10.01.08.№1-2

Səh.2

HEYDƏR ƏLİYEV VƏ ONUN SİYASİTƏRCÜMEYİ HALINDAN SƏHİFƏLƏR

      Şəkildə: Şəki regional apelyasiya məhkəməsinin sədri Ramazan Burcayev (soldan), Şəki Şəhər İcra hakimiyyətinin başçısı Nazim İbrahimov və Şəki Payon Məhkəməsinin sədri Mehman Nuriyev Şəkinin ədliyyə işçiləri ilə birlikdə ulu öndər Heydər Əliyevə öz dərin ehtiramlarını bildirmək üçün onun abidəsi önünə toplaşmışlar... 

     Heydər Əliyev hələ gənc yaşlarından müstəqilliyi, məsuliyyəti öz üzərinə götürmək qabiliyyəti ilə seçilirdi. Buna görə də o, insanları başa düşür, onlara ürək-dirək verməyi bacarırdı. Təsadüfi deyildi ki, müstəqil həyata dövlət təhlükəsizliyi orqanlarında fəaliyyətə başlamaqla qədəm qoyan Heydər Əliyev çox çətin yol keçdi. Təhlükəsizlik orqanlarında xidmət etmək nə qədər şərəfli idisə, bir o qədər də ağır və risklə dolu idi. Başqalarının rahat və təhlükəsiz yaşaması naminə bəzən də həyatını təhlükəyə atmaq, riskə getmək lazım gəlirdi.

     Həm o vaxtlar, həm də sonralar dövlət təhlükəsizliyi orqanlarında xidmət etmək nə qədər romantik və məsuliyyətli idisə, bir o qədər də əsrarəngiz və maraqlı  idi. Burada işləmək üçün təkcə maraq və arzu kifayət deyildi: Vətənə hədsiz məhəbbət, onun yolunda özünü fəda etməyə hazır olmaq, dəyanət, səbir, dözüm, güclü analitik təfəkkür, sərbəst qərar qəbul etmək bacarığı və s. tələb olunurdu. Professor Ağalar Abbasbəylinin sözlərinə, o cümlədən Şəkidə çıxan "İpəkçi" qəzetinin yazdığı və qələmə aldığı kimi, Heydər Əliyev bunların hamısına hazır idi. Bütün bu sınaqlardan dəyanətlə keçən Heydər Əliyev qısa müddətdə leytenantdan general-leytenanta, sıravi əməkdaşdan komitə sədri vəzifəsinə yüksələ bildi. Bütün bunlara o, gərgin əməyi, bacarığı, məharəti və inadkarlığı nəticəsində nail oldu.

     Sonralar - yəni Yeni Azərbaycan Partiyasının 1-ci qurultayındakı çıxışı zamanı keçdiyi həyat yolundan danışarkən Heydər Əliyev qarşılaşdığı çətinliklərdən bəhs edərkən deyirdi ki, "Mənim həyatım hamınıza məlumdur, onun ürək açan səhifələri olduğu kimi, çox ağır, çətin və təhlükəli illəri də olmuşdur". Heydər Əliyevin silahdaşları onun sədrliyi altında işlədikləri illəri böyük həyat məktəbi adlandırırdılar. Heydər Əliyev haqqında deyilənləri o vaxt oğlu - gənc nəslin siyasi xadimlərindən biri olan İlham Əliyevin "ANS" telekanalına verdiyi fikri ilə tamamlamaq kifayət idi: "Heydər Əliyevin oğlu olmaq böyük xoşbəxtlikdir, lakin bu, həm də böyük məsuliyyət deməkdir. Mən hələ uşaqlıqdan bu məsuliyyətlə yaşamışam".

