Almanİyadakı Rur Universİtetİndə Azərbaycan dilİ kursları
KURSLARDA YERLİ VƏ XARİCİ TƏLƏBƏLƏRƏ AZƏRBAYCAN DİLİNİN QRAMMATİKASI, DANIŞIQ ÜSLUBU ÖYRƏDİLİR
”525-ci qəzet qəzet” 14 yanvar 2003-cü il, çərşənbə N 8 (1614)
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən aldığımız məlumata görə, Almaniya-Azərbaycan Akademik Birliyi Bohumdakı Rur Universitetinin rəhbərliyi ilə razılaşma əldə edərək, burada Azərbaycan dili kurslarının tədris edilməsinə nail olub. Kurslar artıq bir ilə yaxındır ki, həftədə bir dəfə iki saat olmaqla keçirilir. Tədris ilinin birinci semestri birliyin fəal üzvlərindən olan Ulduz Əkbərova, ikinci semestri isə birliyin sədri Mərdan Ağayev almanlara və digər xarici tələbələrə Azərbaycan dilinin qrammatikasını və danışıq üslubunu öyrədirlər. Azərbaycan dili kurslarının açılmasında məqsəd xaricdə dilimizi, ədəbiyyatımızı və mədəniyyətimizi əcnəbilərə daha yaxından təbliğ etməkdən ibarətdir.
Qeyd edək ki, Almaniya-Azərbaycan Akademik Birliyi 2003-cü ildə öz hesabına 600 avro dəyərində kitablar alaraq, Bohum, Essen, Nürnberq, Hamburq, Mayns universitetlərinin kitabxanalarına hədiyyə edib. Onu da nəzərinizə çatdıraq ki, yanvarın 15-də Almaniya vaxtı ilə saat 21:00-da Bohumun yerli 98.5 FM radio dalğasında Almaniya-Azərbaycan Akademik Birliyinin növbəti radio verilişi səsləndiriləcək. Bu dəfəki proqramda ölkəmizin Almaniyadakı diasporunun və birliyin fəal üzvləri Qurban Ələkbərov, eləcə də Rəna Məmmədova Xəzərin enerji resursları ilə bağlı yerli əhaliyə məlumat verəcək, Azərbaycan həqiqətlərini onlara dolğun çatdıracaq və dinləyicilərin suallarını cavablandıracaqlar.