22.02.2008
OXUCULARIMIZIN YARADICILIĞINDAN
MƏLƏK GƏLİR
(Etik və lirik şer)
Pislər qəlbimə ah verir,
Yaxşı ömrə pənah verir,
Ruzumuzu Allah verir,
Süfrəmizə çörək gəlir.
Heyranam "Xan yaylağı"na,
Gözəl "Soyuq bulağı”na.
Çıxıram "Marxal" dağına,
Üstümə gül, çiçək gəlir.
Şəbəkəsi eşqə baxış,
Aç sirrini özün danış.
"Xan sarayı" naxış-naxış,
Ömrümüzə bəzək gəlir.
Düz deməsək sözümüzü,
Dərd yandırar gözümüzü.
Qoruyaq öz-özümüzü,
Hər tərəfdən fələk gəlir.
Nədən itirib başını?
Vətən itirib başını,
Bədən itirib başını,
Sol əl sağa kələk gəlir.
Əyri kəs doğru adlanır,
Doğma olan da yadlanır.
Dünya yanır, göy odlanır,
Mərmi, güllə, fişəng gəlir.
Bir az sevgidən danışaq,
Keçən günlərə qarışaq.
Qismətimizlə barışaq,
İlahidən kömək gəlir.
Varlığımda, qanımdasan,
Bədənimdə canımdasan.
Nə yaxşı sən yanımdasan,
Ürəyimə ürək gəlir.
Ağ geyimin var geymisən,
Sanki yayda qar geymisən.
İpəkdən paltar geymisən,
O da sənə qəşəng gəlir.
Qaçma eşqin sırasından,
Çıxarsan yar arasından.
Gözlərinin qarasından,
Üstümüzə ağ rəng gəlir.
Yol başında əğyar durar,
Gizlən, fələk oyun qurar.
Camalını xəzan vurar,
Soyuq, duman, külək gəlir.
Qurtuluş, ad qalır ona,
Gözəl həyat qalır ona.
Görənlər mat qalır ona,
Sanki göydən mələk gəlir.
XƏBƏR AL MƏNİ…
(qoşma)
Yaddaşımda gənclik qaldı, bir də sən,
İndi harda, gizlindəsən, sirrdəsən.
Tapammıram səni, hansı yerdəsən,
Ya aşkar ol, ya da xəbər al məni.
İlk şirin arzular döndü tərsinə,
O dağa dözməzdi bilki hər sinə.
Sinəmin üstünə salıb sər, sinə,
Axtar o sevgini, yada sal məni.
Bəyənən olmadım dünya malını,
Sevdim düz eşqimin cəh-cəlalını.
Qaytar o günlərin xoş vüsalını,
Hicran caynağından gəlib al məni.
Sən qırdın bir qəlbin könül tarını,
Yaman tez itirdin etibarını.
Təqsir məndədirsmə ver qərarını,
Əlinlə zindana özün sal məni.
Od vur vücuduma, alışıb yanım,
Özümdən savayı yoxdu həyanım.
Sənə dəyibdirsə əgər ziyanım,
Əqrəb, ilan kimi tapıb-çal məni.
Qurtuluş, istərəm şerlər yazam,
Odlu bir ürəyəm, çiçəkli yazam.
Sənsiz bir dünyada qırılmış sazam,
Dilləndir simləri, yenə sal məni.
QƏSSAB
(halallıqla yaşayan və sadə peşə
adamları olan Şəki qəssablarina)
Pəhlivan qamətli bir igid qoçaq,
Üzündə, gözündə mərfət, qanacaq.
"Qurban bayramı"nda əlində bıçaq,
Geyinib tər-təmiz bəzəndi qəssəb.
Olub qismətiylə gözü tox onun,
Keçibdir zəhmətlə ömrü çox onun.
Bir kimsədən təmənnası yox onun,
Vüqarla, qeyrətlə gəzəndi qəssəb.
Dilində şəkili zarafatı var,
Öz eli, obası, camaatı var.
Onun mərd sifətli öz həyatı var,
Pisləri nifrətlə süzəndi qəssəb.
Hər insan olanmaz onun həvəsdə,
Bıçağı gəzdirər döşdə, qəfəsdə.
Kəsdiyi heyvanın bədəni üstə,
Cərrah-həkim kimi əsəndi qəssəb.
Malın köklüyünə nəzər salandı,
Alışda xeyrinə özü qalandı.
Çobandan qoyunu seçib alandı,
Seçib yanba-yana düzəndi qəssəb.
Meyli yox yalana, haram-müftəyə,
"Ya Allah" deyəndi səhər "siftəyə".
Heyvanın üzünü tutub qibləyə,
Bıçaqla boynunu üzəndi qəssəb.
Əti satılanda, cibi dolanda,
Sevinər işinə tərif olanda.
Bazarı nə vaxtsa zəif olanda,
Bir az alverindən küsəndi qəssəb.
Lovğalıqdan hər an uzaq olandı,
Ədəbaz görəndə gültək solandı.
ŞƏKİ DAĞLARINA
Acı sözdən göylər kimi dolandı,
Nankoru palçıq tək əzəndi qəssəb.
Qurtuluş yaxşıyla dostluq qurandır,
Qəssəb də ömrü düz başa vurandır.
Xeyirdə, şər işdə başqa durandır,
Halalca duz-çörək kəsəndi qəssəb.
Şəkimiztək etibarlı,
Əcdadlardan yadigarlı.
"Marxal"ın başı qarlı,
Gül-çiçəyə batan dağlar.