     "İpəkçi" qəzeti 1990-1992-ci illərdə həmişə Heydər Əliyevlə bir sırada olmuş, ona arxa-dayaq durmuşdur. Qəzetin Azərbaycan xalqına "Gəlin Heydər Əliyevi qoruyaq, o, bundan sonra da bizə hava və su qədər lazım olacaqdır" müraciəti o vaxt ölkədə geniş əks-səda doğurmuş və qəzetin bu cəsarətli çıxışı elə ulu öndərimizin özü tərəfindən də razılıq hissi ilə qarşılanmışdı. Heydər Əliyev Ali Sovetin sədri seçilərkən bu xoş xəbəri ilk dəfə ölkə mətbuatı arasında oxuculara birinci olaraq "Şəkinin səsi" qəzeti özünün 15 iyul 1993-cü il tarixli sayında çatdırılmışdı.

     Doğrudan da, həqiqət bunda idi ki, Heydər Əliyevi sevməmək, ona hörmət etməmək mümkün deyildi, çünki onun şəxsində insanlıq təmsil olunurdu. İnsanlar işığa can atan kimi, Heydər müəllimə də can atırdılar, o isə özünü, həyatını xalqsız təsəvvür edə bilmirdi: xalqla, adi zəhmət adamları ilə bağlılıq onu ruhlandırır, fəaliyyətə sövq edir, onun həyatının qayəsini və mənasına təşkil edirdi. Onun siyasi karyerası həmişə xalqla, insanlarla bağlı idi. Yalnız Qorbaçovun hakimiyyəti illərində onu ictimaiyyətdən təcrid edib xəstəxana çarpayısına - əslində isə ev dustağına çevirmişdilər.

     Bir siyasi xadim kimi, Heydər Əliyevin dövlətçilik yolu 1969-cu ilin yay günlərindən başlamışdı. Bu yolun başlanğıcında Azərbaycan KP MK-nın 1969-cu il iyul və avqust plenumları dururdu. Məhz həmin plenumlardan sonra respublikaya Heydər Əliyev rəhbərlik etməyə başladı. Sovet totalitarizminin durğunluğu dövründə Heydər Əliyevin siyasət aləmində peyda olması sanki "partlayışabənzər" hadisəyə çevrilmiş, bütün cəmiyyəti silkələmişdi. Hər yerlə - həm Azərbaycanda, həm də İttifaqda hamı ondan danışırdı. Həm dostları, həm də düşmənləri Heydər Əliyev məntiqinin gücü qarşısında düşünməyə vadar olmuşdular. Konkret həyat yaradıcılığından çıxış edən Heydər Əliyevin sübut və nəticələrinin dəqiqliyi, problemləri təhlil etmək və düzgün qiymətləndirmək bacarığı, həyat həqiqətlərinə yanaşma və onlara qiymət vermək istedadı, ədalət meyarları təsdiq edirdi ki, sovet üfüqlərində yeni kəhkəşan doğulmaqdadır.

     Heydər Əliyev qəzəbli Prometey kimi rast gəldiyi çətinlikləri, yolunun üzərindəki bütün maneələri aradan qaldırdı: mühafizəkarlıq, tamahkarlıq, koorupsiya, bürokratizm, himayəçilik və s. onun başlıca düşmənləri idi. Həmin illərdə onun bütün siyasi fəaliyyəti insanlarda özünə, ədalətə, oyanışa inam yaratmaqdan ibarət idi. O, bunu addım-addım, günbəgün edirdi. İnsanlar da Heydər Əliyevin fədakar əməyinə eyni fədakarlıq və səmimiyyətlə cavab verirdilər. Məhz liderlə xalqın bir-birini başa düşməsi, üzvü şəkildə qovuşması Azərbaycana imkan verdi ki, bu yurd-yuva dirçəlsin və çiçəklənsin.

     Öz siyasi baxışları və kredosu olan Heydər Əliyev standart qəliblərə, ölçüyə sığmayan şəxsiyyət idi. Məhz onunu hakimiyyəti illərində respublikamız sözün həqiqi mənasında ziyarətgaha çevrildi, dünyanın hər yerindən adlı-sanlı insanları qəbul etdi və yola saldı. Məhz bunun nəticəsi idi ki, dünyanın hər yerində respublikamız və və onun rəhbəri Heydər Əliyev haqqında böyük hörmətlə danışırdılar.

