NAZİM İBRAHİMOV: "ƏKİNÇİ" DƏN BAŞLAYAN MİLLİ MƏTBUATIMIZ ÖZÜNÜN ƏN YÜKSƏK İNKİŞAF MƏRHƏLƏSİNDƏDİR!"
Şəki Şəhər İcra Hakimiyyətində jurnalistlərin peşə bayramı - Milli Mətbuat günü münasibətilə yerli və bölgə kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov bu əlamətdar bayram münasibətilə kütləvi informasiya vasitələrinin əməkdaşlarını təbrik etmişdir. Görüşdə xüsusən vurğulanmışdır ki, demokratik və sivil cəmiyyətdə mətbuat əhalinin və geniş ictimaiyyətin maariflənməsində, cəmiyyətin diqqətinin aktual, taleyüklü problemlərə cəlb olunmasında, aşkarlığın və sosial ədalətin təmin edilməsində çox mühüm rol oynayır. İcra başçısının sözlərinə görə, əsası "Əkinçi" qəzeti ilə qoyulan, sonra isə onun inkişafında hər cür əziyyətə qatlaşan ziyalılarımızın köməyi ilə Milli Mətbuatımız indi özünün əsl yüksəliş dövrünü yaşamaqdadır. Ölkə Prezidenti İlham Əliyevin mətbuatımıza göstərdiyi qayğı və diqqətin nəticəsidir ki, bu gün hər yerdə olduğu kimi, Şəki mətbuatında da söz və fikir azadlığının təmin olunmasına xüsusi nəzarət edilir və bu istiqamətdə ciddi addımlar atılır. Şəkidə bu gün onlarla müstəqil qəzet nəşr olunur. Həmin qəzetlər rayonun həyatını öz səhifələrində çox dolğun işıqlandırır. ANS telekanalı rayonumuz barədə daha doğru, düzgün məlumatlar verməyə başlamışdır. Xüsusilə ictimai televiziya öz tamaşaçılarının dərin hörmətini qazanmışdır. Onun verilişlərində Şəkinin bu günkü qaynar həyatı öz dolğun əksini tapır. AzərTAc-ın Şəki müxbir postu da öz operativliyi ilə seçilir və nəzər-diqqəti cəlb edir. "Şəki təhsili", "Region-Şəki", "Şəki bələdiyyəsi" qəzetləri də öz faydalı yazıları ilə rayonun bir çox problemlərinin aradan qaldırılmasında şəhər icra hakimiyyətinin yaxın köməkçilərinə çevrilmişlər. "Şəkinin səsi" - "İpəkçi"nin hər sayına indi internet vasitəsilə bütün dünya baxır. Lakin bu sözləri "Şəki" qəzeti haqqında demək hələ tezdir. Bu qəzet, necə deyərlər, adi kağızda deyil, "karton" təbəqəsi üzərində çap olunur. Onu əldə saxlamaq və oxumaq mümkün olmur. Qəzet rayonun həyatını çox səthi işıqlandırır. Onun səhifələrində verilmiş materiallar vaxtı keçmiş yazılardan ibarət olur. Nədənsə, ictimai-siyasi şöbə həyatla ayaqlaşmağı bacarmayan bu qəzetlə qətiyyən maraqlanmır.
Görüşdə "Şəki bələdiyyəsi" qəzetinin baş redaktoru Murad Həbibəyov, AzərTAc-ın bölgə müxbiri Mustafa Dadaşov, ANS-in Şəki-Zaqatala bölgəsi üzrə xüsusi müxbiri Xatirə Əkbərova da söz alıb danışdılar. Qeyd olundu ki, Azərbaycanın ən böyük nailiyyəti mətbuatımızda söz azadlığının olmasıdır. Ancaq bəzi müxalifət qəzetləri bundan yararlanaraq istədiklərini yazırlar. Hər halda senzuranın aradan qaldırılması və müstəqil mətbuatımızın formalaşması təqdirəlayiq bir haldır. Ancaq jurnalistlərimiz də bu azadlıqdan öz maraqları naminə istifadə etməməli, əksinə, cəmiyyətimizə dəqiq və qərəzsiz informasiyaların çatdırılmasında böyük səy göstərməlidirlər.
Sonra "Şəkinin səsi" - "İpəkçi"nin baş redaktoru M.Salis söz alıb danışmışdır. O, belə bir görüşün təşkilinə görə media nümayəndələri adından icra başçısı Nazim İbrahimova öz təşəkkürünü bildirmişdir.
Axırda görüş iştirakçılarına şəhər icra hakimiyyətinin qiymətli hədiyyələri təqdim edilmişdir.
ŞƏKİNİN SƏSİ".