22.02.08. №3-4  a

2008-Cİ İL HEYDƏR ƏLİYEV İLİDİR

BÜTÜN AZƏRBAYCAN XALQI İLƏ BİRLİKDƏ ŞƏKİ, BALAKƏN, ZAQATALA, QAX VƏ OĞUZ RAYONLARININ SAKİNLƏRİ DƏ BU İLİN OKTYABRINDA ÖLKƏMİZDƏ KEÇİRİLƏN PREZİDENT SEÇKİLƏRİ ZAMANI  ÖZ DƏQİQ  SEÇİMİNİ EDƏCƏK, BİR DAHA YEKDİLLİKLƏ İLHAM ƏLİYEVƏ SƏS VERƏCƏKLƏR!



 

"ŞƏKİNİN SƏSİ"NDƏN: Əgər heç bir beynəlxalq statusa malik olmayan və ölkədə fəaliyyət göstərən 5-6 müstəqil tele-şirkətdən biri kimi tanınan "ANS" telekanalı İlham Əliyevi "İlin adamı" elan edibsə, biz isə bunun əksinə olaraq bütün dünya tərəfindən hörmətli Prezidentimizin əməyini, zəhmətini "Xalqın adamı"-"Elin adamı" kimi dəyərləndirildiyinə daha çox üstünlük verərdik…

 

DAĞISTANDAN GƏLMİŞ NÜMAYƏNDƏ HEYƏTİNİ ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI NAZİM İBRAHİMOV DA QƏBUL ETMİŞDİR

 

Xəbər verildiyi kimi, Dağıstanın böyük bir tərkibdə olan nümayəndə heyəti Azərbaycanda olmuş, burada yaşayan ləzgi, avar, alman, gürcü və digər millətlərin nümayəndələri ilə tanışlıq xarakterli görüşlər keçirmişdir. Onlar Şəki şəhərinin də qonağı olmuş və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov tərəfindən qəbul olunmuşlar. Qəbulda Azərbaycan Prezidenti İcra Aparatının məsul işçisi Məhərrəm Quliyev də iştirak etmişdir.

Görüşdə nümayəndə heyətinin başçısı, Dağıstan Prezident Aparatının məsul işçisi Artur İsrapilov Azərbaycanın bölgələrinə, o cümlədən Şəki-Zaqatala zonasına olan bu səfərin məqsədini açıqlamışdır. O, demişdir:

-Gəlişimizin məqsədini belə hesab edirəm ki, biz biri-birimizlə nə qədər tez-tez görüşsək bir o qədər yaxşı olar. Qonşular arasında problemlər o zaman yaranır ki, onlar bir-birlərinə ya gedib-gəlmirlər, ya da az gedirlər. Bizim problemlərimiz yoxdur. Biz həmişə çox yaxın olmuşuq. Lakin ən yaxın qardaşlar da tez-tez görüşməli, çətinlikləri bölüşməlidirlər. Səfərimizin məqsədi budur. Həll edilməli başqa məsələ yoxdur, hansısa fövqəladə halla bağlı deyil.

Dağıstanın nümayəndə heyətinin rəhbəri səfər etdikləri Azərbaycan rayonlarından yadda qalan təəssüratlarla qayıtdıqlarını və azsaylı xalqların sosial-mədəni, iqtisadi həyatında heç bir problemlərin olmadığını diqqətə çatdırmışdır. Təəssüratlarının çox müsbət olduğunu bildirmişdir. Qonşu Azərbaycanda, o cümlədən Şəki şəhərində müsbət dəyişiklikər baş verdiyini dilə gətirmiş, bu rayonda böyük quruculuq işlərinin getdiyindən – məktəblər, idman kompleksi tikildiyindən, şəhərin daha da abadlaşdırılmasından məmnun olduğunu bildirmiş, Azərbaycanda insanların rifah halının yüksəlməsi istiqamətində böyük işlər görüldüyünü vurğulamışdır. Və qeyd etmişdir ki, bütün bunlar çox vacib işlərdir. Biz bunu alqışlayırıq. Ona görə qeyd etdik ki, sizin bu təcrübənizdən istifadə edək.

Nümayəndə heyətinin başçısı bildirdi ki, Dağıstandan gələn bu nümayəndə heyəti Azərbaycanın əsasən ləzgi və avar xalqlarının kontakt yaşadıqları rayonlarda olmuşdur. Bu xalqların nümayəndələri ilə görüşlər keçirilmiş, yaşayış və milli-mədəni səviyyəsi ilə maraqlanmışdır, hər hansı bir iradın olması ilə bağlı nümayəndə heyəti heç nə ilə rastlaşmamışdır: -ləzgilər, avarlar, latlar onlar üçün yaradılan şəraitdən razılıq edirlər. Deməli, hardasa məlum olmayan yerdə yaşayan bir nəfər "qan qaraldan" bir şey irəli sürürsə, bu, əhalinin, cəmiyyətin rəyi demək deyil. Çox xahiş edirəm ki, heç kəsdə belə bir fikir yaranmasın ki, kimsə –  ləzgi və avar  bu yolu tutublsa, bu heç də belə deyil. Mən bəyan edirəm  – belə hesab edin ki, bu həm Dağıstanın rəsmi hakimiyyətinin, həm də  onun xalqlarının fikri deyil.

Xatırladaq ki, Dağıstanın on rayonunun icra başçısı və Prezident Aparatının rəsmisinin təmsil olunduğu nümayəndə heyətinin Azərbaycana səfəri yanvarın 22-dən başlanmışdı. Səfər çərçivəsində Qusar, Xaçmaz, Zaqatala, Balakən və Şəki rayonlarında görüşlər keçirilmişdir.

 


Rəfael MƏNƏFOV,

“Şəkinin səsi” qəzeti redaksiya heyətinin

üzvü.

 

 

TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİÜASI ŞƏKİDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRMİŞDİR

 

Şəkildə: Tələbə Qəbulu Üzrə Dövlət Komitəsi Statistika Araşdırmalar və Elmi Layişədirmələr şöbəsinin müdiri Tariyel  Bədəlov (soldan), Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə (çıxış edərkən) və Şəki Şənclər İcra hakimiyyəti başçısının müavini Zərinə Cavadova. 

Bu günlərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Şəkidə 2007-2008-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirmişdir.

Müşavirədə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş və Zərdab rayonları təhsil şöbələrinin rəhbərləri və məktəb direktorları iştirak etmişlər.

Müşavirədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə "Azərbaycan Respublikasının ali məktəblərinə tələbə qəbulu: nəticələr, nailiyyətlər, vəzifələr" mövzusunda geniş məruzə etmişdir. Məruzədə TQDK-nın fəaliyyəti, 2007-2008-ci tədris ili üçün ali məktəblərə keçirilmiş qəbul imtahanlarının nəticələri respublika, eləcə də ayrı-ayrı rayonlar üzrə hərtərəfli təhlil edilmiş, növbəti qəbul imtahan- larında nəzərdə tutulan dəyişikliklər və qarşıda duran vəzifələrə toxunulmuşdur. Milli qiymətləndirmə sistemləri və təhsil standartlarının qarşılıqlı asılılığı, yeni təhsil mühitinin stimullaşdırılması və digər məsələlər barədə məlumat verilmişdir. TQDK sədri mərkəzləşdirilmiş milli qiymətləndirmə sisteminin ölkədaxili təhsil mühitinə müsbət təsir göstərdiyini, sağlam rəqabət formalaşdırdığını bildirmişdir.

