ŞƏKİDƏ “ƏN YAXŞI ÜMUMTƏHSİL MƏKTƏBİ” MÜSABİQƏSİNDƏ QALİB GƏLMİŞ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

Tədbirdə Mingəçevir şəhərini, Balakən, Zaqatala, Qax və İsmayıllı rayonlarını təmsil edən 8 ümumtəhsil məktəbinin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Zərinə Cavadova açaraq, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin yekunları ilə bağlı TQDK-nın regionlarda təşkil etdiyi belə görüşlərin əhəmiyyətini xüsusi qeyd etmiş, qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Görüşdə TQDK-nın sədri Məleykə Abbaszadə ali məktəblərə bu il keçirilən qəbul imtahanlarının ilkin nəticələri barədə məlumat vermiş, tədbirdə iştirak edən və müsabiqənin qalibi adına layiq görülmüş məktəblərin məzunlarının göstərdikləri nəticələrin statistik və elmi təhlilini aparmışdır. Xüsusi vurğulanmışdır ki, qəbul imtahanlarında həmin məktəb məzunlarının göstərdikləri nəticələr orta ümumrespublika göstəricilərindən bir neçə dəfə yüksəkdir.
Görüşün sonunda müsabiqənin qalibi olmuş məktəb rəhbərlərinə TQDK tərəfindən hazırlanmış dərs və elektron test vəsaitləri hədiyyə edilmişdir. Eyni zamanda tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, bu təhsil müəssisələri bir il ərzində “Abituriyent” jurnalına pulsuz abunə yazılmaq imkanı əldə edirlər.
Mənbə: Şəki Şəhər İcra Hakimiyyəti
( http://sheki-ih.gov.az/news.php?extend.72 )