10.01.08.№1-2
Səh. 5
QALA - ŞƏKİDƏ YENİ TƏHLÜKƏSİZLİK XİDMƏTİ
Azərbaycan Respublikası "QALA" Beynəlxalq Təhlükəsizlik xidməti (BTX) Şəki-Balakən Regional şöbəsinin açılış mərasimi keçirildi. Açılışda Baş İdarənin rəisi Qorxmaz Mehdiyev, rəis müavini Turab Əhmədov, kadr və ərazi idarəetmə şöbəsinin rəisi Vüqar Mustafayev, xidmət şöbəsinin rəisi Cəmil Quliyev, həmçinin Qusar, Şəmkir Regional şöbələri, Tovuz, Zaqatala şöbəsi, Xanlar bölməsinin rəisləri, qonaqlardan Gənc Vətənpərvərlər Birliyinin səlahiyyətli nümayəndəsi Elçin Axundov, Zaqatala Kyokuşin karate klubunun rəhbəri Nadir Qurbanov, Şəki Şəhər Bələdiyyəsinin sədr müavini Abduləli Axundov, VDU-nun Şəki filialının direktoru Rafiq Rəsulov, İqtisadi İnkişaf Nazirliyi Şəki-Zaqatala regional şöbəsinin müdiri Şahin Şirinzadə, YAP-ın ideoloji işlər üzrə təlimatçısı Yaqub Qarayev, Apelyasiya Məhkəməsinin nümayəndəsi Azər Yusubov və Şəki Şəhər İcra Hakimiyyəti Aparatının hüquq şöbəsinin məsləhətçisi Əhmədiyyə Bəşirov iştirak edirdilər.
Tədbir Azərbaycan xalqının ümummilli lideri mərhum Prezidentimiz Heydər Əliyevin heykəli qarşısında fəxri qarovulun düzülməsi, əklil qoyulması və xatirə şəkilləri çəkilməsi ilə başladı.
Daha sonra idarə heyəti – qonaqları qarşılamaq məqsədilə şəxsi heyət şöbənin həyətində düzləndikdən sonra idarə rəisi Q. Mehdiyev şəxsi heyəti salamladı. Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, çıxış və təbriklər dinlənildi. Sonra Gənc Vətənpərvərlər Birliyinin səlahiyyətli nümayəndəsi Elçin Axundov "QALA" Beynəlxalq Təhlükəsizlik xidmətinin idarə rəisi cənab Q. Mehdiyevin və Azərbaycan Respublikasının fəxri gənci, birliyin sədri Muğam Əliyevin adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004–2008-ci illər) nəzərdə tutulmuş 600 min iş yerinin açılması, gənclərin işlə təmin olunmasında yaxından iştirak etdiyinə görə fəxri fərmanla təltif edildi.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Nazim İbrahimovun Şəki-Balakən Regional şöbəsinin açılmasında, Şəki gənclərinin işlə təmin olunmasında göstərdiyi böyük köməkliyə görə idarə rəisi Q. Mehdiyev tərəfindən imzalanmış təşəkkürnamənin cənab N. İbrahimova təqdim olunması üçün Şəki-Balakən Regional şöbəsinin rəisi Q. Əliyevə verildi.
Sonda şöbənin açılış lenti idarə rəisi tərəfindən təntənəli surətdə kəsildi və şöbənin otaqlarına baxış keçirildi.
Murad NƏBİBƏYOV,
"Şəki bələdiyyəsi" qəzetinin başredaktoru
YENİ KİTAB - "MÜSTƏQİL İŞ MÜHİTİNİNTƏNZİMLƏNMƏSİNƏ YÖNƏLƏN TAPŞIRIQLAR"
Şəki Şəhər Təhsil şöbəsinin müdiri, pedaqoji elmlər doktoru Firədun İbrahimovun və Müşafərim Əhmədovanın müəllifliyi ilə cəbr və analizin başlanğıcı kursu üzrə "Müstəqil iş (reproduktiv və produktiv ) mühitinin tənzimlənməsinə yönələn tapşırıqlar" adlı kitab çapdan çıxmışdır.
Kitab şagirdlər, abituriyentlər və gənc müəllimlər üçün nəzərdə tutulmuşdur. Bu vəsait müstəqil fəaliyyət mühitini tənzimləmək məqsədinə yönəlmişdir və "Cəbr və analizin başlanğıcı" kursu üzrə tərtib olunmuşdur.
"Kitabda cəm olunan materiallar mühüm elmi metodiki və dinamik əhəmiyyət kəsb edir. Bunlar bilikləri yoxlamaq və qiymətləndirmək kimi başlıca funksiya yerinə yetirməklə bərabər, həm də mühüm öyrədici rola malikdir, bilikləri möhkəmləndirməyə və sistemləşdirməyə kömək edir.
Əlbəttə, bu qəbildən olan vəsaitlər orta məktəb dərsliklərini əvəz etmir. Amma şagirdlərin, eləcə də abituriyentlərin müstəqil fəaliyyət mühitinin tənzimlənməsi baxımından belə kitabların, onlara ehtiva olunan test tapşırıqlarının əhəmiyyəti danılmazdır. Unutmaq olmaz ki, şagirdlərin dərsdə və dərsdənkənar vaxtlarda müstəqil işlərin təşkil olunmasının aktuallığı inkar edilməzdir.