Ali məktəblərə qəbul üçün ərizə verənlərin sayının 1992-ci illə müqayisədə 2,5 dəfə artaraq, 102 min 673 nəfərə çatdığını bildirən M.Abbaszadə, bu amili ilk növbədə yeni qəbul sisteminə inamın və gənclərin ali təhsil almaq həvəsinin artması ilə əlaqələndirmişdir. Ötənilki mə- zunların 41,4 faizinin qəbul kampaniyasında iştirak etmədiyini bildirən məruzəçi abituriyentlərin 36 faizinin 0-100 bal, 24,1 faizinin 100-200, 17 faizinin 200-300, 18,3 faizinin 300-500 və 4,6 faizinin 500-700 bal arasında nəticə göstərdiklərini nəzərə çatdırmışdır. Orta məktəbi "əla" qiymətlərlə bitirən 3570 məzunun yalnız 25 faizinin, yəni 925 nəfərinin qəbul imtahanlarında 500-700 bal topladığını bildirən TQDK sədri, əlaçı məzunların 241 nəfərinin 0-100, 450 nəfərinin 100-200, 595 məzunun isə 200-300 bal toplamasını mənfi hal kimi qiymətləndirmişdir. Bu, onu göstərir ki, orta məktəblərdə şagirdlərə verilən qiymətlər həddən artıq şişirdilir.

Müşavirədə çıxış edən TQDK-nın statistik araşdırmalar və elmi layihələndirmələr şöbəsinin müdiri Tariyel Bədəlov qəbul imtahanlarında Şəki-Zaqatala bölgəsi və ətraf rayonların məzunlarının əldə etdikləri nəticələrin elmi təhlilini vermişdir. Bildirmişdir ki, bu regiona daxil olan Qax, Şəki, İsmayıllı və Qəbələ rayonları məzunlarının ayrı-ayrı fənlər üzrə əldə etdikləri nəticələr respublika üzrə ən yüksək göstəricilərdən hesab olunur. Bununla yanaşı, təəssüf ki, Ağsu, Zərdab və digər rayonların məzunlarının əldə etdikləri nəticələr orta respublika göstəricilərindən xeyli aşağıdır.

Müşavirənin sonunda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmiş, rayonların təhsil şöbələrinə "Abituriyent" jurnalının xüsusi buraxılışı və qəbul imtahanlarının yekunlarına dair metodiki vəsaitlər təqdim olunmuşdur.

Müşavirənin işində Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova iştirak etmişdir.

 

Mustafa DADAŞOV

 

VƏTƏNİ QORUMAQ HƏR BİR GƏNCİN ŞƏRƏF İŞİDİR

 

ŞƏKİ ŞƏHƏR HƏRBİ KOMİSSARI POLKOVNİK AZƏR MƏMMƏDYAROVLA MÜSAHİBƏ

 

Müharibə şəraitində yaşayan Vətənimizin keşiyində ayıq-sayıq durmaq və onu göz bəbəyi kimi qorumaq gənclərimizin qarşısında duran çox məsul və şərəfli bir vəzifədir. Deməli, hər yerdə olduğu kimi, bizim Şəki rayonunda da gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması daha böyük əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, bu tələblər yerlərdə – o cümlədən Şəki Gənclər və İdman İdarəsində, "Şəki-İpək" şirkətində, musiqi, pedaqoji texnikumlarında, Müəllimlər İnstitutunun Şəki filialında… yüksək səviyyədə yerinə yetirilir.

Budur, artıq şəkili gənclərin həqiqi hərbi xidmətə qış çağırışı uğurla başa çatmışdır. Bığ yeri yenicə tərləyən yüzlərlə şəkili balası indi ölkənin müxtəlif hərbi hissələrində xidmətə başlamışdır. Bir azdan hərbi and içdikdən sonra əllərinə silah götürüb sərhədlərin keşiyində dayanacaqlar. Belə igid övladlarımızın hesabına öz gücünü, qüdrətini artıran, düşmənə hər an layiqli cavab verməyə hazır olan Azərbaycanımızın milli ordusunun şöhrəti bundan sonra  birə-beş qat artacaqdır.

Şəkili gənclərin həqiqi hərbi xidmətə təntənəli yola salınması mərasimi hər birimizin qəlbində dərin iz buraxmışdır. Bu vaxt musiqi sədaları dalğa-dalğa ətrafa yayılmış, valideynlər, gənclər sonsuz sevinclə rəqs etmişlər. Ataların, anaların, qohumlar dünənə qədər uşaq hesab etdikləri balaları bu gün üç rəngli bayrağımız, müqəddəs "Qurani-Kərim"in altından keçib: "Vətəni qorumaq bizim üçün ən böyük şərəfdir" demələri hamının qürur hissini daha da artırmışdır. Təbii ki, bu mərasimin də əsas mövzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi olmuşdur. Gənclər Şəki Şəhər İcra hakimiyyətinin, şəhər hərbi komissarlığının rəhbərlərinə, bütün Şəki əhalisinə söz vermişlər ki, ordu sıralarında hərbin sirlərinə daha dərindən yiyələnəcək, döyüş qabiliyyətlərini təkmilləşdirəcək, komandirlərin bütün tapşırıqlarını ləyaqətlə yerinə yetirəcəklər.

Bir sözlə, şəkili gənclərin həqiqi xidmətə qış çağırışı Şəkidə yüksək mütəşəkkilliklə başa çatdırılmış, onlar vahid bir məqsəd uğrunda ordu sıralarına həvəslə yola düşmüşlər. Arzumuz budur ki, doğma yurd yerlərimizi işğaldan təmizləsinlər, qəhrəman Vətənin övladları kimi sağ-salamat Şəkiyə qayıtsınlar.

"ŞƏKİNİN SƏSİ".

 

PREZİDENT SEÇKİLƏRİNƏ DOĞRU!

 

BİZİM TƏKLİFİMİZ: “Konstitusiyaya əsasən ölkə Prezidenti xalq tərəfindən seçilərsə, bu baxımdan iki dəfə prezident postunu tutmuş, xalqın inam və etimadını qazanmış... şəxsin üçüncü dəfə təkrarən namizədliyini irəli sürməsi mümkündür. Onun üçüncü və s. müddətə işləməsi  xalqın seçimindən asılıdır...”

Elşən Nəsibov

 

ELŞƏN NƏSİBOV HAQQINDA QISA MƏLUMAT

 

1977-ci il təvəllüdlüdür. Bakı Dövlət Universitetinin məzunudur. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Aspiranturasını bitirmişdir. Müstəqil olaraq elmi araşdırma ilə məşğul olur.

Telefonu: (0 50) 362  04  97

 

ELŞƏN NƏSİBOVUN AZƏRBAYCAN İCTİMAİYYƏTİNƏ MÜRACİƏTİ

 

Əziz həmvətənlərim!

Şəkili bacı-qardaşlarım!

Müstəqil Azərbaycanın 1990-cı illərin əvvəllərində yaşadığı acınacaqlı tarix hamımıza məlumdur. 1993-cü ilin iyun  ayından başlayaraq xalqımızın düçar olduğu bəlalardan tədricən xilas olması Ümumilli liderimiz Heydər Əliyevin xilaskar fəaliyyəti ilə bağlı olmuşdur. Sevindirici haldır ki, həmin yaşayış dövrü arxada qalmış, cəmiyyətdə xaos və anarxiyaya son qoyulmuş, ictimai-siyasi sabitlik təmin edilmiş, demokratiyaya nail olunmuş və dövlətçilik ənənələri gücləndirilmişdir.

