ƏBƏDİ SÜKUT DÜNYASI
Söhbətləşdi: Murad Nəbibəyov
(“Şəki bələdiyyəsi” qəzetinin baş redaktoru)
Xəbər verildiyi kimi, Şəki rayonunun Fazıl kəndində analoqu olmayan yeraltı muzey yaradılır. "Labirint" adlanan muzeyin özəlliyi ondan ibarətdir ki, arxeoloji qazıntılar zamanı tapılan mədəniyyət abidələri aşkar edildikləri yerdə saxlanılacaq. Aşkar edilən əşyalar bizim eradan əvvəl 3-cü və 4-cü minilliyə aiddir. Yerli arxeoloji dəstənin rəhbəri Nəsib Muxtarovun sözlərincə, muzeyin nadir eksponatları arasında şahin başlı Misir ilahisini xatırladan əşyalar var. Qəbirlərdən tapılan qablar heç yerdə təkrarlanmır. Ritual qəbirlərdə kökü kəsilən heyvanların sümüklərinə də rast gəlmək mümkündür.
Nəsib müəllimin "Əbədi sükut dünyası" adlandırdığı labirint barədə oxucularımıza daha geniş məlumat vermək üçün onun özünə müraciət etdik:
– Nəsib müəllim, əvvəlcə labirint-muzeyin yaradılmasnın hansı zərurətdən əmələ gəlməsinin səbəbləri barədə qısa məlumat verməyinizi xahiş – edirik.
– Qeyd edim ki, bu gün Azərbaycanda tarixi abidələrin mühafizəsi və təbliğinə xüsusi diqqət yetirilir. Mərhum prezident Heydər Əliyev və onun kursunun layiqli davamçısı, Prezident llham Əliyev abidələrə qayğını yüksək tələbkarlıq səviyyəsinə qaldırıblar.
Hələ 80-ci illərdə Azərbaycan Kommunist Partiyasının I katibi işləyəndə Heydər Əliyev abidələrə münasibəti konkret qoydu. Və bütün rayonlarımızda diyarşünaslıq muzeyləri yarandı. Qəbələ qalası hərbi obyekt altına salınaraq dağılmaqdan xilas oldu. Azərbaycanın “Arxeoloji irsin qorunması haqqında Avropa konvesiyası”na qoşulması barədə olan sənədə də Heydər Əliyev imza atıb.
Və heç də səbəbsiz deyil ki, mərhum prezidentimiz Şəkini muzey adlandırıb. Bu da hər qarışda özünü təsdiq edir.
Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəkidə fəaliyyət göstərən əməkdaşları bu abu-havanı daha dərindən duyaraq institutun xeyir-duası, yerli IH və ziyalıların köməyi ilə Şəkidə arxeologiya muzeyi yaratmış (1996) və Fazıl kəndində həqiqətən "Əbədi sükut dünyası" olan yeraltı muzey-labirint yaratmağa nail olmuşlar.
–"Əbədi sükut dünyası" necə aşkar edildi və onun məşhurlaşmasında kimlərin əməyini qeyd edərdiniz?
–1984-cü ildə mən, Fazıl kəndinin Təpəbaşı adlandırılan hissəsində böyük nekropolun olduğunu qeydə aldım. ilk xilasetmə işini həmin ilin mart ayında özüm başladım. Sonra arxeoloq Aliyə Qaraəhmədova həmin əraziyə ezam edildi və abidə haqqında ilk məqalə də 1985-ci ildə işıq üzü gördü.
Tarixi əhəmiyyət daşıyan abidənin ərazidən torpaq karxanası kimi istifadə olunduğundan, demək olar ki, abidə dağılıb yox olmaq təhlükəsi ilə üzləşmişdi. Nəhayət, mənim və Etnoqrafiya İnstitutunun təqdimatı ilə abidə Antiq dövr Təpəbaşı nekropolu kimi Mədəniyyət Nazirliyi tərəfindən qeydə alındı. Amma bu da ərazinin torpaq karxanası kimi istifadə olunmasına son qoya bilmədi.
