, mən bunları edirdim.
Şəki mənim ailəmə də iz qoymuşdur. Mən Şəkidə işləyərkən Vüsal adlı oğlum oldu. Onun pasportunda Şəkidə anadan olması qeyd edilib. Deməli, mənim ailəmin bir üzvü şəkilidir. Vüsal İqtisad institutunu bitirib, mühəndisdir.
Bu qədər. Başqa nə sualın var?
– Şəki Sizin ailənizə "təsir" etdiyi halda, niyə Şəkiyə heç gəlmirsiniz?
– Niyə ki, son 20 il ərzində 10 dəfə Şəkidə olmuşam.
– Sirr deyilsə, deyə bilərsinizmi kimin evinə düşürsünüz?
– Heç kimin. Gəlib qayıtmışam. Amma, Şəkinin əvvəlki icra başçılarından biri nədənsə mənim Şəkiyə gəlməyimi qısqanclıq hissi ilə qarşılayır, hay-küy salırdı. Məsələn, rəhmətlik Nəzir Əhmədovun ad gününə gəlmişdim. Elmira xanımın evində onun 80 illik yubileyini qeyd etdik.
– Hadi müəllim, Siz Lənkəran şəhərindən deputat seçilibsiniz. Lakin, mən hər dəfə fikir verirəm ki, qəbulunuza gələn, Sizinlə görüşmək istəyən adamların çoxu şəkililərdir. Onları Sizin yanınıza gətirən amillər barədə bir fikir söyləmək mümkündürmü? Yəni, onlar ən çox hansı məsələlərlə əlaqədar sizə müraciət edirlər?
– Bütün məsələlər barədə! Mən Şəkidə işləyərkən hamıya səmimi münasibət göstərmişəm. Xüsusi ilə də sadə adamlara. Məhz ona görə də şəkililərin bir çoxu məni özlərinə yaxın, doğma hesab edirlər. Və nəsə bir problemləri olduqda mənə müraciət etməyi üstün tuturlar. Mən Şəkidə heç kimə pislik eləməmişəm. Cəmi bir neçə adamı işdən çıxartmışam ki, onlar da xalqa zülm edən, acgöz və islah edilməsi mümkün olmayan şəxslər idi.
– Hörmətli Hadi müəllim, vaxtilə dünyanın ən böyük ipəkçilik müəssisəsi Şəki şəhərində idi. Burada il ərzində istehsal edilən parçanın uzunluğu Yer kürəsinin diametrini ötürdü. SSRİ-nin süqutundan sonra respublikamız siyasi müstəqillik əldə etsə də, iqtisadi cəhətdən digər ölkələrdən asılı vəziyyətə düşdü. İndi heç kim bizim istehsal etdiyimiz malı almır. Xaricilər yalnız bizə öz mallarını satmaqda maraqlıdır. Bir tərəfdən də bütün iri sənaye müəssisələri Bakıda cəmləşməkdədir. Şəkinin yerli iş adamlarının şəkər, yaxud siqaret və s. istehsal etmək cəhdləri uğursuzluğa düçar olub. Bəs, Şəki şəhərinin on minlərlə əmək qabiliyyətli sakini nə işlə məşğul olsun?
– Şəkinin indiki icra başçısı Nazim İbrahimov gözəl işləyir. Şəkinin keçmiş ipəkçilik şöhrəti özünə qaytarılır. Şəhərdə yeni müəssisələr fəaliyyət göstərir. Bir neçə ildən sonra Şəki ölkənin ən iri sənaye mərkəzlərindən birinə çevriləcək.
Şəkililər işgüzar, bacarıqlı və zirək adamlardır. Əgər Nazim müəllim hazırda Şəkidə işsizlik problemini aradan qaldırırsa, bunun səbəbini yalnız yerli sahibkarlara yaratdığı şəraitlə izah etmək olar.
– Sizin Şəkiyə rəhbərlik etdiyiniz illər Şəkinin intibah dövrü hesab olunmaqdadır. Sizdən sonra, yerinizdə növbə ilə bir 1-ci katib, 5 icra başçısı olmuşdursa da, Şəki şəhərində Nazim müəllim bu şəhərə başçı təyin edilənə qədər bir-iki dənədən artıq elə bir əhəmiyyətli tikinti olmamışdır. Kimsə deyə bilər ki, vəsait yoxdu, nə bilim filan, peşməkan. Bəs, yaşıllaşdırmaya, ağac əkməyə nə deyə bilərlər? Sizdən sonra Şəkidə bir ağac belə əkilməmişdir. İndi isə Şəki tikinti meydançasını xatırladır, şəhər çox gözəlləşir…
– Hadi müəllim, xatırlayıram ki, Siz Şəkidə işləməyə başlayandan az sonra mərkəzi küçələrdən birinə belə bir plakat vurdurmuşdunuz: "Qədim ipək Şəkisini gül-çiçək Şəkisinə çevirək!"