Danılmaz faktdır ki, hal-hazırda Azərbaycan Respublikası iqtisadi və siyasi çəkisinə görə beynəlxalq aləmdə nüfuzlu bir dövlət kimi tanınır və regionun lider dövlətinə çevrilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan Respublikasında möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu sahəsində əsaslı hüquqi islahatlar həyata keçirilməkdədir. Məhz, Heydər Əliyev siyasətinin məntiqi davamı olaraq həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində Azərbaycanda icraedici, qanunverici və məhkəmə hakimiyyətinin strukturları daha da gücləndirilmiş və müvafiq dövlət qurumlarının fəaliyyəti səmərəliləşdirilmişdir. Konstitusiyamızın mövcudluğu, qəbul edilən qanunlar, prezident fərmanları, qərarlar, sərəncamlar və qanunvericiliyə aid olan başqa normativ-hüquqi sənədlər, digər tərəfdən xarici siyasət sahəsində dövlətlərlə imzalanmış müqavilələr, sazişlər və digər razılaşmalar Azərbaycan dövlətinin sürətli iqtisadi və siyasi inkişafına gətirib çıxarmış və onun istər regional, istərsə də qlobal səviyyəni əhatə edən beynəlxalq aləmdəki gücünün artmasına səbəb olmuşdur. Ölkədə  mövcud olan siyasi və iqtisadi sabitlik və iqtisadi inkişaf, elmi potensialın artımı,  insanların sosial-rifah halının yüksəldilməsi, söz azadlığı, insan hüquqlarının müasir səviyyədə təmini və digər demokratik proseslər həyata keçirilən düzgün daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Hesab edirəm ki, Azərbaycan Respublikası Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün cənab prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən siyasət nəticəsində yaxın gələcəkdə dünyanın inkişaf etmiş dövlətləri səviyyəsinə yüksələcəkdir.

Zənnimcə, mən və bütün Azərbaycan vətəndaşları, xüsusilə gənclər dövlətimizin mövcud və gələcək taleyi ilə daimi maraqlanmalı, əldə olunmuş nailiyyətlərin, milli və mədəni sərvətlərin, dəyərlərin qorunub saxlanmasına və daha da inkişafına çalışmalıyıq. Hamımıza bəllidir ki, istər keçmiş tarixi, istərsə də müasirlik baxımından Azərbaycan dövləti və xalqı öz inkişafına görə daha çox şəxsiyyətə, onu idarə edən liderə bağlıdır. Cəmiyyətin idarə olunmasında liderin rolu əsaslıdır. Buna görə  Azərbaycan dövlətinə etibarlı, bilikli, hərtərəfli idarəçilik təcrübəsinə malik, ən əsası öz xidmətləri ilə xalqın inam və etimadını qazanmış şəxslər tərəfindən rəhbərlik edilməsi hər zaman bizi düşündürməlidir.

Cəmiyyət inkişaf etdikcə buna müvafiq qaydada dövlət quruculuğu sahəsində hüquqi islahatlar daima aparılmalıdır. Müəllifi milli liderimiz   Heydər Əliyev olduğu Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan dövlətinin əsas qanunu olaraq mövcud və gələcək inkişafımızın zəmanətidir. Eyni zamanda qeyd edilməlidir ki, demokratik proseslər cəmiyyətin inkişafına xidmət edir və bu baxımdan zərurət yarandıqda həmin prosesləri tənzimləyən hüquqi normalarda dəyişikliklər etmək, onu daha da təkmillərdirmək zamanın tələblərinə uyğun olaraq diqqət mərkəzində olmalıdır.

Sadalanan fikirləri nəzərə alaraq, mən bir vətəndaş olaraq hesab edirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməlidir. Belə ki, Konstitusiyanın 101-ci maddəsinin 5-ci bəndində “heç kəs iki dəfə- dən artıq təkrarən Azərbaycan Respubli- kasının Prezidenti seçilə bilməz” ifadəsi “bir şəxsin bir neçə dəfə təkrarən Azərbaycan Res- publikasının prezidenti seçilməsində məhdudiyyət qoyulmur” ifadəsi ilə əvəz olunmalıdır.

 

BU FİKRİN ƏSASLARI:

 

1. Məlumdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinə əsasən yaşı otuz beşdən aşağı olmayan Azərbaycan Respub- likasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Bu zaman 35 və ya bu yaşdan bir qədər yuxarı yaş həddində olmuş şəxs iki dəfə təkrarən prezident seçilə bilirsə, 10 ildən sonra prezident postunu tutmuş həmin şəxsin yaşı 45 və ya bu yaşdan bir qədər yuxarı olur. Hamımıza məlumdur ki, 45 yaşdan yuxarı yaş həddi insanın kamillik, müdriklik dövrü hesab olunur. Şəxs həmin yaş dövründə prezident postunda daha da səmərəli xidmət göstərə bilər;

2. 10 il müddətində prezident işləmiş və bu sahədə zəngin idarəçilik təcrübəsi əldə etmiş, düzgün siyasi kurs seçmiş, öz proqramları ilə dövlətin inkişafına təkan vermiş, cəmiyyətdə, eləcə də beynəlxalq aləmdə nüfuz qazanmış, bir şəxsin üçüncü dəfə təkrarən prezident seçilmək imkanlarının olmaması, onun təcrübəsindən faydalanmamaq dövlət və cəmiyyətin tərəqqisinə mənfi təsirlərini göstərə bilər;

3. Gənc respublikalarda bir şəxsin uzun müddət dövlətə rəhbərlik etməsi ilə onun dövlətin idarə olunmasında formalaşdığı sistem, metod və mexanizmlərin səmərəli şəkildə yüksək formalaşma mərhələsinə gəlib çatması həmin dövlətlərin ümumi inkişafına təkan olur;

4. Konstitusiyaya əsasən Azərbaycan Respublikasının Prezidenti xalq tərəfindən seçilirsə, bu baxımdan iki dəfə prezident postunu tutmuş, xalqın inam və etimadını qazanmış, digər tərəfdən öz əmək qabiliyyətini itirməmiş şəxsin üçüncü dəfə təkrarən namizədliyini irəli sürməsi mümkündür. Onun üçüncü və s. müddətə işləməsi xalqın seçimindən asılıdır.

 

ƏZİZ HƏMVƏTƏNLƏRİM, DƏYƏRLİ HƏMKARLARIM!

 

Yuxarıda sadalananları nəzərə alaraq, Sizlər- dən xahiş edirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasının 101-ci maddəsinin 5-ci bəndinin dəyişdirilməsinə aid mövqeyimə münasibət bildirəsiniz və 2008-ci ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan prezident seçkiləri günü həmin məsələnin ümumxalq səsverməsinə çıxarılması məqsədilə Azərbaycan Respublika- sının Milli Məclisinə müvafiq müraciətlər ünvanlayasınız!

 

P.S. Milli Məclisdə “Şəkinin səsi” qəzetini millət vəkili Hadi Rəcəbli təmsil edir. Sözü ona veririk...

 

 

«ŞƏKİNİN SƏSİ» QƏZETİNDƏ İLYAS İSMAYILOVLA BAĞLI  DƏRC OLUNMUŞ BİR TƏNQİLİ YAZININ ƏKS-SƏDASI

 

İLYAS İSMAYILOV «ŞƏKİNİN SƏSİ» QƏZETİNİ  MƏHKƏMƏYƏ VERİR

 

“Şəkinin səsi” qəzeti ötən saylarında Ədalət Partiyasının əhbəri İlyas İsmayılova sərt ittiham irəli sürüb.

