Diqqət, diqqət!
Əziz həmvətənlər. Bu felyetonu böyük “qürur hissi” ilə oxumalısınız. Axı siz onu birinci oxuyursunuz, özü də orijinalın dilində. Avropanın yüksək mədəniyyətə malik xalqları isə bunu sizdən sonra oxuyacaqlar, tərcüməsini.
Hələ təqdimetmə mərasimi başlamamışdan əvvəl, Mərdan Ağayevlə salamlaşan kimi, ona birinci sualım bu olmuşdu:
- Mərdan bəy, sizin məcmuə necə qarşılandı? – cavabı da bu olmuşdu ki:
- Vallah, nəticə yaxşıdır, Avropanın bütün kitabxanaları onu alır, Bircə Azərbaycandan başqa. Burda hələ ki...
Tədbirdən sonra Mərdan Ağayevə yaxınlaşaraq dedim:
- Mərdan bəy, Vətən qarşısında bu boyda böyük iş görmürsünüz, özü də təmənnasız! Bəzi adamlar heç bir şey etmir, amma radio-televiziyalar səhərdən axşama qədər onlardan danışır, nəyə görə bu barədə heç bir televiziyaya məlumat verməmisiz?
- O zaman nə olardı ki? – deyə Mərdan Ağayev sirli-sirli gülümsədi.
- Gələrdilər, çəkiliş aparardılar, Azərbaycanda da hamı sənin zəhmətindən xəbərdar olardı, – deyə mən ona irad tutdum.
- Mən buraları yaxşı tanımıram, həmin səbəbdən bilmədim hara müraciət etmək lazımdır, – Mərdan Ağayev özünə haqq qazandırmağa çalışdı.
- Yaxşı, indi gedirəm televiziyalara. Səni istəsələr telefon nömrən məndədir, zəng edəcəyəm, gələrsən, – deyə bu işi mən öz öhdəmə götürdüm...
Mərdan Ağayevlə sağollaşıb ayrılandan sonra, sözümün üstündə durub birici “Ozon” zavoduna – “İctimai Televiziya”ya üz tutdum. Məqsədimi qapıda duranlara danışan kimi, məni Təhsil, elm, nə bilim nə, şöbəsinə – Cəsarət müəllimin yanına göndərdilər. Cəsarət müəllim məni hörmətlə qarşıladı, diqqətlə sözümə qulaq asdı, hətta atamı da tanıdı, nəsə etmək istəyirdi, bircə efirə məlumat verməkdən başqa. Yəni Cəsarət müəllim efirə məlumat verməyə cəsarət eləmədi. Məni “ötürdü” radioya. Bir neçə dəqiqədən sora onun yanına qayıdıb, mənimlə xəbərlər redaksiyası arasında vasitəçilik etməsini xahiş etdim. Məmnuniyyətlə həmin redaksiyaya zəng etdi, amma bir az könülsüz, bir az da ehtiyatla – elə bil ki bu zənginə görə kimsə ona irad tuta, kimsə onu cəzalandıra bilərdi. Xəbərlər redaksiyasında da mənə diqqətlə qulaq asdılar, burada da mənim hər hansı xahişimi yerinə yetirməyə hazır idilər, təkcə efirə "Jahrbuch Aserbaidschanforschung” barədə bir kəlmə məlumat verməkdən başqa.
Kor-peşman, oraları tərk etdim. Birdən ağlıma bu gəldi ki, bu barədə bir felyeton qələmə alım, hansı ki indi oxuyursunuz. Onda daha təfərrüatlı olsun deyə lazım oldu başqa televiziyalara da getməyim. Getdim Az.Tv1-ə. Amma İctimai Televiziyaya şükür, burada 3-4 bığıburma polis dayanmışdı qapıda. Nə içəri girmək, kiminləsə çənə döymək. Amma düzünə qalsa, elə belə yaxşıdır. Bir də içəri girib 3-4 adamın hər birinə yarım saat “leksiya” oxumağa da ehtiyac yoxdur. Onsuz da mənası yoxdur. Efirə buraxmayacaqlar. Nə isə... Polislər dedilər ki heç kim yoxdur. Kitabı qoy gələndə onlara verərik. Konkret. Vəssalam, şüt tamam! Ürəyimdə dedim, mən də siz ağıldayam, 30 dollarlıq məcmuəni burda qoyum gedim, siz də onu atasınız zibil qabına!