Tarixi var kökdə, soyda,
Taleyi sevincdə, toyda.
Ucalığı Qafqaz boyda,
Zirvələrə çatan dağlar.
Meşələri girər bara,
Çiçəkləri dərdə çara.
Sərvətini insanlara,
Təmənnasız "satan" dağlar.
Başın üstə günəş yandır,
Tarixini bizə qandır.
Babaların türk-albandır,
Qafqaz olub atan, dağlar.
Qayalardı çöl-bayırı,
Yıxdı bir çox Əzrayılı.
Yeliseyi, Urnayırı,
Əjdahatək udan dağlar.
Zalımları torpaq edən,
Nadir şahı qorxaq edən.
Çələbini bayraq edən,
Başı üstə tutan dağlar.
Qurtuluş, od var qanında,
Gözəlliyi öz canında.
Şəkimizin dörd yanında,
Quzu kimi yatan dağlar.
YNVANI: Şəki şəhəri, 19-cu rayon, M.Ə.Rəsulzadə küçəsi, ev №256.Telefon: 6-05-94
Məmməd XƏLİLOV.
TƏZƏ GƏLİN
(gəlin olan gənc qızlara)
Qədəmin mübarək ay təzə gəlin,
Həyat yollarında xoşbəxt olasan.
İndi təzə gəlin, həyat yoldaşı
Vaxt keçər qayğıkeş ana olasan.
Gəlin, ad-sanını qoru nəslinin,
El səni hörmətlə sevər hər zaman.
Əməlin saf olsun, vicdanın təmiz,
Pis işə qəlbində sən vermə aman.
Qulaq as, ərinin haqlı səsinə,
Göz tikmə kimsənin şah süfrəsinə.
Şükr elə özünün şor tikəsinə,
Minnətli halvadan zəhər nuş olur.
Nə şöhrət dostu ol, nə var dostu ol,
Ərinə etibar, ilqar dostu ol.
Övlad xoşbəxtliyi, şadlıq dostu ol,
Əla qarlı qışdan bahar yaxşıdır.
Qadın namusilə ad-sanlı olub,
Ərinə qayğilə yaşa da dolub.
Qayğıkeş olmayan qadın "heç" olub,
Yaxşılardan yaxşı qadın olasan.
Səninlə fəxr etsin ata-anan da,
Dostun, doğmaların, yaxınların da.
"Sağ ol" söyləsinlər, üzləri gülsün,
Cavan qohumların, ahılların da.
Azəri yurdunun bir ulduzusan,
"Nigar" nəticəsi, "Həcər" qızısan.
Müstəqil dövlətin böyük xanımı,
Mehriban xanımtək kişi hünərli-
Elində, obanda ad qazanasan.
PUL OLDU
(pulun xeyri, şəri haqda bir
neçə söz)
İnsanın yadına riyakarlığı,
Fitnə, fırıldağı salan pul oldu.
Səliqə, abadlıq, gözəlliyin də-
İşini sahmana salan pul oldu.
Kim icad etmişsə ilk dəfə onu,
Geydirib dünyaya ölçüsüz donu.
Başlanan hər işin əvvəli, sonu,
Rüşvətxora cənnət,
Sonra cəhənnəm pul oldu.
Pulun hökmü ilə pozuldu ilqar,
Düşmənə çevrildi əvvəlki dostlar.
Bütün eşitdiyin, göz görən nə var,
Hamısına səbəb olan pul oldu.
Çox kəsərli olur pulun ülgücü,
Onsuz bir tədbirin olmayır gücü.
Nadürüst, insafsız, yaltağı, gici,
Kişi cərgəsinə salan pul oldu.
Kalan pul görmədim doğruda, düzdə,
Gecəli, gündüzlü çalışsa yüz də.
Kimin hörməti var, görünür üzdə,
Səbəbi açıq əl, çoxlu pul oldu.
Pul oba dağıtdı, pul şəhər saldı,
Pul üçün bəzi ev xaraba qaldı.
Pul mənsəb gətirdi, pul geri aldı,
Bu cibdən, o cibə dolan pul oldu.
Pul çaylar ram etdi, pul dağ yaratdı,
Pul üçün qardaş da, qardaşı satdı.
Boş beyin "cananlar" yarını atdı,
Əri ailədən alan pul oldu.
Güvənmə dövlətin gələn vaxtına,
O dərman deyildir ömür baxtına.
Kimləri qaldırıb şöhrət taxtına,
Sonra ağzı üstə salan pul oldu.
Yazdığım sözlərin faktı var məndə,
Misallar deyərəm yeri gələndə.
Ay dost, olmuşları xatırla sən də,
Yaxşı, pis işlərə səbəb pul oldu.
Mən Məmməd müəlliməm, deyiləm naşı,
De, kim sala bilər pul salan başı.
Həm sevinc, həm kədər, həm də göz yaşı-
Gətirən, qaytarıb alan pul oldu
HƏYAT OLMUŞ TAMAŞA
Ta qədimdən həyat olmuş tamaşa-
Çit geysən də, bürünsən də qumaşa.
Mərd ol, ömür payın mərd kimi yaşa,
Ömür hər insançün gəldi-gedərdi.
Uca tutma çoxlarından özünü,
Doğru danış, sadə denən sözünü.
Progektor zənn eləmə gözünü,
Düşün, gözün nuru sönüb gedəndir.
Güman elə insan deyil, sadəcə bir ağacsan,
Külək qopsa qəfil sınan budaqsan.
Unutma ki, bu dünyaya qonaqsan-
Cəhd etsən də, bütün cəhdlər hədərdir.