Qəzetin yaydığı məlumata əsasən, partiya sədri ölkənin baş prokuroru işlədiyi zamanlarda “ermənilərə xidmət edib”. Bu ittihamlara cavab verən partiya funksioneri Mütəllim Rəhimli “OLAYLAR”a açıqlamasında həmin qəzet və qəzetin baş redaktoru haqqında məhkəmə qərarının olduğunu bildirdi: “Şəkinin səsi” qəzeti vaxtilə İlyas İsmayılovun əleyhinə silsilə yazılar dərc edirdi və bununla bağlı İlyas İsmayılov məhkəməyə müraciət etdi. Məhkəmə qəzetin günahkar olduğu və İlyas İsmayılova böhtan atdığı barədə qərar qəbul etdi”(?!).

Mütəllim Rəhimli, həmçinin, bu yazıların qəzetə və jurnalistə yaraşmayan hərəkət olduğunu bildirdi. Onun sözlərinə görə, bu məsələ ilə əlaqədar Ədalət Partiyası həmin qəzeti və yazının müəllifini məhkəməyə vermək niyyətindədir.(?!). Bununla  bağlı yaxın günlərdə iddia ərizəsi məhkəməyə təqdim olunacaq.(?!).

 

“Bakı-Xəbər” qəzeti

(15 yanvar 2008-ci il)

 

İLYAS İSMAYILOVA QARŞI YENİ SƏÇT İTTİHAMLAR

(«Reytinq» qəzeti , 13 yanvar 2008-ci il)

 

Ədalət Partiyasının sədri İlyas İsmayılov deputat mandatı aldıqdan sonra daha çox siyasi proseslərdən kənarda qalmağa cəhd göstərən şəxs təəssüratı yaradır.

 

“ŞƏKİNİN SƏSİ”NDƏN:

 

– İlyas İsmayılovun diqqətinə çatdırırıq ki, ona qarşı “tuşlanmış” bu sərt ittihamların başında bu dəfə “Şəkinin səsi” qəzeti yox, “Reytinq” durur. Qəzetin yazdığına görə  onun Milli Məclisin iclaslarında susaraq, ölkədə baş verən hadisələrə münasibət bildirməmək xəttini tutması da bundan xəbər verir. Hazırkı  şəraitdə İlyas bəyin bu taktikasının işə yaradığı və onun həm iqtidar, həm də müxalifət tərəfindən “vurulmadığı” nəzərdən qaçmır. Qısası,  siyasi proseslərdə aktivlik göstərməyən İlyas İsmayılov bu yolla özünü rəqiblərinin ittihamından qoruyur.

“Reytinq” özünün bu yazısında üstüörtülü şəkildə İlyas İsmayılovun keçmiş yaramaz əməllərini “dilə” gətirmək, yada salmaq və “qamçılamaq” fikrinə düşmüşdür.  Qəzet ilk növbədə öz oxucularının nəzərinə çatdıra bilərdi ki, İlyas İsmayılov hələ ölkənin baş prokuroru olarkən bu xalqın başına, “bəla” olmuş və Qorbaçovun Azərbaycandakı “baş cəlladı” kimi “ad çıxarmış”, Qdilyan kimi ermənipərəst adamlarla durub-oturmuş, üzüm və pambıq pripiskası adı altında İttifaqın əli ilə bu yurdu “çalıb-çapdırmış”, xalqın əmlakının talanıb Moskvaya aparılmasına hər cür kömək göstərmiş, namuslu adamları zindanlara saldırmış, Sumqayıt hadisələrinin “mühakimə”sində ermənipərəst mövqeyi ilə “seçilmiş”, cavanlarımızı erməni hakimlərin  əli ilə cəzalandırılmasına razılıq vermiş,  parlamentin deputatı kimi İttifaqın mövqeyini qorumuş, rus ordusunun Bakıya “soxulma”sını alqışlamışdır. O, Qarabağ prokurorluğunun bütün hüquqlarının ittifaqa təhvil verilməsini də öz “sərəncamı” ilə təsdiqləmişdir.

İlyas İsmayılovun Azərbaycanın başına açdığı belə oyunlar saysız-hesabsızdır.  Təəssüflər olsun ki, indiyədək törətdiyi cinayət əməllərinə görə cəzalandırılmamışdır. Əksinə, Azərbaycanın baş prokuroru vəzifəsindən qovulduqdan bir qədər sonra ölkənin Ədliyyə naziri vəzifəsini Moskvanın köməyi ilə “ələ” keçirə bilmiş, o vaxt pensiyaçı-deputat kimi Naxçıvanda yaşayan Heydər Əliyevin yenidən hakimiyyət başına gələcəyindən təşvişə düşərək onu “şantaj” etməklə məşğul  olmuş, hətta o xalqın tələbi ilə Azərbaycan Prezidenti seçildikdən sonra belə ölkə başçısını “tanımadığı”nı bildirməklə, yaramaz  ünsürlərlə “durub-oturmuş”dur. Ədliyyə naziri vəzifəsindən  uzaqlaşdırıldıqdan sonra öz yaramaz əməllərinin layiqli cəzasını almadığından  ruhlanaraq özünün “Ədalət” partiyası ilə ölkədə təxribatlar törətmək istəmişdir.

Yəqin “Reytinq” İlyas İsmayılovun bu dərəcədə “fəallaşması”nın – heç bir “müqavimətlə” rastlaşmamasının səbəbini onun arxasında duranların kimlərdən ibarət olduğunu öyrənmək istəmişdir. Hər halda 1992-ci il Prezident seçkilərindən sonra Ali Məclisə keçirilən seçkilərdə hər dəfə uğursuzluğa uğrayan İlyas İsmayılovun gözlənilmədən  birdən-birə yenidən “parlaması” və  Məclisin deputatı seçilə bilməsi də  hamı kimi “Reytinq” üçündə maraqlı olmuşdur. Eyni zamanda “Reytinq” İlyas İsmayılovun indiki deputatlıq fəaliyyəti dövründə özünü çox sərbəst və təmkinli aparmasının səbəbləri, yəqin ki, yaxşı başa düşür. Və sözarası bildirir ki,  əgər ilyas İsmayılov bu dəfə bir deputat kimi “fəallaşarsa” bundan ziyan çəkəcək. Keçmiş yaramaz əməlləri yada düşəcək və belə bir adamın millət vəkili seçilməsində kimlərin “barmağı” olduğu aşkarlanacaqdır.

“Reytinq”in həmin yazısında göstərlidiyi kimi. Amma, “Şəkinin səsi” qəzeti İlyas İsmayılova qarşı sərt ittihamlar irəli sürməklə, onun ətrafında baş verən  “süküt”u qismən də olsa  pozmuşdur. “Şəkinin səsi”nin iddiasına görə İlyas İsmayılovun indiki fəaliyyəti müstəqilliyimizin əleyhinə yönəldilmişdir. Qəzet buna səbəb kimi, onun “rusbaş” olmasını göstərir. “Şəkinin səsi”nin sözlərinə istinad edən qəzet onu da qeyd edir ki, “sözügedən mətbuat orqanı “Ədalət” partiyası sədrinin əməllərini ifşa etmək yolundan çəkinməyəcəyini də yazıb”.