Cənab Heydər Əliyev Naxçıvanda olarkən deyirdi: "Naxçıvanda çox böyük işlər görülür. Lakin, digər regionlarda bu iş hiss olunmur. Yəqin ki, təşəbbüskarlıq çatışmır".
– Mən bu suala cavab vermək istəməzdim. Ulu öndərimizin tövsiyələri bu gün respublikanın əksər icra hakimiyyəti başçıları, o cümlədən Nazim müəllim tərəfindən də yerinə yetirilir. Deməli, səni narahat edən məsələ tezliklə yaxşılığa doğru dəyişəcəkdir. Biz Şəkinin timsalında bu gün bunun şahidi oluruq.
– Hadi müəllim, Şəkidə işlədiyiniz dövrdə şəhərin küçələrini qarış-qarış gəzib, nəsə bir uyğunsuzluq, hansısa xoşagəlməz hal ilə rastlaşdıqda həmin problemi dərhal həll edirdiniz. Məsələn, mən şəxsən xatırlayıram ki, "Komsomol dükanı" deyilən binadan bir az aşağıdakı evin mərkəzi küçəyə baxan iki pəncərəsi simmetrik deyildi və baş küçənin gözəlliyinə mənfi təsir göstərirdi. Sözsüz ki, ev sahibi pəncərələri qaydaya salmaq üçün pul xərcləməkdə maraqlı deyildi. Axı, bu işin ona heç bir xeyri olmayacaqdı. Lakin, siz bu vəziyyətlə razılaşmadınız. Tezliklə həmin şəxsi evin fasadında dövlət hesabına dəyişiklik edildi.
– Bilirsənmi, o vaxtlar inzibati amirlik dövrü idi. hansısa bir idarə müdirinə göstəriş verən kimi problem öz həllini tapırdı. Belə kiçik şeylər üçün çox vaxt heç dövlətdən vəsait ayrılmasına belə ehtiyac olmurdu. Misal üçün, mənim dövrümdə Şəki şəhərində stomatoloji poliklinikanın tikintisi idarə müdirlərinin şəxsi vəsaiti hesabına mümkün olmuşdu. Mən bilirdim ki, onlar xalqdan oğurlayırlar, mən də onları məcbur edirdim ki, mənimsədiklərini xalqa qaytarsınlar.
İndi isə tamam başqa dövrdür. Belə məsələlərə yerli sahibkarları cəlb etmək, onların vəsaitlərindən istifadə etmək olar. Bu zaman isə yerli sahibkarların gəlirinin kifayət qədər olması əsas şərtdir. Elə buna görə də əvvəlcə sahibkarlığa qayğı və diqqət göstərilməsi vacibdir.
– Deyirlər Şəkidə işlədiyiniz zaman sadə adamlar Sizə göz dəyməsindən əndişələnərək üzərlik, talisman və s. bağışlayırlarmış. Və Sizi "Tur dağına dönəsən" deyə alqış edirdilər, bu doğrudurmu?
(Gülür və başı ilə təsdiq eləyir)
– Şəkidə “Mamay” deyilən Məmməd Cabbarov adlı bir şəxs vardı, ət-süd kombinatının müdiri idi. heç kimə sirr deyil ki, həm də kifayət qədər imkanlı hesab olunurdu. Buna baxmayaraq çox sadə, xeyirxah bir adam və həm də gözəl ailə başçısı idi. yəni onun oğlanları, ataları kimi sadə, heç kimə yuxarıdan aşağı baxmayan idilər. Deyirlər ki, Sizinlə rəhmətlik Mamay müəllimin arasında nəsə bir ixtilaf olmuşdu. Bu barədə bir neçə kəlmə deyə bilərsinizmi?
– Mənimlə onun arasında ixtilaf yox, insident baş vermişdi, desək daha düzgün olar. Mamay həqiqətən çox nüfuzlu, xeyirxah və nəcib adam idi. O bir fəhləni işdən çıxarmışdı. Mən işə qarışdım. Başqa məsələdə ona güzəştə gedə bilərdim. Lakin bu zaman onu yox, fəhləni müdafiə etdim.
Mamay tezliklə öz səhvini başa düşdü və işdən çıxardığı adamı öz yerinə qaytardı. Bu hadisə, yəni Mamayın ən nəhayət fəhləyə güzəştə getməsi onun nüfuzunun daha da artmasına müsbət təsir göstərdi.