     Şəxsi keyfiyyətləri Heydər Əliyevi daim diqqət mərkəzində saxlayırdı. Təsadüfi deyildi ki, ətrafındakılar onun cazibə dairəsindən çıxa bilmirdilər. Məhz bunun nəticəsində o, SSRİ rəhbərləri içərisində birinci yerə çıxa bilmişdi, Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə yüksəlmişdi. Onun nadir istedada malik şəxsiyyət olması - bu vəzifələrdə də özünü bariz şəkildə göstərmişdir. M. Qorbaçovun Siyasi Bürodan uzaqlaşdırdığı ilk adam da Heydər müəllim oldu. Yeni Azərbaycan Partiyasının 1-ci qurultayındakı çıxışında Heydər Əliyev qeyd etdi ki, "Mən müstəqil Azərbaycanın rəhbəri olmağı dünyada heç nəyə dəyişmərəm".   

     Heydər Əliyev Sov. İKP MK-nın iştirak etdiyi son plenumda baş katibin üzünə: "Heydər Əliyevə nöqtə qoymağa tələsməyin. Mən hələ öz sözümü deməmişəm. Siz hələ mənim haqqımda eşidəcəksiniz" demişdi. Bu sözlərdən sonra zal sükuta qərq olmuş, M. Qorbaçov isə özünü itirmişdi. Sov.İKP tarixində heç kim baş katiblə belə tərzdə danışmağa cəsarət etməmişdi. M. Qorbaçov özünə gəlib çıxışını davam etdirdiyi zaman Heydər Əliyev qürurla Sov. İKP MK plenumunu tərk etmişdi…

     Beləliklə Heydər Əliyev ikinci dəfə - son dərəcə çətin və xalqın müqəddəratı həll olunduğu bir zamanda Azərbaycana rəhbərliyi öz üzərinə götürdü. H. Əliyev günbəgün ölkənin qarşılaşdığı problemlərin mahiyyətinə vardı. Bu dövrdə respublikamızdakı vəziyyət və onun ətrafında cərəyan edən hadisələr haqqında çox yazılmışdı, çox deyilmişdi. Amma, hər şeyi təhlil etmək lazım idi ki, milli tariximizdə baş vermiş xoşagəlməz hadisələr bir daha təkrar edilməsin.

     H.Əliyev rəhbərlik sükanı arxasına keçdiyi zaman ölkənin bərpa edilməsi üçün qarşıda hansı çətinliklər durduğunu dərindən bilirdi və bu "ağır" mübarizəyə hazır idi. İlk növbədə bir neçə birinci dərəcəli vəzifələri həll etdi: başlanmaqda olan vətəndaş müharibəsinin qarşısını aldı, xarici təcavüzü dayandırdı, inflyasiyanın qarşısını aldı, iqtisadiyyatın sabitləşdirilməsini təmin etdi, dövlətin beynəlxalq aləmdə tanınmasına nail oldu, ölkə haqqında həqiqətləri bütün dünya ictimaiyyətinə çatdırdı.

     Bu kiçik yazıda Heydər Əliyevin ölkəyə rəhbərliyinin bütün dövrünü araşdırmaq, təhlil etmək mümkün deyildir. Bircə onu demək kifayətdir ki, 1993-cü ilin hərc-mərcliklə dolu yay günlərində baş verənlərin aradan qaldırılmasını öz üzərinə götürmək böyük cəsarət və mərdlik tələb edirdi. Bunu isə xalqın, Vətənin gələcəyi naminə özünü "oda atan" Heydər Əliyev kimi böyük bir şəxsiyyət edə bilərdi. Həmin dövrün xarakterizə edən başlıca amillərdən birinə nəzər salaq: "Gənc Azərbaycan Respublikası ya məhv olmalı, ya da nicat tapmalı idi". Heydər Əliyevin başçılıq etdiyi xalq və dövlət ikinci yola istiqamət götürdü – çünki Azərbaycanın nicat yolu yalnız bunda idi.