Yadda saxla, sən kim idin, kim oldun,
Boş çalaydın, yağış yağdı, göl oldun.
Paltardan da, ərzaqdan da bol oldun,
Süni gölün suyu hopub gedəndir.
Məmməd müəllim hörmət edir hər ada,
Tövsiyəsi budur doğmaya-yada:
Namus, qeyrət qalacaqdır dünyada,
Sonda həyat arzuolunmaz kədərdir.
MİNNƏTDARLIQ
Hörmətli Salis müəllim!
Hər vaxtınız üzünüzə xeyirliklə açılsın. Sizə bol-bol qışın oğlan çağında "xoş ovqat" arzulayıram. Salis müəllim, siz öz alicənablığınızla, sadəliyinizlə Abbasovlar ailəsinin qohumlarının, müəllifin oxuduğu məktəb müəllimlərinin, ali məktəb tələbə dostlarının, bütün Cəyirli kənd sakinlərinin, Bakı şəhərində dərc olunan "İRS" jurnalı heyətinin, Azərbaycan televiziya studiyasında çalışan dostlarının, Moskvada "Ocaq" cəmiyyətində fəaliyyət göstərənlərin, "Asudə vaxt" qəzeti heyətinin və bir sıra ictimai qurumlarda fəaliyyət göstərən əzizlərimiz yanında başımızı uca etdiniz. Allah da sizin həmişə başınızı "vəzifə" başında uca etsin, onsuz da başınız xalq qarşısında ucadır, bundan da yüksək baş ucalığı arzulayıram.
Sizin redaktor olduğunuz "Şəkinin səsi" qəzetinizin vasitəsi ilə bütün Azərbaycan xalqına öz fikrinizlə çatdırdınız ki, Hacı Çələbi yurdunda, torpağında – ən ucqar bir kəndində "Vətənpərvər" bir ziyalı oğul yetişib. O, gənc istedadlı jurnalist, "RF"nin Yazıçılar Birliyinin üzvü, Moskva şəhərində həkimlik edən, pulla diplom almayan, nə öz ölkəsinin tarixini, nə coğrafiyasını dərindən bilən, haqq yolundan çəkinməyən, düz yol tutmuş, xalqını dərin məhəbbətlə sevən bir oğuldur. Allah pənahından saxlasın!
Salis müəllim, göndərdiyiniz "Şəkinin səsi" qəzetinin təzə nömrələrini 28.XII.2007-ci il tarixdə Bakıdan gələndən sonra 29.XII.2007-ci il tarixdə kənd poçtumuzdan alıb oxudum və qəzetin nömrələrindən xətri-hörməti olan insanlara da hədiyyə etdim. Salis müəllim, biz çox sevindik, Alah da Sizi sevindirsin.
Mənim zənnimcə, müəllif Abbasov Cəfərsadıq İstambul şəhərində ailə üzvləri ilə birlikdə kürəkənim Ərdoğan və Hasan gildə qonaqdı. Əgər istəyirsinizsə mobil telefon nömrəsini verim özünüz zəng vurun "muştuluq"layın. (Mobil telefon: 007-495-323-64-38
. Bu telefon nömrəsi də bizim evindir: 77-1-54)
Salis müəllim, bu günlərdə rəhmətlik Aydın Məmmədovun ad günü olacaq. Ona görə də şuşalı şair Aydın Babayevin rəhmətliyə ithaf etdiyi şeirini redaksiyaya göndərirəm. Və təvəqqə edirəm o şeiri "Oxucuların yaradıcılığı" səhifəsində imkan dairəsində işıqlandırın ki, rəhmətliyin ruhu da şad ola.
Salis müəllim, deyəsən sizi yordum, axı köksümdə ürəyim göynəyir, Aydın “itgisi” məni yandırır, bizim tərəflərdə xalqın məhəbbətini qazandığı üçün Bakıdan uzaqlaşdırılmışdı. “Bu torpaq bir də Aydın yetirməyəcək!” Adaşı belə demiş.
Salis müəllim, daha fikrimi tamamlayıram. Sizin 75 illik yubileyinizə türk xalqının yazarı Mustafa Turanın "DastanlaşanÇankale" kitabını hədiyyə edirəm.
Hörmətlə:
Sabir ZEYNALOV,
Şəki rayonu Cəyirli kənd sakini,
təqaüdçü, müəllim.
"BU GÜN"
(Xatirə)
Mən elə bildim ki, Azərbaycanın,
Yarısını əlimizdən aldılar "bu gün".
Mən elə bildim ki, kürəyimizə,
Amansız bir balta çaldılar bu gün.
Ay aman! Ay haray! Düşünən başı
Alçaq düşmənlərə tapşırmayın siz!
Ay Aydın! Qradaşım!
Qurumaz, silinməz gözümün yaşı,
Sanki "yetim" qalmış xalqımız Sizsiz!
Mən elə bildim kürəyimizdə,
Zirvə-zirvə dağlar durubdur.
Düşmənlər tarixən ürəyimizə,
Xəncəri, qılıncı qəfil vurublar.
Qardaşım! Neyləyim, yanıram axı,
Səni bu torpaq yetirməz bir də.
Mürgülü xalqımız görsə sabahı,
Aqili asanca itirməz bir də.
Of! Satqın sürücü Əziz, qurusun əlin,
Sən ölsən yaxşı olmazdımı?
Sən getsən bir qatil azalmazdımı?!
Aydın zəkasıydı Vətənin, elin.
Ay Allah! Ay Allah! Bilmirəm ki, tək,
Axı kimlərdən qoruyaq səni.