– Şəki əhalisinin hansısa ümumi cəhəti varmı? Varsa hansıdır?
– İşgüzardır, zirəkdir və mehribandır. Bunları belə da açmaq olar. Danışanda "cano yeyim", "gözo yeyim" deyirlər – buna görə mehriban hesab edirəm. "Zirəkdir” ona görə deyirəm ki, Şəkidə gördüyüm abadlıq, quruculuq işlərini mən tək görməmişəm ki... Bunları şəkililərin əli ilə görmüşəm. Əgər onlar bacarıqlı olmasaydılar, əlbəttə, heç bir iş görə bilməzdim.
SÖHBƏTLƏŞDİ:
Aydın SALİSOĞLU,
"Şəkinin səsi" qəzetinin redaktoru.
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
3 il öncə
MİLLƏT VƏKİLİ HADİ RƏCƏBLİ "İPƏKÇİ"- "ŞƏKİNİN SƏSİ" QƏZETLƏRİNİN TƏKLİFLƏRİNİ MÜDAFİƏ ETDİ
"Ölkədə Heydər Əliyevin parlaq xatirəsini əbədiləşdirmək üçün Bakıda onun adına layiq əzəmətli abidəsinin ucaldılması və "Heydər Əliyev" ordeninin təsis edilməsinin ilk təşəbbüsçüsü məhz "İpəkçi"-"Şəkinin səsi"nin adı ilə bağlıdır!"
Başqa cür də ola bilməz. Milli Məclisin son iclaslarından birində ümummilli liderimiz Heydər Əliyevin adının əbədiləşdirilməsi ilə bağlı keçirilən müzakirələrdən birində millət vəkili, "Şəkinin səsi" qəzeti redaksiya heyətinin üzvü Hadi Rəcəbli "Şəkinin səsi" qəzetinin 4 yanvar 2004-cü il tarixli sayına istinad edərək, deputat həmkarlarına bəyan etmişdir ki, Bakıda ümummilli liderimiz Heydər Əliyevin əzəmətli bir heykəlinin ucaldılması ideyası məhz "Şəkinin səsi" və "İpəkçi" qəzetlərinin redaksiya heyəti üzvlərinin və oxucularının adı ilə bağlıdır. Onlar hələ 9 il bundan əvvəl Milli Məclisə müraciət edərək Heydər Əliyevin sağlığında belə bir gözəl təkliflə çıxış etmişdilər.
Bu gün belə bir ordenin təsis edilməsi ideyası üzərində baş sındırmağa dəyməz. "Şəkinin səsi" qəzeti bu sahədə hamını çoxdan qabaqlamışdır. Qəzet iki il bundan əvvəl ölkədə "Heydər Əliyev" ordeninin təsis edilməsinin vacibliyini bir daha çox uzaqgörənliklə Milli Məclis qarşısında qaldırmışdır. Qəzetin bu təklifi bu gün daha böyük əhəmiyyət kəsb edir.
Hadi müəllimin sözlərinə görə, qəzet məsələni tamamilə düzgün qoymuşdur ki, bu orden ölkənin baş ordeninə çevrilməli, "İstiqlal" ordeni ilə yanaşı durmalıdır. "Heydər Əliyev" ordeni keçmiş "qızıl ulduz" döş nişanı formasında da ola bilər. Belə olduğu halda, qızıldan hazırlanan "Ata Heydər" ordeninin üzərində ulu öndərin təsviri öz əksini tapmalıdır. Bizcə, bundan sonra ölkənin ən ləyaqətli insanlarına "Milli Qəhrəman" fəxri adları verilərkən, onların sinəsini "Heydər Əliyev" ordeni ilə birlikdə, "İstiqlal" ordeni də bəzəyə bilər. Və yaxud "Heydər Əliyev" ordeni təsis edilərsə, vətəndaşlarımız ayrı-ayrılıq- da onunla da təltif oluna bilərlər.
Bir sözlə, hər iki təklifin arxasında "Şəkinin səsi" və "İpəkçi" qəzetləri və onların çoxminli oxucular ordusu durur. Ümid edirik ki, bu nəcib təşəbbüsləri həmin qəzetlərin "əlin"dən alan, ona yeni "sahib" duranlar tapılmayacaq. Arzu edirik ki, Heydər Əliyevin adını əbədiləşdirmək üçün fəaliyyət göstərən komissiya da öz fəaliyyətində bütün bunları ciddi şəkildə nəzərə alacaqdır.
Hadi RƏCƏBLİ,
Millət vəkili.
("Şəkinin səsi" -"İpəkçi" 17 fevral 2004-cü il)