Buradan da uzaqlaşdım, “peşkom” qalxdım ANS-ə. Bilirdim ki onlar da heç nə verməyəcəklər, “prosto”, mənim üçün maraqlı idi ki nə deyəcəklər, qələmə alım felyetonda. Yeri gəlmişkən, ANS-in “operativ”liyindən bir-iki kəlmə danışım, hansı ki şəxsən şahidi olmuşam: Bir dəfə Axundov adına kitabxanada təşkil olunmuş “İran kitablari sərgisi”ndə idim. Bir kitabı açıb baxdım, gördüm müəllifi ermənidir. Kitabın da yarısı erməni əlifbası ilə idi. Vətənpərvərlik hissi güc gəldi, yaxınlaşdım nəzarətçiyə və öz etirazımı bildirim. Onlar da baxdılar təəccübləndilər. Bir balacaboy, yaşlı qadın – deyəsən o, kitabxananın müdiri idi, yavaşca mənə pıçıldadı ki, zəng et ANS-ə, gəlib çəksinlər. Mən də elədim. Amma heç kim gəlmədi.
Nə isə... ANS-ə çatdım. Birtəhər qapıda duranları başa saldım ki, bəs belə, belə, Almaniyada ilk dəfə Azərbaycana aid elmi məcmuə nəşr olunmağa başlayıb, bu gün həmin məcmuənin Bakıda, filan yerdə təqdimetmə mərasimi idi, yaxşı olar ki Azərbaycan xalqına “operativ” xəbərlər verən (oxu: sırıyan) ANS, bu barədə bir məlumat yaysın. İçəridən Fuad adlı bir nəfəri çağırdılar, səhərdən başqaları üçün oxuduğum “leksiya”nı onun üçün də bir daha təkrar etdim, artıq təngnəfəs olmuşdum, deyəsən nəsə başa düşdü, məcmuəni kiməsə göstərmək adıyla götürüb içəri girdi və 2 dəqiqədən sonra geri qayıdıb, onu özümə qaytardı və dedi: bilirsiniz, o adam ki bu işlə məşğul olmalıdı, o, iclasdadı. Dedim: eybi yox gözləyərəm. Dedi: yox, bilirsiz, mənası yoxdur, mən başqa adamlardan da soruşdum, dedilər ki gərək, bu barədə əvvəlcədən bizə yazılı surətdə məlumat verərdilər, biz də gedib çəkiliş aparardıq, sonra efirə verərdik. Başqa cür mümkün deyil. Dedim: bu məcmuə barədə Avropanın 6 telekanalı və bir də Azadlıq radiosu informasiya yayıb, “noolar” ki Azərbaycanda da bir telekanal məlumat verəydi, dünya dağılmazdı ki?! Axı bu bizim üçündü. Heç nə demədi, amma yəqin ki demək istəyirdi ki “Bura Bakıdır!”.
Nə isə... Oradan da uzaqlaşdım, mindim avtobusa, getdim “Space” (Oxu müsəlmanca belə: “Speys”) televiziyasına. Burada cəmi bir nəfər qapıda durmuşdu. O biri televiziyalarda oxuduğum mühazirəni onun üçün də oxudum. Təəccüblə üzümə baxdı. Dedi, daha doğrusu açıq-aşkar etiraf etdi: burda elə şey yoxdu, burda heç kimdən məlumat zad almırlar, özləri nə istəyirlərsə verirlər. Birtəhər razı saldım ki, xəbərlər redaksiyasına zəng etsin, bəlkə onlar üçün maraqlı olacaq. Bəhanə etdi ki telefon nömrələrini bilmir, amma sonra zəng vurdu və mənə dedi ki, ona dedilər ki, məcmuəni burda qoyum, özüm isə gedim. Ürəyimdə dedim, mən də siz ağıldayam...
Deməli belə, martın 14-də 4 reyd etdim. Nəticədə, 4 dəfə bu qənaətə gəldim ki, Azərbaycan televiziyaların heç birinin müstəqil surətdə xəbər yaymağa ixtiyarı yoxdur! Onların yaydıqları bütün xəbərlər, onların özlərində deyil, yuxarıda – gizli şəkildə tabe olduqları və itaət etdikləri hansısa vahid bir baş idarədə hazırlanır! Aşağıdan, yəni hansısa vətəndaşın təqdim etdiyi xəbər nə qədər maraqlı olursa-olsun, nə qədər əhəmiyyətli olursa olsun Vətən üçün, millət üçün, bizim televiziyalar ona laqeyddirlər. Heç bir televiziyanın xəbərlər buraxılışında əlaqə telefonu göstərilmədiyi halda, bu televiziyalar səviyyəsiz əyləncə verilişləri hazırlayıb, filan nömrəyə zəng vur deyə telefon şəbəkələrini “zanet” etdirə, camaatı aldadaraq kontorlarını yeyə bilərlər. Bunu etməyə onlara icazə verilir. Onlar yalnız bu işdə bir biri ilə bəhsə girirlər ! Müstəqil surətdə, operativ, qərəzsiz xəbər yaymaq işi isə onların “xörəyi” deyil.
Axşam Mərdan Ağayevə zəng edib başıma gələnləri danışdım. Dedi:
Televiziyaların başını burax, mən bilirdim, mənə demişdilər ki...