Ay Aydın! Adaşım!
Sən bizi qorudun düşmənlərimizdən.
Bizsə təkcə səni
Qoruya bilmədik biz "özümüzdən".
Xatirəni 17 il əvvəl qələmə alan
Aydın BABAYEV
«İPƏKÇİ» VƏ «ŞƏKİNİN SƏSİ» QƏZETLƏRİNİN BAŞ REDAKTORU, RESPUBLİKANIN ƏMƏKDAR JURNALİSTİ M.SALİSİN ANADAN OLMASININ 76, YARADICILIQ FƏALİYYƏTİNİN 60 VƏ BAŞ REDAKTORLU FƏALİYYƏTİNİN 45 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ
SALİS MÜƏLLİM SÖZÜN DÜZÜNÜ YAZAN, HƏQİQƏT UĞRUNDA DÖYÜŞƏN BİR QƏZET REDAKTORU KİMİ TANIYIRAM…
Şəki, 25 dekabr 1982. Şəkildə: Azərbaycan KP MK katibi Həsən Həsənov Şəki fəallarının yığıncağındakı çıxışında Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti günlərində "İpəkçi" qəzetinin Moskva ipəkçilərinin "Çelnok" qəzeti ilə birlikdə Moskvada buraxdığı "Azərbaycan-Moskva" zəhmətkeşlərinin dostluğu"na həsr olunmuş xüsusi nömrəsinin necə böyük rəğbətlə qarşılanmasından, böyük əks-səda doğurmasından, paytaxtın Lenin Rayon Partiya Komitəsinin fəxri fərmanı ilə təltif olunmasından söz açarkən…
Həqiqəti yazan və müdafiə edən, millətə sözün düzünü çatdıran qəzet həmişə öz oxucusu tərəfindən sevilmiş, öz redaktoruna şərəf, baş ucalığı gətirmişdir. Uzun illər "İpəkçi" qəzetinin oxucusu olmuşam. Respublikamızın ən tanınmış və hörmətli jurnalistlərindən olan M.Salisin təsisçisi və baş redaktoru olduğu "Şəkinin səsi" qəzetini də müntəzəm izləyirəm. Bu qəzetlər respublikanın, bölgənin, eləcə də Şəkinin ictimai-siyasi, mədəni həyatı barədə oxucularda dolğun təsəvvür yaradır.
Hörmətli Prezidentimiz Heydər Əliyev tərəfindən fəaliyyəti yüksək qiymətləndirilən, fəhlə qəzeti "İpəkçi"nin və onun redaktorunun dövlətçiliyimizin qorunmasında və möhkəmləndirilməsində fəal iştirak etdiyinə görə adı hörmətli Ramiz Mehdiyevin Hidayət Orucovla birgə qələmə aldığı "Qəsd" kitabında iftixarla çəkilən, "Şəkinin səsi" qəzetinin qurucusu M.Salisin 65 illiyi münasibətilə qəzetdə çap edilən digər təbriklərlə da tanış oluram. Və mən də hörmətli dostum M.Salis barədə öz təəssüratımı oxucularla bölüşmək istəyirəm.
İlk dəfə "İpəkçi" qəzetini Gəncədə birinci katib işləyərkən oxumuşam. Əvvəllər, bu qəzetə elə-belə ötəri baxırdım. Lakin bu qəzetin ətrafımdakılar tərəfindən diqqətlə oxunduğunu görüb, onunla daha yaxından maraqlandım. Respublikanın o dövrdə çap edilən ən nüfuzlu qəzetləri "İpəkçi"nin, onun redaktoru M.Salisin qeyri-adi operativliyindən - kiçik qəzetin böyük işindən yazırdılar. "İpəkçi" qəzeti ilə, onun redaktoru M.Salislə tanış oldum. Mərkəzi Komitədə işləyərkən - ideoloji sahəyə rəhbərlik edərkən "İpəkçi" burada əl-əl gəzirdi. "İpəkçi" çoxlarının görə bilmədiyi, bacarmadığı bir işi görürdü. Qəzet bütün İttifaqda yaxşı ad qazanmışdı.
Yaxşı yadımdadır. Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və Mədəniyyəti günlərində "İpəkçi" qəzetinin Moskva ipəkçilərinin "Çelnok" qəzeti ilə birlikdə buraxdığı, "Azərbaycan-Moskva zəhmətkeşlərinin dostluğuna" həsr olunmuş xüsusi nömrəsi ölkənin paytaxtında rəğbətlə qarşılandı və böyük əks-səda doğurdu.
Bakıya qayıdarkən Moskvada gördüklərimdən "İpəkçi" qəzetinin moskvalılara göstərdiyi böyük təsirdən Şəki Şəhər Partiya Komitsənin o vaxtkı birinci katibi Nurəddin Mustafayevə və Salis müəllimlə danışdım və qəzetin redaktoruna öz minnətdarlığımı bildirdim.
İndi budur, həmin cəsarətli, işgüzar redaktorun - M.Salisin 65 yaşı tamam olur. Bu gün "Şəkinin səsi" qəzeti M.Salisin imzası ilə "İpəkçi"nin ənənələrini cəsarətlə davam etdirir. "İpəkçi" mənim yaddaşımda, hörmətli Prezidentimiz Heydər Əliyevin də qeyd etdiyi kimi, cəsarətli, kimsədən çəkinmədən sözün düzünü yazan, həqiqət uğrunda döyüşən bir qəzet kimi qalmışdır.