O vaxt biz, mən və İntizar Bədəlovadan ibarət olan Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki qrupu həmin sahədə, ümumiyyətlə, Fazıl kəndi yerləşən ərazidə arxeoloji kəşfiyyat, qazıntı və xilasetmə işlərini davam etdirərək daha 4 arxeoloji abidənin olduğunu (Yoncalı, Seyvanlı-Söyüdlü, Böyük düz, Eymir qalası) aşkar etdik. Acınacaqlı haldır ki, mütəmadi olaraq söz gedən ərazilərdə işlər görülsə də, Təpəbaşı abidəsini xilas etmək mümkün olmurdu. Hətta abidənin ətrafında qazılmış mühafizə xəndəyinin torpağını da daşıyıb aparırdılar.
Torpağı insafsızcasına daşınan abidənin yox olmaması üçün bəs hansı tədbirlər həyata keçirilirdi?
– Arxeologiya və Etnoqrafiya institutu və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 1996-cı ildə şəhərimizdə abidələri qorumaq, onlardan istifadə etmək, təbliğ etmək mövzularına həsr edilmiş elmi-praktik konfrans keçirildi. Və bu konfransa hazırlıq dövründə Şəki qrupunun apardığı arxeoloji kəşfiyyat-qazıntı işlərinin coğrafiyası, əldə etdiyi nəticələr hamının böyük heyrətinə səbəb oldu. Yalnız Fazıl Təpəbaşı abidəsində 11 qəbir öyrənilmişdi. Mərhum Mahmud ismayılov bu qazıntı yerində olmuşdu. Tibb Universitetinin əməkdaşı V. Şadlınski, Təpəbaşın’da arxeoloqlara praktik kömək etmiş, nəticələr beynəlxalq konfransların mövzusuna çevrilmişdi.
Lakin bu dediklərim də Təpəbaşı abidəsini "düşmən"dən xilas elə bilmədi. İcra aparatı başçılarının, nüfuzlu insanların, tək-tək fazıllıların qayğısı da bir nəticə vermirdi.
Nəhayət 2003-cü ildə "Təpəbaşı abidəsi”nin dövrünü dəqiqləşdirmək, xilasetmə işini davam etdirmək məqsədilə arxeoloqlar bir neçə qəbir tədqiq etdilər və onları nümayiş etdirmək üçün açıq saxladılar. 2003-2004-cü illərdə bu qəbirlərin tamaşasına mindən artıq insan gəlmişdi. Sonra yerli bələdiyyənin hesabına qəbirlərin yağışdanvə qardan mühafizə olunması üçün üstü örtüldü. Çox təəssüf ki, bu eksperiment Təpəbaşından karxana kimi istifadə edilməsini minimuma endirsə də, tam dayandıra bilmədi. Dağıdıcılıq missiyasına kəndin mal-qarası da qoşulmuşdu. Nəticədə tapılmış arxeoloji materialları yığıb 1996-cı ildə konfrans tərəfindən açılmış, lakin bu günə qədər statusu olmayan arxeologiya muzeyində yerləşdirməyə məcbur olduq.
– Bəs bu gün "Əbədi sükut dünyası"nda vəziyyət necədir?
2005-ci ilin mart-aprel ayları olardı. Mənim rəhbərlik etdiyim Şəki arxeoloji dəstəsi Təpəbaşı və Eymir ərazisində kəşfiyyat-xilasetmə işlərini davam etdirirdik. Həmin vaxt Şəki Şəhər icra Hakimiyyətinin başçısı Nazim İbrahimov oraya gəldi. Mənim "Əbədi sükut dünyası" layihəmi icra başçısı çox bəyəndi və ona dəstək verəcəyini bildirdi. O vaxtdan Nazim müəllimin köməkliyi ilə abidənin mühafizəsi də gücləndirildi. Necə deyərlər biz axır ki, tərpəndik və Təpəbaşı xilas oldu.
