MİLLİ QƏHRƏMAN  ÇİNGİZ MUSTAFAYEVİN AD GÜNÜ ONUN ANA YURDU ŞƏKİDƏ GENİŞ QEYD EDİLMİŞDİR


 

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günü onun ana yurdu Şəkidə də geniş qeyd olunmuşdur. O, bu dünyaya gəlişi ilə Azərbaycan tarixinə böyük yeniliklər, orijinallıqlar gətirmiş, onun "səhifə"lərinə özünün əsl vətənpərvərlik dəst-xəttini yazmışdır. Bütün bu deyilənlər isə onun barəsində yaxın tariximizin verdiyi ən yüksək qiymətdir. Çingiz Mustafayev öhdəsinə təkcə informasiya çatdırmaq missiyasını götürməmişdi. Daha doğrusu, peşə borcunu yerinə yetirərkən hisslərini, emosiyalarını özündən asılı olmayaraq heç vaxt cilovlaya bilmirdi. O vaxtın televiziya jurnalistikasına daha bir yenilik gətirməyə müvəffəq olmuşdu: geyimindən tutmuş danışıq tərzinə qədər tam sərbəst idi.

Çingizin müharibəyə qədərki fəaliyyəti özünün çox maraqlılığı orijinallığı ilə seçilirdi. O, Azərbaycanda ilk diskoteka məktəbi yaratmış, ona necə deyərlər, başçılıq etmişdi. Burada musiqilər bəstələnir, mahnılar səsləndirilirdi. Bir sözlə, böyük enerjiyə malik Çingiz Mustafayev daim yeniliklər axtarışında olurdu.

Şəkillər Milli qəhrəman Çingiz Mustafayevin ad gününü sevinclə bayram etdilər. Onun adını daşıyan "Çingiz klubu"nda keçirilən tədbirdə Milli Qəhrəmanın həyatını peşə fəaliyyətini, döyüş yolunu əks etdirən film kompozisiya nümayiş etdirildi. Eyni zamanda şəhərdə rayonda yeni tikilən bəzi obyektlərə, məktəblərə Milli Qəhrəmanın adının verilməsi barədə təşəbbüslər irəli sürüldü.

Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin 47 yaşı tamam olmuşdur. Bu gün Şəkidə, Çingizin ana yurdundaonun adını daşıyan klubun əsas vəzifəsi uşaqlarda, yeniyetmələrdə gənclərdə əsl vətənpərvərlik hissləri aşılamaq, gənc nəslə Çingiz kimi torpaqlarımızın azadlığı uğrunda canlarını qurban edənlərin ideyalarını, arzularını yaymaq hər kəsdə milli qürur hissini gücləndirməkdir.

Bu günlərdə "Çingiz klub"unda şəkililər daha bir bayram yaşadılar. Azərbaycanın tanınmış incəsənət ustalarıxalq artisti İlhamə xanım, əməkdar artist Azəri, bəstəkar-müğənni Elza xanım Milli Qəhrəmanımızın ad gününə qatılmışdılar. Sevincdən gözü yaşaran kimi, qəhər boğan sadəcə rəqs edən, əl çalan kim. O gün lap "yuxarı"da dayanıb bu "mənzərə"ni seyr edən  bir  "nəfər" vardı. Bu da Çingizin özüdaha doğrusu onun ad günü idi. Çingiz həmin gün hər bir şəkilinin əhval-ruhiyyəsinə "hakim" kəsilmişdi. Rəqs, rəsm dərnəyinə, Şəkinin qədim tarixini əks etdirən muzeyə malik olan "Çingiz klubu" öz eksponatlarının sayını yeni çəkilmiş xatirə şəkilləri ilə daha da zənginləşdirdi.

Çingiz Azərbaycanın Milli Qəhrəmanıdır. O, bütün azəri vətəndaşlarına sağlığında həyatı, Vətənini sevməyi müxtəlif dəyərlərə böyük əhəmiyyət verməyi öyrədirdi. O, həmişə bizlərə lazım gələrsə, Vətən uğrunda ölməyin müqəddəsliyini başa salırdı. Əlbəttə, əsrlər boyunca insanlar dünyaya gəlmiş dünyanı tərk etmişlər. Amma, ölüm Çingizi öz ağuşuna alanda, o fəaliyyətinin ən yüksək "zirvə"sində idi. Onun gördüyü işləri həyata keçirmək Çingizdən xüsusi bacarıq, cəsarət tələb edirdi.   