Hörmətli M.Salis! Sizi anadan olmağınızın 65 illiyi münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür və cansağlığı arzulayıram.
Hörmətlə:
Həsən HƏSƏNOV,
Respublikanın Xarici İşlər naziri.
("Şəkinin səsi" qəzetinin 9 iyun 1997-ci il tarixli sayından)
«ŞƏKİNİN SƏSİ» «İPƏKÇİ»NİN «ŞİNEL»İNDƏN ÇIXMIŞDIR
Qafar ƏLİYEV,
Prezident Aparatı İctimai-Siyasi şöbəsində bölmə müdiri
Sözdən güclü, sözdən qüdrətli təsir vasitəsi yoxdur. Söz insan mənəviyyatına təsir edir, onu düşündürür, ruhlandırır. Əlbəttə, söhbət yerində deyilən, yerində yazılan, insanı saflaşdıran, onun qədir -qiymətini artıran, iç dünyamızı dolğunlaşdıran sözdən gedir. Və 6 yaşı tamam olan və 200-cü sayı işıq üzü görən "Şəkinin səsi" mənim gözlərimdə müdrikliyin, haqqın, ədalətin simvoludur. Bu qəzet necə deyərlər, ölkəmizdə çox məşhur olan "İpəkçi"nin "şinel"indən çıxmışdır. Bir-birini "tamam"layan hər iki qəzetin səhifələrində isə 70 illik tariximiz-dünənimiz, bu günümüz, başlıcası isə bu illərin "fırtınaları"– təlatümləri yaşayır və tarixə çevrilir. "İpəkçi" və "Şəkinin səsi" təkcə bu günümüzdən yox, məhz sabahımızdan da yazmağı bacardığı üçün, sözün əsl mənasında sabahın qəzeti də hesab oluna bilər.
Hər iki qəzetin baş redaktoru olan qələm dostumuz-əməkdar jurnalist Salis Məmmədov ölkəmizdə baş verən siyasi hadisələri diqqətlə izləyir. Bu hadisələrə təcrübəli, yetkin jurnalist gözü ilə baxır. Hər bir dövlət əhəmiyyətli məsələyə öz münasibətini qəzet səhifələrində yubanmadan bildirir. Faktları, yenilikləri öz dünyagörüşü ilə şərh edir və yalnız həqiqəti söyləyir, real istiqamətlərə əsaslanır, uzaqgörənlik nümunələri göstərir. Məsələn, o, "İpəkçi"nin 21 sentyabr 1992-ci il tarixli sayında yazırdı ki, Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilməsəydi, çox böyük fəlakətlər baş verərdi. Şuşa və Laçın kimi, bu qədim Azərbaycan torpağı da işğal olunardı. Heydər Əliyev Azərbaycan Respublikası on ikinci çağırış birinci sessiyasında çıxış edərək Qarabağ məsələsinə, ölkə rəhbərliyinin daxili və xarici siyasətinə öz prinsipial münasibətini bildirdi. Ona görə də ona hücumlar başlandı. Onu xalq şairi Bəxtiyar Vahabzadə müdafiə etdi. Şairin çıxışının mətni "İpəkçi" və "Respublika" qəzetlərində çap edildi. Hər iki qəzetə ciddi təzyiqlər başlandı. "Respublika" müxtəlif bəhanələrlə bağlandı. "İpəkçi" isə özünü qoruya bildi.
Əlbəttə, 1992-ci ildə, yəni Heydər Əliyev yenidən hakimiyyətə gəlməmişdən əvvəl belə düzgün siyasi mövqedə dayanmaq, yalnız həqiqəti söyləmək, "düzə-düz" "əyriyə-əyri" demək, "Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən ancan Heydər Əliyev çıxara bilər" rubrikası altında cəsarətli yazılar dərc etmək hər oğulun işi deyildi.
"İpəkçi" və "Şəkinin səsi" qəzetlərinin respublikamızda böyük nüfuz qazanmasının səbəblərindən biri də baş redaktorun siyasi məsələlərdə həqiqət carçısı olmasıdır. Məhz həmin səbəbə görə "İpəkçi" və onun davamçısı olan "Şəkinin səsi" böyük oxucu auditoriyası qazanmışdır. Bu qəzetlər Prezident Aparatında da maraqlı qarşılanır. Hətta, möhtərəm Prezidentimiz Heydər Əliyevin özü də "Şəkinin səsi"nin oxucusudur. Və "İpəkçi"nin 60 illik yubileyini ən səmimi sözlərlə təbrik etmiş və onun fəaliyyətini çox yüksək qiymətləndirmişdir.
Ümumiyyətlə, "İpəkçi" ilə birlikdə "Şəkinin səsi"nin də keçdiyi şərəfli yaradıcılıq yolu respublikamızda aydın görünür, yüksək qiymətləndirilir. Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin dövlət müşaviri Hidayət Orucovla birlikdə hazırlayıb çap etdirdikləri "Qəsd" kitabında qeyd olunur ki, 1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında baş verən hadisələr zamanı "Şəkinin səsi" sağlam mövqe tutmuş, qanuni yolla seçilmiş Prezidentimizin və Konstitusiyamızın müdafiəsinə yönəldilən yazılarla çıxış etmiş, silahlı müxalifətlərin ifşa olunmasında böyük rol oynamışdır.
Mən başda Əli Həsənov olmaqla Prezident Aparatı İctimai-Siyasi Şöbəsinin kollektivi adından "Şəkinin səsi" qəzetinin 200-cü sayının çapdan çıxması münasibətilə qəzetin redaksiya heyəti üzvlərini və çoxminli oxucular ordusunu ürəkdən təbrik edir, hamınıza möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.