“Reytinq”i isə daha çox  maraqlandıran odur ki, son vaxtlar susmağa üstünlük verən İlyas İsmayılov bu ittihamlardan sonra hansı addımı atacaq. Hər halda onun danışması “reytinq”çilər üçün də maraqlı olardı.

R.S. “Şəkinin səsi” qəzeti belə hesab edir ki, İlyas İsmayılov “Reytinq”in  deputatlıq fəaliyyətilə bağlı ona yönəltdiyi bu sərt ittihamlara hər halda laqeyd qalmayacaq və o, bu qəzeti də məhkəməyə verəcəkdir. Çünki qəzetin həmin yazısında   “Şəkinin səsi”nin toxunmadığı bir çox məsələlərə aydınlıq gətirilmişdir.

 

İLYAS İSMAYILOV «ŞƏKİNİN SƏSİ» QƏZETİNİ MƏHKƏMƏYƏ VERCƏYİ BARƏDƏ YAYILAN İNFORMASİYANI ƏSASSIZ HESAB EDİR

 

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov “Həftə içi”nə bildirib ki, mətbuatda “Şəkinin səsi” qəzetini məhkəməyə verməsi ilə bağlı yayılan informasiya artıq öz operativliyini itirib. Çünki adıçəkilən qəzetlə 1990 və 1992-ci illərdə “çəkişməsi” olub və heç birimizin xeyrinə qərar çıxarılmayıb. İndi belə məlumatı yenidən gündəmə gətirmək faydasızdır: “O zaman barəmdə  yalan və şər-böhtan yazan qəzet haqqındakı ədalətsiz qərarı məhkəmə verdi”. Partiya sədri dedi ki, “Mən məhkəmədən şərəf- layəqətimi təhqir etdiyi üçün Salis müəllimdən 10 milyon manat pul alınmasını, redaktora  cəza verilməsini xahiş etmişdim. Bu iddialarım yerinə yetirilmədi. Redaktora  üz tutdum, dəfələrlə ondan üzr istəməsini xahiş elədim. Məhkəmədən sonra onun yeni tənqidi çıxışlarına əhəmiyyət verməməyi qərarlaşdırdım: amma, sonradan gördüm  mən güzəştə (?!) getdikcə qarşı tərəf daha da hücuma keçir. Ədliyyə naziri olduğuma görə bu dəfə Ali Məhkəməyə müraciət etdim”. İ.İsmayılovun sözlərinə görə, “Şəkinin səsi”  qəzetində daha çox onun Tovuz rayon prokuroru işlədiyi dövrdə guya Tovuzu ermənilərə vermək, əvəzində rayon mərkəzində heykəlinin qoyulması ilə bağlı xəbərə etiraz edib və bu üzdən də şərəf, ləyaqətinin təhqir olunduğumu əsas tutaraq qəzetlə qanun dili (?!) ilə danışıb: “Onların irəli sürdüyü iddialar gülməli idi, heç bir fakta söykənmirdi. Məhkəmədə də əllərində əsasları olmadığından uduzdular”(?!).

 

“ŞƏKİNİN SƏSİ”NDƏN:

 

Əslində isə cənab İ.İsmayılovun respublika prokuroru işlədiyi dövrdə “İpəkçi” qəzetinə qarşı irəli sürdüyü iddialarının, demək olar ki, hamısı məhkəmə tərəfdən rədd olunmuşdur!

Cənab İ.İsmayılov Ədliyyə naziri işlədyi dövrdə də bizim qəzetə qarşı məhkəmə iddiası qaldırdı, ən məşhur vəkillərini, o cümlədən Qurban Məmmədovu bu işə cəlb etdi, ətək-ətək pul xərclədi, amma, nəinki məhkəmədə “uddı”, heç Şəkidə keçirilən məhkəmənin bir iclasının belə keçirilməsinə nail olmadı. Bu vaxt onun vəkili Qurban Məmmədov məhkəmə sədrindən dönə-dönə xahiş edirdi ki, İlyas İsmayılov qəzetə qarşı olan bütün iddialarından əl çəkir, baş redaktorun “quruğa” bir təkzib verməsi ilə razılaşır. Hakimin isə son sözü belə oldu: yerli məhkəmələr Ədliyyə Nazirliyinə tabe olduğu üçün baş redaktor İlyas İsmayılovun iddia ərizəsinə Şəki məhkəməsində baxılmasına qəti etirazını bildirib.

 

 

TƏBRİK EDİRİK!

 

FİKRƏT ƏSGƏROV ÖLKƏMİZDƏ TANINAN  MÜƏLLİMLƏRDƏN BİRİDİR

 

Şəkidə müəllimlər arasında ötən il keçirilən "İlin müəllimi" müsabiqəsində "Əməkdar müəllim" Fikrət Əsgərov də qalib hesab edilmişdir.

Şəkildə: Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov (sağda) "İlin müəllimi" qalibini təbrik edərkən…

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Şəki şəhər 10 saylı orta məktəbin riyaziyyat müəllimi Fikrət Əsgərova "Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adı verilmişdir.

Əsgərov Fikrət Hüseyn oğlu 1958-ci ildə Şəki şəhər R.Əfəndiyev adına 10 saylı məktəbi bitirdikdən sonra N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1963-cü ildə ali təhsilini başa vurmuşdur. 1967-ci ilədək Zaqatala rayonunun kənd məktəblərində müəllim işləmişdir. 1967-ci ilin sentyabrından indiyədək isə Şəki şəhər R.Əfəndiyev adına 10 saylı orta məktəbdə riyaziyyat müəllimidir. F.Əsgərov 29 il həmin məktəb həmkarlar ittifaqı təşkilatının sədri olmuşdur. Şagirdlərinin ilk uğuru 1970-ci ildən başlayıb. Riyaziyyatdan Respublika olimpiadasında iştirak edən 6 şagirdin 5-i onun yetirməsi olub. Onlardan Rasim Allahverdiyev birinci, iki şagirdi isə üçüncü yerləri tutmuşdur. Rasim Simferopol şəhərində keçirilən Ümumittifaq riyaziyyat olimpiadasında da iştirak etmişdir. Bununla əlaqədar olaraq maarif nazirliyinin "Qabaqcıl maarif xadimi" nişanı, Respublika "Bilik" cəmiyyətinin isə fəxri fərmanı ilə təltif edilmişdir. F.Əsgərov həm də müxtəlif medallara və fəxri fərmanlara layiq görülmüşdür.

Fikrət müəllimi "Azərbaycan Respublikasının Əməkdar müəllimi" kimi yüksək ada layiq görüldüyünə görə təbrik edir, ona məsuliyyətli işində daha böyük uğurlar arzulayırıq.

 

Kazım MƏMMƏDOV.

 

 

TƏBRİK EDİRİK!

 

ŞƏKİ ŞƏHƏR TELEKOMMUNİKASİYA QOVŞAĞININ RƏİSİ MƏHƏMMƏD ƏHMƏDOV «RABİTƏ USTASI» ADINA LAYİQ GÖRÜLMÜŞDÜR

 

Rabitə işçilərinin peşə bayramı münasi- bətilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun əmri ilə öz peşə fəaliyyətini yüksək məsuliyyət hissi ilə həyata keçirən bir qrup rabitə işçisinə "Rabitə ustası" fəxri adı verilmişdir. Onların arasında  Şəki Telekommunikasiya qovşağının rəisi, "Şəkinin səsi" qəzeti redaksiya heyətinin üzvü Məhəmməd Əhmədov da var.