Bəli, bizim arzumuzdan asılı olmayaraq tarix yenidən təkrarlanır. Bir zamanlar atası Fuad müəllim özünün həyatdan nakam köçmüş qardaşı Çingiz Seyfulla oğlu Mustafayevin adını bu "körpə" vermişdi. Əmisinin yolu ilə gedən Vahid müəllim həmin "hadisə"ni təkrarladı. Mərhum qardaşınınÇingiz Fuad oğlu Mustafayevin adını öz oğluna verdi.

Deməli, bu gün Çingizlər yetişir, doğulur, böyüyür, bundan sonra da zaman-zaman yetişəcəklər. qədər bu millətin qanında yurd sevgisi, torpaq yanğısı, Vətən eşqi var, tarix zamanla əl-ələ verib Çingizlərin , Osman Mirzəyevlərin yeni-yeni "dəstə"lərini yetişdirəcəkdir.

 

ÇİNGİZ MUSTAFAYEVİN UŞAQLIQ, YENİYETMƏ İLLƏRİNİ İGİDLİKLƏRLƏ DOLU DÖYÜŞ YOLUNU ƏKS ETDİRƏN FİLM NÜMAYİŞ ETDİRİLDİ KONSERT VERİLDİ

 

Milli Qəhrəman Çingiz Mustafayevin ad gününə dəvət olunan qonaqlar əvvəlcə klubun birinci mərtəbəsində təşkil olunmuş muzeyə rəsm qalereyasına baxdılar. Həmin vaxt foyedə Azərinin "Azərbaycan" mahnısı səslənirdi. Sonra qonaqlar teatr zalına keçdilər.

Səhnə qaranlıq zal. Klassik musiqi səslənirdi. Səhnədə Ç. Mustafayevin 2 böyük şəkli qoyulmuşdu. Biri uşaqlıq, digəri gənclik illərini əks etdirirdi. Hər iki şəklin ortasında isə ona verilmiş Milli Qəhrəman medalının kitabçasının surəti olan tablo yerləşdirilmişdi. Pərdə açıldı, səhnə zəif işıqlandırılmışdı, heç görünmürdü. Bir neçə saniyədən sonra musiqi kəsildi, saat əqrəblərinin səsi eşidildi. Bu səs 10 saniyə davam etdi.

Baş aparıcı Ceyhun:

1960- il. Rusiyanın Kapustin-Yar vilayəti. Azərbaycanlı  hərbçi Fuad Mustafayev ailəsi ilə xidməti vəzifə ilə bağlı bu şəhərə ezam olunub. Elə həmin il avqustun 29-u ailənin ilk övladı dünyaya göz açdı

Bu sözləri deyərkən Ç. Mustafayevin uşaqlığını əks etdirən fotoşəkillərdən ibarət kadrlar ekranda nümayiş etdirildi. Kadrlar 30 saniyə davam etdi.

Baş aparıcı Ceyhun:

– Yeni doğulan körpəyə atası Fuad müəllim ömrünün 20-ci baharında Azərbaycanın müstəqilliyi uğrunda canını qurban vermiş qardaşının adını – Çingiz qoydu. Qardaşı Çingizin hələ ötən əsrin 40- illərində AzərbaycanI müstəqil görmək istəyiəvvəlcə onun həbsi, sonra isə ölümü ilə nəticələndi. Yeni doğulan körpəyə mərhum qardaşı Çingizin adını qoymaqla Fuad müəllim vaxtsa tarixin təkrarlanacağını, yenidən illər öncəsi baş verən hadisələrin bir daha yaşanacağını ağlına belə gətirmirdi. Bəzən analar yarımçıq taleli qohum-qardaşlarının adlarının övladlarına qoyulmasına ehtiyat edirdilər. Ancaq gənc yaşlarında xalqın firavan, azad yaşadığını görmək arzusu ilə dünyaya "əlvida" deyən əminin Çingizlə oxşar taleli olması barədə düşünmək anası Naxış xanımın da ağlına belə gəlmirdi.