("Şəkinin səsi"-"İpəkçi", 14 fevral 2000-ci il)
DAHA BİR TƏBRİK!
«İPƏKÇİ»-«ŞƏKİNİN SƏSİ» QƏZETLƏRİNİN BAŞ REDAKTORU, RESPUBLİKANIN ƏMƏKDAR JURNALİSTİ CƏNAB SALİS MƏMMƏDOVA
Hörmətli Salis müəllim!
Sizi – Azərbaycan mətbuatının tanınmış nümayəndəsini anadan olmağının 70, jurnalistlik fəaliyyətinizin 55 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, Sizə xoşbəxtlik, uzun ömür və cansağlığı arzulayıram.
Milli mətbuatımızın inkişafında özünəməxsus xidmətləri olan yaradıcı bir insan, peşəkar jurnalist kimi Siz Azərbaycanın qədim tarixi ənənələrə malik Şəki torpağının yetirdiyi görkəmli ziyalılarımızdansınız. Çətin və şərəfli jurnalist peşəsinə bağlılığınız, orijinal söz duyumunuz Sizə çoxsaylı oxucularınız arasında böyük rəğbət və məhəbbət qazandırmışdır. Öz bədii-estktik təsir gücü və milli koloritli iə seçilən yazılarınız insanlara daim xoş duyğular aşılayır.
Sizin təsisçi və baş redaktoru olduğunuz "İpəkçi"- "Şəkinin səsi" qəzetləri möhtərəm prezidentimiz cənab Heydər Əliyevin uğurla həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət kursunun fəal təbliğatçısı olmuş, ölkə tarixinin ən taleyüklü və həlledici məqamlarından Azərbaycan dövlətçiliyini, milli mənafelərimizi birmənalı şəkildə daim dəstəkləmişdir. Baş redaktor kimi cəsarətli, prinsipial və qətiyyətli mövqeyinizlə, haqlı olaraq "İpəkçi" və "Şəkinin səsi" qəzetlərini ölkəmizin ən çox oxunaqlı, öz dəsti-xətti olan və mübariz mətbu orqanlarından birinə çevrilmişdir.
Əlamətdar hadisələr münasibətilə bir daha Sizi ürəkdən təbrik edir, gələcək yaradıcılığınızda və baş redaktor kimi yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!
Dərin hörmətlə:
Əsgər ƏLƏKBƏROV,
Azərbaycan Respublikası Daxili İşlər
Nazirinin müavini, polis general-leytenantı.
BAŞ REDAKTORLA GÖRÜŞ
Şəki Şəhər Daxili İşlər Şöbəsində anadan olmasının 70 illik yubileyi ərəfəsində respublikanın əməkdar jurnalisti M.Salislə görüş keçirilmişdir. Görüşdə şöbənin rəisi, polis polkovniki Fətulla Hacıyev, Daxili İşlər Nazirliyinin nümayəndəsi Elman Mirzəyev və başqaları çıxış edərək Milli mətbuatımızın inkişafında, dövlətçiliyimizin və müstəqilliyimizin qorunmasında onun layiqli xidmətlərini qeyd etmiş, həm nazirliyin, həm də daxili işlər şöbəsinin kollektivləri adından yubilyarı təbrik etmişlər. Sonra Daxili İşlər Nazirliyinin təbriki oxunmuşdur.
Axırda "Şəkinin səsi" qəzetinin baş redaktoru çıxış edərək onun yubileyini təbrik edən və ünvanına xoş sözlər çatdıran polis işçilərinə minnətdarlığını bildirmişdir.
"ŞƏKİNİN SƏSİ" - "İPƏKÇİ".
(13 oktyabr 2002-ci il).
SALİSİMİZ
(Görkəmli jurnalist, qüdrətli qələm ustası, Azərbaycan Respublikasının “Əməkdar jurnalisti, "İpəkçi" və "Şəkinin səsi" qəzetlərinin yaradıcısı və baş redaktoru, gözəl insan, milli və ədalətli Vətən oğlu Salis Məmmədovun 70 illik yubileyinə)
Dönübdü 70 yaşlı Bəxtiyara Salisimiz,
Çatıb şöhrətə-şana, ixtiyara Salisimiz.
Ürəyi, qəlbi təmiz, məhəbbəti yaz havası,
"Şəkinin səsi" ilə fərəhlənir el-obası.
Qüdrətli el oğludur, zirvələrdə dağ qalası,
O vətən övladıdır, Şəkimizin öz balası.
Bənzəyir Zərdabitək yadigara Salisimiz,
Çatıb şöhrətə-şana, ixtiyar Salisimiz.
Şəhəri, kəndi sevib, ana torpaqdan danışıb,
Zülməti tənqid edib, nurlu çıraqdan danışıb.
Qələmi bayraq edib, sözdən, varaqdan danışıb.
Nəşr edib "İpəkçi"ni, həmişə haqdan danışıb.
Çevrilib ürəklərdə iftixara Salisimiz,
Çatıb şöhrətə-şana, ixtiyar Salisimiz.
Seçməyib başqa yolu nurlu sabahdan başqa,
Olmayıb bir arxası qələm-silahdan başqa.
Sevməyib təm-tərağı, xalqa pənahdan başqa,
Kimsəyə baş əyməyib, təkcə Allahdan başqa.
Layiqli övlad olub bu diyara Salisimiz,
Çatıb şöhrətə-şana, ixtiyar Salisimiz.