Biz də öz növbəmizdə "Şəkinin səsi" qəzetinin əməkdaşları və oxucuları adından Məhəmməd Əhmədovu fəxri ad alması münasibətilə ürəkdən təbrik edir, ona bundan sonra da uğurlarını davam etdirməsini arzulayırıq.

"ŞƏKİNİN SƏSİ".

 

 

«İSTEFA TƏLƏBİNƏ TƏƏCCÜBLƏNDİM»

 

ƏFLATUN AMAŞOV: «ƏLİMİZDƏN GƏLƏNİ EDİRİK VƏ BUNDAN SONRA DA EDƏCƏYİK»

 

 

 "Ötən həftənin şəndə günü "Azadlıq" qəzetinin direktoru Azər Əhmədov mənə telefonda xahiş etdi ki, Mirzə Sakitin müalicə müəssisəsinə köçürülməsinə köməklik göstərin. Sözün düzü, biz həmişə Mirzə Sakiti diqqət mərkəzində saxlamışıq, onunla bir neçə dəfə görüşmüşük və onun əfv olunması ilə bağlı prezidentə, əfv komissiyasına müraciət etmişik. Mətbuat Şurasının səlahiyyətləri daxilində əlimizdən gələni edirik və bundan sonra da  belə olacaq". Bunu hazırda həbsxanada cəza çəkən satirik şair, "Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit tərəfindən “istefası” tələb olunan Mətbuat Şurasının sədri Əflatun Amaşov söyləyib.

Şura sədrinin sözlərinə görə, Ədliyyə Nazirliyinin müxtəlif idarə rəisləri ilə əlaqə saxlayıb, danışıqlar aparıb: "Nazirlikdən bildirdilər ki, əgər Mirzə Sakitin səhhətində problem varsa, onun tibb müəssisəsinə köçürülməsi tamamilə mümkündür. Çox güman ki, tezliklə Mirzə Sakitlə bağlı problem yoluna qoyulacaq və o, həkim müayinəsindən keçəcək". Amaşov deyib ki, bu işlərlə məşğul olduğu gün işə gəldikdə mətbuatda Mirzə Sakitin açıqlamasını oxuyub və təəccüblənib: "Bu, məndə həm də gülüş doğurdu. Necə ola bilər ki, xahiş və tələb eyni gündə açıqlansın…" Əflatun Amaşov Azərbaycan jurnalistlərinin həbsə alınmaması üçün çalışdığını, sonuncu jurnalistin azadlığa çıxacağı günə qədər bu istiqamətdə fəaliyyət göstərəcəyini deyib: "Mənim istefamı tələb etməsinə baxmayaraq, artıq Mirzə Sakit nəzarətə götürülüb. Əslində mənə maraqlı gələn o oldu ki, Mirzə Sakitə yardım etməklə bağlı mənə edilən müraciət və istefa tələbi niyə eyni günə təsadüf etdi… Əgər istefa tələbi bir gün sonra səsləndirilsəydi bu, etik normaara daha uyğun gələrdi…"

İBRAHİM

 

 

"Şəki-İpək" Şirkətinin "dirçəliş" yollarında atdığı ilkin uğurlu addımlar Şəkidə hamını sevindirir. Və bu müəssisə ilə bilavasitə əlaqədar olan bir çox təşkilatlar bu gün onun rəhbərliyi ilə  daha çox əlaqə yaradır, şirkətə öz köməyini əsirgəmirlər.

Bu günlərdə şəhər Polis Şöbəsinin rəisi Fətulla Hacıyev, Şəki Regional Elektrik Şəbəkəsinin direktoru Cuma Kərimov şirkətdə olmuş, onun rəhbərliyi və kollektivi ilə görüşmüş mövcud olan bir sıra problemlərin aradan qaldırılmasında şirkətə kömək göstərmişlər.

 

 

Şəkildə: "Şəki-İpək" Şirkəti İdarə heyətinin sədri Marat Əkbərov (soldan), Şəki Regional Elektrik Şəbəkəsinin direktoru Cuma Kərimov və Şəki Şəhər Polis Şöbəsinin rəisi Fətulla Hacıyev.    

 

 

ŞƏKİ UŞAQ FONDU FƏALİYYƏTDƏDİR

 

 


 

 

 

 

 


 

Elmira Hacıyeva,

Şəki Uşaq Fondunun sədri, Şəki Tibb Texnikumunun direktoru

 

 

 Şəki Uşaq Fondu 1988-ci ildən yaranmışdır. Uşaq Fondunun  əsas mahiyyəti kimsəsiz, əlil, çoxuşaqlı – az təminatlı, şəhid ailələrinə, istedadı və savadı olub, lakin ailə vəziyyətləri ağır olduğundan təhsil haqqlarını ödəyə bilməyən tələbələrə kömək, yardım göstərməkdir.

Əvvəllər Şəki Uşaq Fondunun Bank hesabı olmadığından vəsait toplanmamışdır. Şəki Uşaq Fonduna müraciət edən maddi cəhətdən vəziyyətləri olduqca ağır olan ailələlərə Respublika Uşaq Fondu tərəfindən maddi köməklik göstərilmişdir. Həmin illərdə Respublkia Uşaq Fondunun köməkliyi ilə 5 dəfə çox uşaqlı, az təminatlı, kimsəsiz, əlil, şəhid ailələrinə xeyli miqdarda geyim əşyaları paylanmış və pul yardımı göstərilmişdir.

Uşaq Fondu 1992-ci ildə respublika Ədliyyə Nazirliyinin qeydiyyatından keçmişdir. Onun ştampı, möhürü, nizamnaməsi var. Biz Şəki Uşaq Fondunun işinin lazımi səviyyədə aparılmasında şəhər fəallarına arxalanırıq.  Fondun hesabına vəsait köçürən təşkilatlardan səhiyyəni, təhsil şöbəsini, mədəniyyət şöbəsini, kənd bələdiyyələrini nümunə göstərə bilərik.

Biz ildə bir neçə dəfə kənddə, şəhərdə yaşayan imkansız ailələrin uşaqlarına Novruz bayramı, 1 iyun – Uşaqların Müdafiə Günü, 1 sentyabr – bilik günü və Yeni il münasibətilə geyim əşyaları paylayırıq. Dəfələrlə internat məktəbində yaşayan uşaqlar üçün, bayramlar münasibətilə yemək stolu açmışıq. Hər il 1 iyun – Uşaqların Müdafiə günü münasibətilə kimsəsiz, əlil, çoxuşaqlı az təminatlı, şəhid ailələrindən   olan uşaqlara yemək stolu təşkil edirik. 10 nəfərə yaxın uşağın təhsil haqqını ödəmişik. 21 xəstə uşaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xətti ilə mayinə və müalicə olunmaq üçün Bakı şəhərində yerləşən xəstəxanalara göndərilmişdir.

Fondumuz uşaqlara, eyni zamanda yaşlı insanlara da müalicəsi üçün köməklik göstərir. 15 nəfərdən çox ata- ana himayəsindən məhrum olmuş uşaqları qəyyumluğa götürmüşük. Və hər uşağa ayda 10 manat yardım olunur.

Mən arzu edərdim ki, fondun imkanları genişlənsin, biz də maddi cəhətdən vəziyyəti ağır olan ailələrə imkanımız daxilində daha çox köməklik edək.

Bizə köməklik edən bütün idarə və təşkilatlara minnət- darlığımızı bildiririk. Və imkanları olan şəxsləri də fondumuzun hesabına pul köçürməyə çağırırıq.