Bu mətn oxunarkən 1990- ildə "Azərbaycan" qəzetində Ziya Bünyadovun Ç. Mustafayevlə bağlı yazdığı məqalə şəklini əks etdirən kadrlar göstərilirdi

Ceyhun:

1965-ci il. Çingiz elə uşaqlıqdan od parçası idi. Bir dəqiqə sakit dayanmayan bu uşağın böyüdükcə dəcəllikləri azalmırdı. 1967-ci ildə Çingiz 167 saylı məktəbin 1-ci sinfinə qədəm qoydu. Valideynlərinə məktəbdən tez-tez şikayətlər gəlirdi. Çingiz dərslərini yaxşı oxuyurdu, amma, çox nadinc idi

1974- il. Valideynləri onu Naxçıvanski adına hərbi məktəbə qoydular. O, hərbi məktəbin ilk tələbələrindən biri oldu. Anası Naxış xanım isə əslində Çingizi başqa sənət sahibi görmək niyyətində idi. Ancaq fikirləşirdi ki, hərbi qayda-qanun dəcəl oğluna müsbət təsir göstərər.

Kadrlarda Naxış xanım göründü. O, deyirdi:

Çingiz hərbi məktəbdə tezliklə yaxşı oxuması, təşəbbüskarlığı, təşkilatçılığı ilə fərqlənirdi. Ancaq bir qədər sonra o, soyuqdəymədən bərk xəstələndi. Hərbi məktəbdən isə dedilər ki, daha burada oxuya bilməz. Çingiz yenidən doğma məktəbinə-167 saylı məktəbdə oxuduğu sinfə qayıtdı. Yenə yaxşı oxumağına davam etdi, ancaq dəcəlliyindən qalmırdı.

Onda musiqiyə lap uşaqlıqdan böyük həvəs oyanmışdı. Məhz bu səbəbdən məktəbdə hazırlanan bütün tədbirlərin təşkilində xüsusi fəallıq göstərirdi.

Bu vaxt ekranda yeni kadrlar, diskoteka şəkillər bir-birini əvəz etdi. Bundan sonra Çingizin məktəb illərini əks etdirən şəkillərdən ibarət kadrlar göz önündə canlandı.

Tamaşaçılara aydın oldu ki, anası Naxış övladları kiçik olanda onların sənət seçimi barədə daim düşünürmüş. O, uşaqlardan birini həkim, birini hüquqşünas, birini pilot kimi görmək istəyirdi. Həkim kimi Çingizi görürdü. O isə buna etiraz edir, "Mən həkim olmaq istəmirəm" deyirdi.

Ancaq məktəbi qurtarandan sonra anasının sözünü yerə salmadı: "Sənə görə sənədlərimi verirəm tibb institutuna. Amma, mən oranı oxuyub qurtarsam da həkim işləməyəcəm. Diplomumu gətirib sənə verəcəm" , – dedi.

Baş aparıcı:

1977-ci il. Çingiz tibb institutuna daxil oldu. Həmin  ildə dostu Rasim İmanovla birlikdə "Cəngi" birliyi yaratdı, televiziyada isə "Ekspromt" verilişini açdırdı.

Rasim İmanov: – Xasiyyəti belə idi ki, əvvəldən harada balaca bir otaq tapırdısa, uşaqları oraya yığırdı, onlara rəqs öyrədirdi. Heç vaxt rəqs dərsinə getməsə çox gözəl oynayırdı. Elə bil Allah vergisi idi. 1980- ildə Moskvada keçirilən Olimpiya oyunlarının açılışında Əminə Dilbazinin rəhbərlik etdiyi "Yallı" rəqs qrupunda iştirak etdi. Çingiz Azərbaycanda ilk diskotekaməktəbinin təşkilatçılarından biri oldu.

Ceyhun: Çingiz Azərbaycanda nəinki diskoteka, hətta rep musiqisinin ilk yaradıcısı oldu. Onun ilk dəfə oxuduğu rep mahnı  özünəməxsusluğu ilə yaddaşlarda qaldı.

1981-ci ildə İnstitutu qurtardı. Təyinatının Dəvəçiyə verilməsi ürəyincə olmadı. "Demişdim ki, institutu bitirdikdən sonra diplomumu sənə verəcəyəm ana! Al diplomumu, mən Dəvəçiyə getməyəcəyəm" , – dedi.

Ammagetdi. Həftənin 4 günü Dəvəçidə olur, 3 günü isə Bakıda. "Ekspromt" verilişini hazırlayır. İki il sonra təyinat müddəti bitir o, Bakıya qayıdır. Bundan  sonra İnşaat Mühəndisləri İnstitutuna işə düzəldi.

Bir neçə il ötür. 

Bütün gününü incəsənətə həsr edən, nikbin keçirən Çingiz 20 Yanvar faciəsindən sonra bərk sarsıldı. Bu şən, gülərüz musiqi ilə yaşayan Çingiz dəyişərək tamam başqa adam oldu.

20 Yanvarla bağlı kadrlar canlanır.