     Yaranmış dəhşətli vəziyyətin mürəkkəbliyini aydın təsəvvür edən Heydər Əliyev hakimiyyətə gəlməyə də bilərdi, Naxçıvanda oturub hadisələri kənardan seyr edə də bilərdi. Lakin onda o, Heydər Əliyev olmazdı. Çünki Heydər Əliyev böhranlı anlarda həmişə öz xalqı ilə birlikdə olmuşdu. Digər tərəfdən, həmin dövrdə hakimiyyətin məsuliyyətini öz üzərinə götürmək sözün həqiqi mənasında qəhrəmanlıq idi.       

          “ŞƏKİNİN SƏSİ” – “İPƏKÇİ” 

                   (Ardı var) 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SƏRƏNCAMI İLƏ MÜBARİZ CUMA OĞLU ƏHMƏDZADƏ QAX RAYON İCRA HAKİMİYYƏTİNİN  BAŞÇISI TƏYİN EDİLMİŞDİR

      Mübariz Cuma oğlu Əhmədzadə 1947-ci ildə Qax rayonunda anadan olmuşdur. Orta məktəbi 1965-ci ildə bitirdikdən sonra Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur, həmin institutun mexanika şöbəsini fərqlənmə diplomu ilə başa vurmuşdur. İlk əmək fəaliyyətinə Zaqatala rayonunda başlamış, az müddətdə öz bacarığı, təşkilatçılıq qabiliyyəti ilə seçilmiş, fərqlənmiş, hamının dərin hörmətini və rəğbətini qazanmışdır. Və rəhbər vəzifələrə irəli çəkilmişdir. 1958-ci ildən Qax avtobazasının direktoru işləməyə başlamış, bundan sonra "Qax-sərnişin" Açıq Tipli Cəmiyyətin sədri kimi səmərəli fəaliyyət göstərmişdir.

     "Şəkinin səsi" qəzeti redaksiya heyətinin üzvüdür.

     Ailəlidir. Beş övladı və beş nəvəsi var.

     Arzu ABDULHƏMİDOV

 

ADİL SABİR OĞLU MUSTAFAYEVŞƏKİ QAZ-İSTİSMAR İDARƏSİNİNRƏİSİ TƏYİN EDİLMİŞDİR

     Adil Sabir oğlu Mustafayev 1951-ci ildə Şəki şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Neft və Kimya Akademiyasında mühəndislik ixtisasına yiyələnmişdir. İlk əmək fəaliyyətinə 1973-cü ildə Xəzər dənizində - əfsanəvi "Neft daşları"nda neft-qaz çıxarma operatoru kimi başlamışdır.

     Bakı şəhərində qaz təsərrüfatının müxtəlif sahələrində mühəndis, baş mühəndis, idarə rəisi, trestin baş texnoloqu, Bakıda baş idarə rəisinin müavini işləmişdir. Respublika ərazisində yüksək təzyiqli magistral qaz kəmərlərinin tikintisində çalışmış, bir sıra rayon, şəhər mərkəzlərinin, kənd və qəsəbələrin qazlaşdırılmasında əməyi olmuşdur. 1989 –1997-ci illər ərzində Şəki 8 saylı qaz tikinti idarəsində rəis işləmişdir.

     Sonralar Beynəlxalq Qərb–İxrac, Bakı–Subsa neft kəmərlərinin tikintisində, "Azəri", "Çıraq", "Günəşli", "Şahdəniz" yataqlarının dərinliyində neft-qaz çıxarılması layihələri ilə əlaqədar modul, platforma, dayaq blokları və paykalar hazırlanması prosesində fəaliyyət göstərmişdir.

     Evlidir. Üç övladı var.  

     "ŞƏKİNİN SƏSİ"

 

Qəzet çapa imzalanarkən... 

DAHA BİR TƏBRİK

    Hörmətli Salis Müəllim!

   "Tour-İnvest" şirkəti Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Müqəddəs Qurban bayramı və Yeni 2008-ci ilin gəlişimünasibəti ilə təbrik edir, Sizə uzun ömür. möhkəm can sağlığı və yeni-yeni nailiyyətlər arzu edir.

Səmimimiyyətlə:  Cavanşir Feyziyev