10.01.08.№1-2

Səh.3

"ŞƏKİ-İPƏK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİNDƏ YENİ İL ŞƏNLİYİ

           Şirkətdə keçirilən möhtəşəm Yeni il şənliyində müəssisənin dünəni və bu günü haqqında ətraflı məlumat verildi və prinsipial söhbət getdi. İpəkçilər dedilər ki:

     -Sovet hakimiyyəti "süquta" uğradıqdan sonra "Şəki-İpək" Açıq Tipli Səhmdar Cəmiyyətdə də əvvəlki qaynar əmək həyatına bir "nöqtə" qoyulmuşdu, onun çoxsaylı istehsal sahələrində iş dayandırılmışdı, sex və istehsalatlar çöl quşlarının, gəmiricilərin "məkanına" çevrilmişdi. Müəssisənin mədəni-məişət obyektləri də baxımsızlıq üzündən sıradan çıxmış, öz əvvəlki görkəmini itirmiş, acınacaqlı vəziyyətə düşmüşdü. Bir sözlə, nəhəng müəssisə öz kollektivindən ayrı düşdüyü kimi, ipəkçilər də bu müəssisədən ayrı düşmüşdülər.

     Müəssisədə yaranmış bu acınacaqlı vəziyyəti aradan qaldırmaq, dayanmış iş prosesini bərpa etmək, irəli aparmaq üçün çox iş görülə bilərdi. Məsələ onda idi ki, onun tez-tez dəyişdirilən rəhbərliyi öz yerində deyildi, müəssisəni "dirçəltmək" məsələsi heç kəsin yadına düşmürdü. Hər gələn təzə rəhbərlik hamıdan əvvəl, öz şəxsi maraqlarına üstünlük verir, müəssisənin olan-qalan "var- dövlət"ini də daşıyıb aparırdılar.

     Lakin ulu öndərimiz Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin işə ciddi qarışması,  xüsusən Nazim İbrahimovun Şəki Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi nəticəsində "Şəki-İpək" Açıq Səhmdar Cəmiyyəti necə deyərlər, "ağ günə" çıxdı, burada onun bir dirçəliş özünü göstərdi. Rəhbərlik təmiz əllərə tapşırıldı. Özbək dostlarımızın köməyi, xüsusən təcrübəli mütəxəssis Marat Əkbərovun şirkət idarə heyətinin sədri seçilməsi onun keçmiş şöhrətini özünə qaytarmağa imkan yaratdı. Görülən ilkin tədbirlər öz bəhrəsini verdi. Keçmiş sexlər əsaslı təmirdən çıxarıldı, müasir avadanlıqlar alınıb gətirildi, təzə çeşidli məhsulların – o cümlədən ipək xalçaların, pambıq parçaların istehsalına başlandı.

     Beləliklə, öz iş yerlərini itirmiş fəhlələr yenidən müəssisəyə üz tutdular. Bu gün müəssisənin sex və istehsalatlarında 1500 nəfərdən çox fəhlə çalışır. Lakin, bu son hədd deyil. Yeni pambıq lifi buraxan sex, gülvuran sexi istifadəyə verildikdən sonra müəssisədə çalışan fəhlələrin sayı 2500 nəfərdən çox olacaq. Bu, kiçik rəqəm deyil. Bu qədər insanın işlə təmin olunması Şəkidə işsizlik probleminin xeyli dərəcədə aradan qaldırılmasına kömək edəcəkdir.

     Bütün bunlar haqqında şirkətin "Məişət xidməti" evində keçirilən Yeni il şənliklərində geniş söz-söhbət açılmış, qürur hissi ilə danışılmışdır. Şənliyə Özbəkistandan, şirkətlə əməkdaşlıq edən müstəqil dövlətlərdən qonaqlar, Şəkinin fəxri sayılan ipəkçi veteranlar, şəhərin rəhbər işçiləri, tanınmış ziyalılar dəvət edilmişdilər. Şənliyi giriş sözü ilə açan müəssisə həmkarlar ittifaqı komitəsinin sədri Sevil İsmayılova, tədbirin aparıcısı Sahib Alışanbəyli, müəssisənin rəhbəri Marat Əkbərov bu gün öz keçmiş şöhrətini özünə qaytaran müəssisənin və onun kollektivinin son üç ildə əldə etdiyi uğurlarından və qarşıda duran vəzifələrindən danışdılar.