Oğlu Aydın da gözəl yazıların ustadıdır,
Qızı Vəfa bacımız sənətkarın övladıdır.
"İpəkçi", "Şəkinin səsi" mətbuatın qanadıdır,
Bu qəzet yubilyarın ömrü, günü, həyatıdır.
Qovuşsun ömrü ilə ilk bahara Salisimiz,
Çatıb şöhrətə-şana, ixtiyar Salisimiz.
Fəxr edib o həmişə ona verilən qiymət ilə,
Sözünü, çörəyini bölüb vətən, millət ilə,
Yaşayıb mərd kişi tək, namus ilə, qeyrət ilə.
Qurtuluş şeri yazdı yubilyara hörmət ilə,
Dönübdür ən qüdrətli sənətkara Salisimiz,
Çatıb 70 yaşlı ixtiyara Salisimiz,
Çevrilib ürəklərdə iftixara Salisimiz,
Layiqli övlad olub bu diyara Salisimiz,
Qurtuluş SÜLEYMANLI.
10 oktyabr 2003-cü il.
«ELM» QƏZETİNİ SƏHİFƏLƏYƏRKƏN…
«ƏCAİBÜL-MƏQDUR Fİ NƏVAİB TİMUR» ƏSƏRİNDƏKİ ŞƏKİYƏ DAİR NAMƏLUM BƏHSLƏR
«GƏLƏSƏN-GÖRƏSƏN» QALASINDA VƏ ƏTRAFINDA 1403-CÜ İLDƏ BAŞ VERMİŞ HADİSƏLƏR BARƏDƏ MƏLUMATLAR
Aydın SALİSOĞLU,
«Şəkinin səsi» qəzetinin redaktoru.
İbn Ərəbşah 1389-cu il noyabrın 5-də Dəməşqdə anadan olmuş, 1450-ci ildə Qahirədə vəfat etmişdir. O, 12 yaşında ikən Əmir Teymur Dəməşqi ələ keçirmiş, onu anası və qardaşları ilə birlikdə, yerli sakinlərdən əsir etdiyi bütün intellektual qismin özləri və ailələri kimi Səmərqəndə göndərmişdir. İbn Ərəbşahın 1408-ci ilə qədər Orta Asiyada nə işlə məşğul olması məlum deyil. Əsərlərindən yalnız bu anlaşılır ki, əmirlər, alimlər və şahmatçılar arasında imiş. Güman edilir ki, o, həmin müddətdə Əmir Teymurun nəvəsi Xəlil sultanın xidmətində olmuşdur.
İbn Ərəbşah Səmərqənddə təhsil almış, fars, türk və monqol dillərini öyrənmişdir. O, 1408-ci ildə səyahətə başlayaraq əvvəl Çinə yollanmış, sonra oradan Krıma qədər uzaq bir məsafəni qət etmiş, buradan isə Ədirnəyə getmişdir. Ədirnədə ərəb və fars dillərində olan ədəbiyyatı türkcəyə tərcümə etmək işi işə məşğul olmuş, daha sonra türk sultanı Məhəmmədin (140201421) sarayında mirzəlik etmişdir. Sultan Məhəmmədin ölümündən sonra Şələbə getmiş, oradan isə doğma şəhəri Dəməşqə qayıtmışdır. 1428-ci ildə (Həcc ziyarətindən sonra) elə burada elmi-ədəbi fəaliyyətə başlayan İbn Ərəbşah, eyni işi Qahirəyə köçdükdən sonra davam etdirmiş və "Əcaibül-məqdur…"u 1440-cı ildə məhz orada başa çatdırmışdır.
Biz "Əcaibül-məqdur…"un ərəbcədən fars dilinə Məhəmməd Əli Necati tərəfindən edilmiş tərcüməsindən (1960/61 (-h.ş. 1339)ci il Tehran nəşri) istifadə etmişik. Əsərdə Azərbaycan tarixşünaslığı üçün əhəmiyyətli faktlar çoxdur. Maraqlıdır ki, Əmir Teymurun sonuncu Gürcüstan yürüşü (1403) barədə İbn Ərəbşahın qələmə aldığı bəhslər də əslində Gürcüstana yox, Şəkiyə aiddir. Bunu biz yalnız həmin hekayələrin mətninə xüsusi diqqət yetirdikdə aşkar edə bildik. Belə ki, bu hekayətlərdə "Gəl-Gör-Get" adlı bir qaladan da bəhs olunur. Şirvanşah Şeyx İbrahimin dili ilə isə yerli əhali gürcü yox, "tatar" adlandırılır. Bu zaman bizim üçün aydınlaşır ki, hekayətlərdəki "gürcü" sözləri millət yox, hümmət və məzhəb, yəni "xristian pravoslav" mənasında işlədilmişdir. Tariximizin bir hissəsinin əks olunduğu həmin hekayətlər indiyə qədər Vətən tarixşünaslığına məlum deyildi, bunları Azərbaycan dilinə ilk dəfə biz tərcümə etdik.
Mümkündür ki, İbn Ərəbşah 1403-cü ildə Əmir Teymurun ordusu ilə birlikdə Şəkidə olmuş, burada baş verən bəzi hadisələri (bu hadisələri müəllif sonralar "Əcaibül-məqdur…"da qələmə almışdır) o vaxt hələ 14 yaşında ikən şəxsən müşahidə etmişdir. Şəkinin müvafiq dövr tarixinin öyrənilməsi işində "Əcaibül-məqdur…"un müstəsna əhəmiyyəti var.