 

 

ŞƏKİYƏ TURİST AXINI ARTMIŞDIR

 

Turizm infrastrukturunun yaradılması istiqamətində  həyata keçirilən tədbirlər nəticəsində 2007-ci ildə Şəkiyə gələn yerli və xarici turistlərin sayı əvvəlki illə müqayisədə 3 min nəfərdən çox artaraq, 12 min nəfərə çatmışdır.

2007-ci ilin iyununda Türkiyə, ABŞ, Misir, İraq, Çin, Koreya Respublikası, Polşa, Bolqarıstan, Hindistan, Norveç, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və digər xarici ölkələrin Azərbaycandakı səfirliklərin nümayəndə heyətlərinin iştirakı ilə Şəki şəhərində ilk dəfə olaraq beynəlxalq səviyyəli “Sənətkarlar günü” bayramı keçirilmişdir. Bundan əlavə, ötən  ilə “Mədəni irsin qorunması” layihəsi çərçivəsində XVIII əsrə aid memarlıq abidəsi olan “Qala divarları”nın həyətindəki keçmiş kazarma binası bərpa edilərək, “Sənətkarlar evi” kimi fəaliyyətə başlamış, Kiş kəndi ərazisində meşə zolağında “Şam bağı” istirahət zonası yaradılmış, şəhərin Dodu məhəlləsində “Delfin” idman-sağlamlıq kompleksi istifadəyə verilmişdir.

Şəhər  mədəniyyət və turizm şöbəsindən verilən məlumatda bildirilir ki, Şəki xanlarının sarayına gələn yerli əhali və turistlərin sayı da ildən ilə artır. Bərpadan  əvvəl, yəni 2001-ci ildən Xan sarayını cəmi 1950 nəfər ziyarət etmişdirsə, 2005-ci ildə onların sayı 11.587, 2006-cı ildə 17.213, 2007-ci ildə isə 20 min 110 nəfər olmuşdur.

1761-62-ci illərdə tikilən Xan sarayında əsaslı bərpa işlərinə ümummilli liderimiz   Heydər Əlyievin diqqət və qayğısı ilə 2002-ci ilin sentyabrında başlanılmış və 2004-cü ilin noyabrında başa çatdırılmışdır. Sarayın bərpasına Dünya Bankı tərəfindən 3,2 milyon ABŞ dolları məbləğində vəsait ayrılmışdır.

 

M.DADAŞOV

 

 

AZƏRBAYCAN RESPUBLKİASI ƏDLİYYƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

 

ƏDLİYYƏ NAZİRLİYİNİN ŞƏKİDƏ REGİONAL ŞÖBƏSİ YARADILMIŞDIR

 

Ölkəmizdə həyata keçirilən hüquqi islahatlar çərçivəsində ədliyyə fəaliyyətinin daha da təkmilləşdirilməsi üzrə ardıcıl və məqsədyönlü tədbirlər görülmüş, nazirliyin fəaliyyətinin qanunvericilik bazası və strukturu tamamilə yeniləşmiş və yeni qurumlar, o cümlədən regional ədliyyə şöbələri yaradılmışdır.

Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsində peşəkar kadr korpusunun formalaşdırılmasının əhəmiyyəti nəzərə alınaraq, işə qəbulun yüksək tələblər səviyyəsində, şəffaf prosedurlarla aparılması üzrə tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə" təsdiq edilmiş, Ədliyyə Nazirliyi tərəfindən bu Əsasnamənin icrasından irəli gələn məsələləri tənzimləyən müvafiq qaydalar qəbul olunmuşdur.

Həmin əsasnaməyə uyğun olaraq ədliyyə orqanlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir. Müsabiqə test üsulu ilə keçirilən ixtisas imtahanından və söhbətdən ibarət olacaqdır.

Vakant vəzifələr əsasən məhkəmə icraçıları və nəzarətçiləri xidmətində, yeni yaradılan regional ədliyyə və qeydiyyat şöbələrində, Penitensiar xidmətdə və digər ədliyyə sahələrindədir.

Müsabiqədə iştirak etmək istəyən və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun və dövlət qulluğu haqqında qanunvericiliyin tələblərinə cavab verən vətəndaşları ərizə və müvafiq sənədlərini təqdim edə bilərlər.

Sənədlər 2008-ci il yanvar ayının 7-dən mart ayının 7-dək Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri İnşaatçılar prospekti 1) bütün iş günləri qəbul ediləcəkdir.

Qulluğa qəbulla bağlı aidiyyatı məsələlərlə, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə nazirliyin internet səhifəsində  (www.justice.gov.az) tanış olmaq, eləcə də 430-01-18, 430-11-05 telefonları vasitəsilə əlavə məlumat almaq olar.

 

MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR

 

Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun və dövlət qulluğu haqqında qanunvericiliyin tələblərinə cavab verən şəxslər aşağıdakı sənədləri təqdim edirlər:

-vahid forma üzrə ərizə;

-kadrların uçotunun şəxsi vərəqəsi;

-tərcümeyi-hal;

-ali təhsil haqqında sənədin (diplo- mun) notariat qaydasında təsdiq olunmuş surəti (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə  (nostrivikasiya olunmaqla);

-şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;

-əmək kitabçasının notariat qaydasında və ya kadrlar xidməti tərəfindən təsdiq olunmuş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);

-sağlamlıq barədə Ədliyyə Nazirliyi tibb xidmətinin arayışı (yaşadığı ərazi üzrə poliklinikadan son bir il ərzində müraciət edib-etməməsi barədə tibbi arayış, narkoloji və ruhi-əsəb dispanserlərindən qeydiyyatda olub-olmaması barədə sənəd təqdim etməklə).

-Hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti, ərazi üzrə Hərbi Komissarlıqdan həqiqi hərbi xidmət keçmə və qeydiyyat haqqında sənəd;

-Ailə tərkibi haqqında arayış;

-4x6 sm ölçüdə 6 ədəd rəngli fotoşəkil;

Müraciət edən şəxs özünü xarakterizə edən başqa sənədləri də təqdim edə bilər.  

 

 

TAXILÇILIQLA MƏŞĞUL OLAN FERMERLƏRLƏ GÖRÜŞMÜŞ, ONLARIN PROBLEMLƏRİ İLƏ MARAQLANMIŞLAR

 

Şəki və onunla qonşu olan Zaqatalada, Qaxda, Balakəndə və Oğuz rayonlarında taxılçılıq təsərrüfatının yüksələn xətlə inkişaf etdirilməsinə göstərilən qayğı və diqqət xeyli artırılmışdır. Bu işdə Kənd Təsərrüfatı Nazirliyinin Şəkidə fəaliyyət göstərən Ərazi İdarəsi mühüm rol oynayır. İdarənin rəisi Cavanşir Qurbanovun kənd təsərrüfatı nazirliyinin müvafiq şöbələri ilə birlikdə regionun taxılçılıqla məşğul olan fermerlərinə göstərdiyi yardım və köməkdən hamı razılıq edir. Nazirliyin Aqrar-Elm Mərkəzinin şöbə müdiri Salman Salmanovun bu günlərdə regiona növbəti səfəri də belə bir xeyirxah məqsədə xidmət etmişdir. O, nazirliyin regional şöbəsinin rəisi Cavanşir Qurbanovla və Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovla birlikdə Şəki rayonunun taxılçılıqla məşğul olan təsərrüfatlarına baş çəkmiş, fermerlərlə görüşmüş, onların problemləri ilə yerindəcə tanış olmuş, taxıl əkini sahələrinə baxış keçirmişlər.