     Müəssisənin rəhbərliyi tərəfindən o gün böyük bayram süfrəsi açılmışdı. Şaxta baba və Qar qız şənlik iştirakçıları qarşısında öz məharətlərini nümayiş etdirir, adamlarda xoş əhval-ruhiyyə yaradırdılar. Bir sözlə, ipəkçilərin üz-gözündən, çöhrəsindən yüksək əhval-ruhiyyə, sevinc hissləri aydın sezilirdi. Onlar öz doğma müəssisələrinə ürəkdən bağlandıqlarını, ona daim yeni nəfəs vermək əzmində olduqlarını nümayiş etdirdilər.   
 

     Həmin gün Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov müəssisənin və şəhərin rəhbərləri ilə birlikdə müəssisədə yeni işə salınacaq pambıq sap buraxan sexin işi və orada quraşdırılmış müasir dəzgahlarla tanış oldular. Müəssisənin rəhbəri Marat Əkbərov şirkətdə aparılan yenidənqurma işləri barədə qonaqlara məlumat verdi.  

                                    "ŞƏKİNİN SƏSİ".

  

        M. Salis-75

BİZ DƏ TƏBRİK EDİRİK!

       Hörmətli Salis müəllim, bu gün respublikamızın paytaxtı Bakıdan, Şəkidən, Şəkiyə yaxın bölgələrdən çoxlu sayda azərbaycanlı oğulları Sizin 55 illik jurnalistlik, 42 illik redaktorluq fəaliyyətinizi təbrik etməyi özlərinə borc bilirlər. Elə o səbəbdən, mən də bir pensiyaçı ziyalı müəllim kimi o qardaşlarımın təbrikinə qoşuluram. Sizə, ailə üzvlərinizə və nəvələrinizə cansağlığı arzulayıram. Allah sizi o nəslin üstündən əskik etməsin.

     Salis müəllim, mən şəxsən sizin "Şəkinin səsi" qəzetindəki 42 illik redaktor fəaliyyətinizə qibtə edirəm. Deməli, siz bu dövr ərzində - 42 soyuq qış, 42 yağmurlu yaz, 42 "dəhşətli" isti yay və 42 küləkli payız havasının acısını dadmısınız. Sizin həyatınız bir növ N. A. Ostrovskinin gənc qəhrəmanı Pavel Korçaginin həyatına bənzəyir. Sizinlə biz fəxr edirik, fəxr etməyə də dəyər. Sizin yazılarınızı bir dəfə oxumaqla doymuruq.

     Sizin 42 il redaktoru olduğunuz "Şəkinin səsi" qəzetini mən respublikamızın paytaxtı Bakı mətbəələrində çıxan qəzetlərdən daha çox sevirəm. Vaxtı ilə 8 illik məktəbin 6-cı sinfində oxuyan sevimli şagirdim Səfər Abbasovun Moskva şəhərində buraxılan "Nezavisimaya qazeta" qəzetində çıxan "Luçşe umeret za çujoye sçastie" məqaləsini rəhmətlik Teymur Xəlilov rus dilindən Azərbaycan dilinə tərcümə etmiş və siz də həmin məqaləni qəzetinizin 2 iyun 1997-ci tarixli sayında çap etmişdiniz. Ona görə Sizə və redaksiya heyətinizə minnətdarlığımı bildirirəm.

     Salis müəllim, torpağımızın bizə bəxş etdiyi övladı - Sadıq Abbasov həmin o məqaləni kitabça şəklində Moskvada yox, Tula şəhərində 36 səhifədən ibarət kitabça şəklində (öz ailəsinin büdcəsi hesabına) çap etdirmişdir. Çox təəssüf ki, Azərbaycan tarixi üçün ən qiymətli kitaba görə 1 iyun 2007-ci il tarixdə Moskvada yaşayan erməni lobbisinin üzvləri, onu bu kitabına görə: ondan intiqam almaq, öldürmək məqsədilə 15 nəfərdən ibarət quldur dəstəsi göndərmişdi. Hadisədən xəbər tutan həyat yoldaşı milliyyətcə rus olan qonşularını köməyə çağırmış, hadisənin dəhşətli vüsət almasının qabağını alınmışdır. Biz 8 gün sonra "Lider" kanalından bu hadisədən xəbər tutmuşuq. Biz istərdik ki, Prezidentimizə, Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət edək. Lakin həmyerlimiz bundan xəbər tutub icazə vermədi. Müəllif kitabını Azərbaycanda, Rusiyada və Türkiyədə pulsuz paylayır. Təki kitabın oxucuları çox olsun, gənc jurnalistin haqq səsinə səs versin.

     Salis müəllim, mən bir yaşlı nəslin nümayəndəsi kimi təklif edərdim ki, həmin kitab barədə oxuculara məlumat verəsiniz. 

                                                Sabir ZEYNALOV,

       Şəki rayonundakı Cəyirli kənd sakini,

       pensiyaçı müəllim