Ankara döyüşündən geri dönən Əmir Teymurun 1403-cü ildə Gürcüstandan keçməsi, gürcü qalalarını tutması və orada törətdiyi dağıntılar Nizaməddin Əli yəzdinin eyniadlı əsərlərində - "Zəfərnamə"lərdə geniş şərh olunsa da, "Əcaibül-məqdur…"dakı buna dair təfərrüat onlarda yoxdur. Düzdür, Ş.Ə.Yəzdi Əmir Teymurun Gürcüstana son hücumlarından bəhs edərkən, həqiqətən də, lap axırda "mağaralıq"dan və "sandıq"lardan söhbət açır. Amma o, həmin hadisənin "Abxaz diyarı"nda cərəyan etdiyini göstərir. Bu barədə onun yazdıqları "Əcaibül-məqdur…"dakılardan fərqli olaraq ötəri və qarmaqarışıqdır. Heç şübhə etmirik ki, Ş.Ə. Yəzdi "Abxaz diyarı" deyərkən ya sadəcə səhvə yol vermiş, ya da ki, Şəkinin xristianlar yaşayan şimalını nəzərdə tutmuşdur. Amma hər halda Teymurun "Abxaz diyarı"ndan geri dönməyə başlamasının bu müəllif tərəfindən göstərilmiş dəqiq tarixini, yəni oktyabrın 1-i, bazar ertəsi gününü, Əmir Teymurun Şəkidən geri dönmə tarixi hesab etmək və tarixi xronologiyaya tətbiq etmək mümkündür.
Ş.Ə.Yəzdi həmin gündən sonra Əmir Teymurun ovla məşğul olmasından və daha sonra isə bir müddət əvvəl əsir düşmüş bir qrup "gürcü sərdarı"nın gürcü çarı Georginin yanına göndərməsinin nəticəsi kimi əks tərəfdən gəlmiş elçiləri qəbul etməsindən bəhs edir. Burada da sülhün baş tutmasında "gürcülərin aradüzəldəni olan" Şirvanşahlar Şeyx İbrahimin müsbət təsiri göstərir, amma onun aradüzəltmə işi Ərəbşahdakı kimi geniş şərh olunmur, sadəcə, Teymur dərgahında həmin məsələ müzakirə olunarkən "gürcü"lərin xeyrinə çıxış edir.
O ki qaldı sözügedən 1403-cü il hadisələri barədə İbn Ərəbşahın yazdıqlarına (hamısının tərcüməsi tərəfimizdən verilib). Bizim qənaətimizə görə, bu hekayətlər daha çox bir adamın dilindən deyilən təəssürata, yaxud xatirəyə bənzəyir. "Əcaibül- məqdur…"un müəllifinin 1401-ci ildə ailəsi ilə birlikdə teymurilər tərəfindən əsir götürülməsi faktına diqqət yetirsək, bu halda onun Əmir Teymurun 1404-cü ildə Səmərqəndə qayıtmasına qədər onun Cağatay ordusunda saxlanıldığını, 1403-cü ildə həmin ordu ilə birlikdə Şəkidə olduğunu və orada baş verən bəzi hadisələri (sonralar "Əcaibül-məqdur…"da qələmə almışdır) o vaxt 14 yaşında ikən şəxsən müşahidə etdiyini güman etmək olar.
Heç şübhə yoxdur ki, İbn Ərəbşaha adı çəkilən "Gəl-Gör-Get" qalası daha sonralar "Gələrsən- görərsən"adlanmışdır və xarabalığı da indiki Şəki şəhərindən bir neçə kilometr şimaldadır. Vətən tarixşünaslığında ilk dəfə burada bizim tərəfimizdən irəli sürülən bu fikir heç də yalnız adların oxşarlığına əsaslanmır. Belə ki, qalanın İbn Ərəbşah tərəfindən edilmiş təsviri də məhz "Gələsən-görəsən" qalasına uyğun gəlməkdədir. Amma "mağaralığ"ı Şəkiyə aid edə bilməyimiz üçün əlimizdə elə bir tutarlı dəlil, yaxud istinad edilməli elə bir şey yoxdur. Özü də bir az yuxarıda qeyd olunduğu kimi, Ş.Ə.Yəzdi oranın adını "Abxaz diyarı"nda vaqe olan hadisələr" bəhsində çəkmişdir. Amma bunlara baxmayaraq biz "mağaralığ"ı "Gələsən-görəsən" qalasının yaxınlığında axtarmağa və XVI əsrin ortalarında "Sığnaq"la (1551-ci ildə Şah Təhmasib Şəkiyə hücum edəndə yerli əhalinin bir qismi məhz Sığnağa sığınmışdı. AMEA Tarix İnstitutunun Şəki filialının baş elmi işçisi N.Muxtarovun şəhadətinə görə, Sığnaq "Gələsən-görəsən" qalasından bir neçə kilometr şimaldadır və həmin yer indi də "Sığnaq" adlanmaqdadır. Yeri gəlmişkən, "Gələsən-görəsən" qalasının yaxınlığındakı məşhur bir yerin - Marxalın adına da diqqət yetirməyə dəyər. Bu toponim bizə "mağaralıq" sözünü xatıratmaqdadır. Hesab edirik ki, Marxal elə mağaralığın təhrif olunmuş formasıola bilər), yaxud da indiki Marxalla (Marxal Şəki şəhərindən şimalda, Kiş kəndinin qarşısında, "Gələsən- görəsən" qalasının isə cənub-şərqindədir və hazırda ora istirahət obyektidir) eyniləşdirməyə üstünlük veririk.