Və həmin vaxtdan bu günə qədər işə çox adamlar cəlb edildi. Arxeologiya və Etnoqrafiya Institutunun Şəki arxeoloji dəstəsi institutun köməyi və mərhum direktor Arif Akim oğlu Abbasovun rəyi ilə gərgin işə başladı.
– Labirintin özü və quruluşu barədə nə deyə bilərdiniz?
– "Əbədi sükut dünyası" labirint yer altında ekspozisiyalarla birgə 150 kv.m-nə qədər ərazini əhatə edir. Labirintin giriş və çıxış qapıları eyni olmayıb ayrı-ayndır. Bütöv ərazisi əllə işlənib və 100 kub.metrdən artıq torpaq çıxarılıb tullanıb.
Labirintdə aşkar olunmuş qəbirlər və onlara aparan yollar bütövlükdə kərpic tağla örtülüb. Burada qəbirlər böyük-kiçikliyindən, dərinliyindən asılı olmayaraq tapıldığı yerdəcə nümayiş etdirilir. Yerin altından tapılmış digər 11 ekspozisiyadan 5-i divarlarda , 5-i ayrı-ayrı yerlərdə, 1-i isə aşkar olunduğu yerdə – dəhlizdə, nümayiş etdirilir.
Burada, dəfn adətlərində bəzi yeniliklər müşahidə edilir, hələlik dünyada analoqu olmayan gil qadın heykəlləri (bütlər) aşkar edilmişdir. Yaloylutəpə mədəniyyətinin lokal variantı, ellinzim elementləri vardır.
Mübaliğəsiz hər qəbir özü bir kitabdır. Labirint tariximizi tamaşaçıya öz dili ilə danışan misilsiz sənət əsəridir.
– Böyük zəhmət hesabına aşkar olunmuş və tariximizin reallığını əks etdirən "Əbədi sükut dünyası"nın neçə yaşı var?
– Labirint Azərbaycan tarixinin Qafqaz Albaniyası dövrünü əhatə etməklə Yaloylutəpə mədəniyyətinin xronologiyasını bir qədər də dərinləşdirir. Azərbaycan tarixinin eramızdan əvvəl I minilliyin I yarısından bizim eranın I minilliyinin I rübünə qədər olan dövrünü əhatə edir. Lakin bu hələlik güman edilən intervaldır.
Onu da qeyd edim ki, labirintdə tikinti işləri əsasən başa çatsa da, təbliğat-təşviqat üçün vasitələr, bəzi tərtibat dizaynı hələ lazımınca yerinə yetirilməyib. Labirintdə işin tam başa çatması isə nəzərdə tutduğumuz layihənin hələ 30%-nin reallaşması demək olacaqdır. Layihədə Qafqaz Albaniyası dövrü memarlığına, etnoqrafiyasına, praktiki kulinariyasına, təsərrüfat və məişətinə, oraya gələnlərin rahatlığının əsas tərəflərinin həllinə də xüsusi diqqət verilib.
Bütün layihə isə, onun tərkib hissələri ancaq bir qayədir. Ekskursiya rəhbərinin, muzey işçisinin verdiyi məlumatlar, labirintdə və ondan kənarda görünənlər, yaşantılar bir mövzunun, bir temanın hissələridir... Azərbaycan böyük tərəqqi yolu keçib və dünya svilizasiyalanı həm yaşayıb, həm də yaradanlardan biri olub, Labirintdə saxta görümə, düşünüb-daşınmaya və yozuma qarşı bir sipərdir.
– Maraqlı müsahibə üçün sağ olun və oxucularımız adından Sizə layihədə nəzərdə tutduğunuz işləri başa çatdırmağı arzulayırıq.
may 2007