Fermerlər onların bu köməyindən razı qaldıqlarını bildirmişlər.

Şəkildə: Kənd Təsərrüfatı Nazirliyinin Şəkidə yerləşən Ərazi İdarəsinin rəisi Cavanşir Qurbanov (soldan), Kənd Təsərrüfatı Nazirliyi Aqrar-Elm Mərkəzi şöbəsinin müdiri Salman Salmanov və Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov.  

 

 

HEYDƏR ƏLİYEV ADINA SARAY YAYDA TƏHVİL VERİLƏCƏK

 

Hazırda təmirdə olan Heydər Əliyev Sarayında təmir davam etməkdədir. Sarayın nə vaxt istifadəyə verilməsi ilə bağlı məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyun ayının sonlarına kimi tikinti işlərinin yekunlaşacağını bildirdi. Yenidənqurma işləri başa çatandan sonra Heydər Əliyev adına Sarayda dünya standartlarına cavab verəcək avadanlıqların quraşdırılması mərhələsi başlayacaq. Burada müxtəlif səpkili yaradıcılıq tədbirlərinin keçirilməsi nəzərdə tutulduğundan daha çox akustikanın gücləndiriməsi üçün xüsusi tədbirlər görüləcək. Nazir eyni zamanda bərpa olunan teatrlarda da texniki avadanlıqların yenilənəcəyini bildirdi.

 

 

SƏRHƏDÇİLƏRLƏ DOSTLUQ EDİRLƏR

 

Töhrab Hüseynovun direktor olduğu Şəki Musiqi texnikumunun kollektivi Dövlət Sərhəd Qoşunları Şəki Şöbəsinin əsgərləri ilə möhkəm dostluq əlaqələri yaratmışdır. Texnikumun tələbələri tez-tez sərhədçilərlə görüşür, onlar qarşısında maraqlı proqramla konsertlər verirlər. Həmin konsertlərdə əsasən sərhədçilərimizin həyatından bəhs edən, o cümlədən Vətən və xalqımıza həsr olunan mahnılar oxunur, şerlər səsləndirilir. Gənc istedadların döyüşçülərlə birlikdə ifa etdikləri rəqslər də hamıda xoş əhval-ruhiyyə yaradır.

Texnikumun kollektivi hərbi hissəni öz hamiliyinə götürmüşdür. Bu günlərdə sərhəd hissəsində keçirilən görüşdə musiqi texnikumun kollektivi adından sərhədçilərimizə qiymətli hədiyyələr təqdim olunmuşdur.

Sərhədçilər də texnikumun kollektivini yaddan çıxarmırlar. Onlardan bir qrupu bu təhsil ocağında olmuş və texnikumda fəaliyyət göstərən şöbələrin işi ilə maraqlanmış, daha  sonra "şirniyyat stolu" arxasında texnikumla sərhədçilər arasında günbəgün möhkəmlənən bu dostluğun əhəmiyyətindən söz açmışlar.

 

Müzəffər UMAROV.

 

 

ƏDALƏT PARTİYASI TƏRƏDDÜD EDİR

 

Bir sıra partiyalar oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı müəyyən qərarlar versələr də ötən prezident seçkilərində iştirak etmiş Ədalət Partiyasının sədri İlyas İsmayılov bu məsələdə tələsmir. Partiya  seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı mövqeyini də hələ dəqiqləşdirməyib.

Partiya  sədrinin müavini Mütəllim Rəhimlinin sözlərinə görə, Azərbaycanda oktyabrdı prezident seçkilərinin keçiriləcəyinə baxmayaraq, bu gün cəmiyyətlə və siyasi düşərgədə seçki ab-havası yoxdur. Ona görə də seçkilərlə bağlı qərar verməyə tələsmədiklərini deyən partiya funksioneri “Ədalət”də seçkiyə hər hansı hazırlığın olmadığını da vurğulayıb. M.Rəhimli partiyanın yaranacaq seçki bloklarında təmsil olunmasının nəzərdə tutulmadığını da deyib: “Azərbaycanda elə bir seçki bloku yoxdur ki, biz orala təmsil olunaq. Həmçinin, hazırda prezident seçkiləri ilə bağlı partiya daxilində də yekdil fikir yoxdur. Partiya rəhbərliyinin bir hissəsi seçkilərdə namizəd irəli sürməyin, digər hissəsi isə iştirak etməməyin tərəfdarıdır. Ona görə də bu məsələlər partiyanın Siyasi Şurasında və Ali Məclisində müzakirə ediləcək. İlyas İsmayılov namizədliyinin irəli sürülməsinə razılıq versə və bu qurumlarda yekdil fikir olsa da, o zaman nqamizəd irəli sürüləcək”

 

 

ZAQATALADA SÜD EMALI ZAVODU TİKİLƏCƏK

 

"Gilan" Məhdud Məsuliyyətli Cəmiyyətin xətti ilə 2008-ci ildə Zaqatala rayonunun Muxax kəndi ərazisində gündəlik istehsal gücü 10 ton olan süd emalı zavodunun tikintisi nəzərdə tutulmuşdur.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, bu məqsədlə həmin ərazidə 5 hektar torpaq sahəsi ayrılmışdır. Zavodun istifadəyə verilməsi rayonda yeni iş yerlərinin açılması ilə yanaşı, əhalinin keyfiyyətli süd məhsullarına olan tələbatının ödənilməsinə, habelə heyvandarlığın inkişafına da müsbət təsir göstərəcəkdir.

Hazırda rayonda il ərzində 38 min tona yaxın süd istehsal olunur.

 

 

MƏTBUAT ŞURASI SEÇKİ ƏRƏFƏSİNDƏ MƏTBUATDA MONİTORİNQ APARACAQ

 

"Bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı mətbuatda etik normaların pozulması halları əvvəlki illərdə müşahidə edildiyi qədər  kəskin olmayacaq. 2003-cü ildə keçirilən prezident seçkisində mediada vəziyyət daha ağır idi. Ayrı-ayrı mətbuat orqanları bir-birlərinə çox kəskin münasibət bəsləyirdi." Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Şura sədri son bir neçə ildə mətbuatın nisbətən inkişaf etdiyini deyib. Hər dəfə ölkədə seçki keçiriləndə mətbuatda canlanma müşahidə olunduğunu qeyd edən Ə.Amaşov 2005-ci il parlament seçkisi ərəfəsində 30-a qədər yeni mətbuat orqanının nəşrə başladığını xatırladıb: "Seçki başa çatandan sonra qəzetlər tədricən bağlandı".

Ə.Amaşov seçki ilində mətbuatda hiss olunan gərginliyin aradan qaldırılması ilə bağlı Mətbuat Şurasının xüsusi tədbirlər həyata keçirməyi nəzərdə tutduğunu deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum bu il Azərbaycanda keçiriləcək prezident seçkisi ilə əlaqədar monitorinq aparacaq: "Seçkilərlə bağlı şikayətləri ayrılıqda müzakirə edibqərar qəbul edəcəyik". Hər il Mətbuat Şurasına 800-dən artıq şikayətin daxil olduğunu deyən şura sədri şikayətlərin xarakterinə görə qruplara bölündüyünü bildirib: "Ötən il bu şikayətlərin 500-ə qədəri "reket jurnalistika"sı ilə bağlı olub. 2007-ci ildə jurnalistlərin peşə davranış qaydalarının pozulması ilə bağlı isə 350-dək şikayət almışıq."  

  

 

ARDI >>>