------------------------------- ------------------------------------
QƏLƏM SÜNGÜDƏN İTİ…
(Şəki Şəhər Təhsil Şöbəsinin müdiri, pedaqoji
elmlər doktoru Firədun İbrahimova ithaf)
Qələm süngüdən iti,
Söz qılıncdan bərk kəsər.
Boş başda, boş beyində,
İblis yatar, yel əsər.
Dünya hünər meydanı,
Elm zehinli ərənsən.
Ya baş kəs, ya çörək kəs!
Fərqi nədir?!
Heç biri
Sənin əlindən gəlməz,
Axı çörək verənsən.
Yazılıb gen alnına
Haqqın yaxşı nəyi var!
Tanrı səhv etmir,
Bilir
Kimə nə vermək olar!
Taxta çıxsa yarasa
Harda yanan şam qalar?
Qanad versə camışa
Haqq-təala,
Çətin ki,
Uçmamış bir dam qala!
Doğuldun ilk baharda,
Ömrün uzun olacaq.
Ya "Zöhrə", ya da "Ülkər"
Bəxt ulduzun olacaq.
Neçə yuxun çin olub,
İki balan var idi,
İndi neçə min olub.
Artıb qayğıların da.
Komandansan,
Ordun var.
Müəllimlər əsgərlərin,
Qədir bilən, haqq sevən.
Elin, oban, yurdun var,
Məclisdə başdır yerin.
Elm-işıq,
Elm-nur,
Əlindədir o çıraq
Uca tut
Qoy yansın gur,
Balıq bilməz, bilər Haqq.
Dəmir çarıqla kəsdin,
Daş-kəsəkli bu yolu.
Neçə xəzinə açdın,
İnci dolu,
Ləl dolu.
Dünyada nə var asan,
Şöhrətçün,
Ad san çün,
Can qoyasan gərək, can!
Taleyimiz müxtəlif,
Mən müəllim,
Sən alim.
Ətəyinə
Nə qədər
Uzatsam
Çatmaz əlim.
Sinə gərdin,
Baş vurdun.
Gah tufana, gah selə,
Belə zirvə fəth etdin.
Bu son zirvə deyil ki,
Bir zirvə də var hələ.
Səndən bir addım uzaq.
Qartal oylağıdır o,
Çıxa bilməz yalquzaq,
Amma sənə çox asan-
Bir qanad aç,
Qıy vur bir.
Görəcəksən ordasan!
Demirəm o zirvədə,
Burulğanlar bitəcək.
Dizə çıxan çay kimi,
Ömür səssiz axacaq.
Çıxacaqdır qarşına,
Qaya da,
Daş da orda.
Yanacaqdır qurunun,
Oduna yaş da orda.
Tanrı hökmü düsirdi,
Neçə tale olacaq!
Amma ömür çay deyil,
Ya,
Şəlalə olacaq!
Veysəl ÇƏRKƏZOV,
Öyrət kənd məktəbinin
Azərbaycan dili və ədəbiyyatı müəllimi
.
Bilirsinizmi?
ÜRƏK QƏRİBƏ MÜHƏRRİKDİR
Həyatda elə bir maşın yoxdur ki, 70-80 il, bəlkə də çox, yorulmadan, təmizləmədən, hissələri dəyişdiril- mədən işləsin. Ancaq ürək buna qadirdir. O, dünyada ən məhsuldar "mühərrik"dir. Sutka ərzində 100.000, il ərzində isə 40 milyona yaxın vurur. Hər dəfə yığılanda 0,1 litr maye çəkir. Bu, dəqiqədə 7, saatda 300, sutkada 5000, ildə isə 4 milyon litrə yaxındır.
Əgər ürəyin qan damarlarına vurduğu bütün qanı yığmaq mümkün olsaydı, onunla həcmi 0,4 milyon kubmetr olan çəni doldurmaq olardı. Halbuki, ürəyin özü bir yumruq boydadır. Çəkisi ilə 300-400 qramdır.
Hər yığımda o, 0,4 kilometr iş yaradır. Əgər o, bu işi özünün xüsusi çəkilişinin qalxmasına sərf etmiş olsa, bir saat ərzində 4 kilometrlik hündürlüyə xalqa bilər.
Mühərriki "ürək" olan bir lift təsəvvür edək. Bu lift ürəyin gücü ilə sərnişinlə birlikdə dəqiqədə 35 santimetr, saatda isə altı-yeddi mərtəbəli bir ev qalxmağa qadirdir.
Axşam yatarkən adamın nəbzi seyrək vurur. Həyəcanlandıqda nəbz tez vurmağa başlayır. Axşama yaxın nəbz aşağı düşür. Divanda uzanarkən 65-ə, ayaq üstündə 75, hərəkət zamanı 80-a, qaçanda, pilləkənləri yuxarı qalxanda, yaxud fiziki iş görəndə 90 –100-ə yaxın, bəlkə də çox vurur.
Qüvvətli ruhi həyəcan (qorxu, dəhşət, sevinc, kədər) zamanı nəbz tez vurur və zaman onun ritmi azacıq pozula bilər. Adi şəraitdə isə ürək o qədər rəvan vurur ki, təbii xronometri əvəz edə bilər.
Bəli, ürək qəribə mühərrikdir: həm nəhəng, həm davamlı, həm də saat kimi dəqiq!
Sehran MƏMMƏDOV,
Şəki Şəhər Birləşmiş Mərkəzi
Xəstəxanasının baş həkimi.