ŞƏKİ MƏZUNLARINDAN 352 NƏFƏRİ TƏLƏBƏ ADINI QAZANMIŞDIR
Şəki Şəhər İcra Hakimiyyətində bu ilki qəbul imtahanlarından yüksək bilik nümayiş etdirərək ölkəmizin müxtəlif ali məktəblərinə daxil olmuş tələbələrlə şəhər rəhbərliyinin görüşü olmuşdur.
Təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin qatıldığı bu tədbiri açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov gəncləri tələbə adına layiq görülmələri münasibətilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır.
Görüşdə qəbul imtahanlarında Şəki məzunlarının göstərdiyi nəticələr barədə Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Firədun İbrahimov məlumat vermişdir.
ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ VƏ MÜƏLLİMLƏRİN SENTYABR MÜŞAVİRƏSİNDƏ BU İL ALİ MƏKTƏBLƏRƏ DAXİL OLMUŞ ŞƏKİLİ TƏLƏBƏLƏRLƏ GÖRÜŞLƏR KEÇİRİLMİŞDİR
Qəbul imtahanlarında Şəki məzunlarının göstərdikləri nəticələr barədə Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Firədun İbrahimov məlumat vermişdir. Bildirilmişdir ki, bu il test imtahanlarında iştirak etmiş 1.660 məzundan 352 nəfəri ali məktəb tələbəsi adını qazanmışdır. Onlardan 254 nəfəri 2006-2007-ci illərdə orta məktəbi bitirən gənclər, 98 nəfəri isə əvvəlki illərin məzunlarıdır. Tələbə adını qazananların 45 nəfəri 500-dən, 21 nəfəri isə 600-dən çox bal toplamışdır.
Hər iki görüşdə çıxış edən tələbələr, valideynlər, müəllimlər Azərbaycan təhsilinin inkişafına və gənc nəslin təlim-tərbiyəsinə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara hədiyyələr və pul mükafatları verilmişdir.
Mustafa DADAŞOV.
600-DƏN YUXARI BAL TOPLAYARAQ ÖLKƏNİN MÜXTƏLİF ALİ MƏKTƏBLƏRİNƏ DAXİL OLMUŞ HƏMYERLİLƏRİMİZ
TANINMIŞ JURNALİST MƏHYƏDDİN ABBASOVUNİKİ NƏVƏSİ – AYSEL VƏ ANAR ƏN YÜKSƏK BALLA UNİVERSİTET TƏLƏBƏSİ ADINA LAYİQ GÖRÜLMÜŞLƏR
Hər il olduğu kimi, bu il də respublikamızda ali məktəblərə qəbul imtahanları keçirildi. Minlərlə abituriyent tələbə adı qazanmaq uğrunda aparılan "bilik mübarizəsi"ndə iştirak etmək üçün Azərbaycanın paytaxtı Bakıda, gənclər şəhəri Sumqayıtda və Naxçıvan Muxtar Respublikasında qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulan təhsil müəssisələrinə üz tutdu. İmtahanda Abbasovlar ailəsinin iki üzvü – Abbasova Aysel Bakıxan qızı və Abbasov Anar İftixar oğlu da iştirak edirdi.
Abbasovlar ailəsi Ayselin və Anarın yüksək biliyinə və onların hər ikisinin ali məktəbə qəbul olacağına əmin olsalar da, yenə imtahanın nəticələrini böyük həyəcan və səbirsizliklə gözləyirdilər.
Bir müddət sonra imtahanın nəticələri elan olundu. Aysel və Anar ailə üzvlərinin, yaxınlarının və müəllimlərinin ümidlərini doğrultdular. Hər ikisi yüksək nəticə göstərərək tələbə adını qazandılar. Aysel 625 balla Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakültəsinə, Anar isə 597 balla Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi kibernetika" fakültəsinə qəbul oldu. Onların belə yüksək bilik nümayiş etdirmələri heç kimdə təəccüb hissi doğurmadı. Çünki bu yeniyetmələr Şəkinin adlı-sanlı ziyalısı olan Məhyəddin Abbasovun nəvələri idi.
Xalqını, Vətənini sevən, millətinin savadlı formalaşması və dərin dünyagörüşünə malik olması üçün ömrü boyu çalışan əsl vətənpərvər Məhyəddin Abbasov İkinci Vətən Müharibəsində böyük şücaət göstərmiş, ölkəni faşizmin caynağından xilas etmək üçün var gücü ilə döyüşmüş, 1944-cü ilin yanvarında, ağır döyüşlərdən birində sol qolunu itirmiş, Vətən müharibəsi əlili kimi Şəkiyə dönmüşdü.
Jurnalistikaya olan sonsuz marağı onu "Nuxa fəhləsi" qəzeti redaksiyasına gətirir. Redaksiyada ədəbi işçi kimi fəaliyyətə başlayan Məhyəddin müəllim az sonra redaktor təyin olundu. Ömrünün sonuna qədər, yəni 29 il ərzində bu qəzetə rəhbərlik etdi. Bəxtiyar Vahabzadənin yazdığı, lakin siyasi mövzuda olması ucbatından heç yerdə nəşr etdirə bilmədiyi "Gülüstan" poemasını "Nuxa fəhləsi" qəzetində nəşr edən M. Abbasov bunun o vaxtkı sovet rəhbərliyinin ciddi etirazına və hiddətinə səbəb olacağını qabaqcadan hiss etsə də, Azərbaycanın faciəli taleyini əks etdirən bu poemanı geniş oxucu auditoriyasının ixtiyarına verməkdən əsla çəkinmədi.
"Böyük Vətən Müharibəsi" ordeni, "Şərəf nişanı" ordeni, onlarla medal və bir sıra fəxri fərmanlarla təltif olunan Məhyəddin Abbasov qüsursuz jurnalistlik fəaliyyətinə görə "Respublikanın əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görüldü.
Damarlarında Məhyəddin Abbasov kimi qüdrətli bir ziyalının qanı axan Aysel və Anar bu gün öz bilik və bacarıqları ilə babalarının adına layiq insan olduqlarını sübut etsinlər. Ümidvaram ki, gələcəkdə də öz səmərəli fəaliyyətləri ilə babalarının adını daim uca tutacaq və Məhyəddin Abbasovun nurlu xatirəsini həmişə böyük ehtiramla yad edən, onunla qürur duyan xalqımız onun nəvələrilə də fəxr edəcəkdir.
Murad AKİFOĞLU,