411/2
OMBUDSMAN ELMİRA SÜLEYMANOVA ŞƏKİDƏ İCTİMAİ DİNLƏMƏLƏR KEÇİRMİŞDİR
"Bu gün regionlarda Ombudsman Aparatına daxil olan şikayətlərin böyük əksəriyyəti torpaq islahatları və bu zaman qarşıya çıxan problemlərlə bağlıdır". Bu sözlər ombudsman Elmira Süleymanovanın Şəkidə keçirdiyi regional ictimai dinləmələr müşavirəsində səsləndirilmişdir. Bu dinləmələrə respublikanın şimal-qərb bölgəsinin məhkəmə, hüquq-mühafizə orqanları, vergi idarələri, bələdiyyələr, dairə seçki komissiyaları, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri qatılmışdılar.
Müşavirədə çıxış edən Elmira Süleymanova Azərbaycanda insan hüquqlarının müdafiəsi və bu istiqamətdə aparılan islahatlardan danışmışdır. Bölgə əhalisinin qarşılaşdığı problemlərə toxunan Ombudsman, yerli sakinlərlə bağlı bir sıra şikayətlərin olduğunu bildirmişdir. O, regionlardan daxil olan şikayətlərin əksəriyyətinin torpaq islahatları ilə bağlı olduğunu demişdir.
Elmira Süleymanova həmçinin Ombudsman Aparatına daxil olan şikayətlərin hamısının ayrı-ayrılıqda araşdırılacağını söyləmişdir.
Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının akt zalında keçirilən bu tədbiri giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov əvvəlcə Azərbaycan Prezidentinin 2006-cı il 28 dekabr tarixli sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi Üzrə Milli Fəaliyyət Planı"nın ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılan uğurlu bir addım kimi səciyyələndirmişdir. Nazim müəllim böyük əhəmiyyət kəsb edən indiki - Şəki, Mingəçevir, Balakən, Zaqatala, Qəbələ, Qax, Oğuz, Yevlax kimi iri bir regional tədbirin Şəki şəhərində keçirilməsini yüksək qiymətləndirmişdir.
Tədbirdə çıxış edənlər insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın regionlarda keçirdiyi ictimai dinləmələrin əhəmiyyətindən, faydasından, ölkədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərdən, maarifləndirmə, tədris və digər tədbirlərdən razılıq hissi ilə söz açmışlar.
Tədbirdə müstəqil hüquq mərkəzinin rəhbəri Aydın Kərimovun "Milli Fəaliyyət Planında göstərilən vəzifələrin həyata keçirilməsində Vətəndaş Cəmiyyəti İnstitutunun rolu" mövzusunda məruzəsi dinlənilmişdir. Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılmış, təkliflər verilmiş, tövsiyələr bildirilmişdir.
Mustafa DADAŞOV.